Dövlət Departamentindən ABŞ, Aİ və Rusiyanın Azərbaycanla bağlı gizli görüşünə münasibət
5-10-2023, 15:57

Növbəti brifinqində ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Qaynarinfo xəbər verir ki, Pateldən sentyabrın 17-də İstanbulda ABŞ, Avropa İttifaqı və Rusiya arasında Azərbaycan ətrafında aparılmış gizli danışıqlara münasibət bildirməsi xahiş olunub.
"Əvvəla, bunun gizli görüş olduğunu deməzdim. Biz regiondakı maraqlı tərəflərlə kifayət qədər müntəzəm olaraq qarşılıqlı əlaqə saxlayırıq və sentyabrın 17-də İstanbulda keçirilən görüş təcili humanitar məsələlərin həlli və Qarabağ sakinlərinə potensial yardımın göstərilməsi məqsədilə təşkil edilib. Bu görüş məhz buna həsr edilmişdi. Lakin ümumilikdə, Birləşmiş Ştatlar hələ də vəziyyətə dərindən qarışıb və biz tərəflərə Cənubi Qafqazda davamlı sülhə nail olmaqda kömək etməyə sadiqik. Bu görüş işçi səviyyəsində baş tutub. Artıq qeyd etdiklərimdən kənarda təfərrüata varmaq fikrində deyiləm və onu genişləndirmək və ya fərqli bir şey kimi şərh etməzdim.
Ümumiyyətlə, Qarabağdakı vəziyyət bizi dərin narahat etməkdə davam edir. Konkret bir məqamın üzərində dayanmaq istəməzdim. Amma biz təbii ki, son hərbi əməliyyatlardan sonra yaranmış vəziyyətdən narahatıq, nəticədə etnik ermənilərin böyük bir hissəsi Qarabağı tərk edərək Ermənistana gedib və biz vəziyyəti diqqətlə izləyirik. Təbii ki, biz humanitar nəticələrə ciddi diqqət yetirməyə davam edirik. Ona görə də bu görüş keçirilib”, - Patel bildirib.
Azərbaycan prezidenti İlham Əliyevin Qranadaya getməkdən imtina etməsi ilə bağlı suala Patel belə cavab verib:
"Biz bilirik ki, prezident Əliyev Qranadada planlaşdırılan görüşdə iştirak etməyəcək. Və biz ardıcıl olaraq bəyan edirik ki, bu çoxillik münaqişənin həlli üçün Ermənistan və Azərbaycan arasında dialoq lazımdır. Dövlət katibi və buradakı digər şəxslər bu məsələ ilə fəal məşğul olmaqda davam edirlər və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.