Rusiya Cənubi Qafqazdan çıxır, yoxsa bu, Kremlin manipulyasiyasıdır?..

11-12-2023, 10:20           
Rusiya Cənubi Qafqazdan çıxır, yoxsa bu, Kremlin manipulyasiyasıdır?..
Bu günlərdə Avrasiya İqtisadi İttifaqının İnkişaf Problemlərinin Öyrənilməsi İnstitutunun direktoru, rusiyalı politoloq Vladimir Lepexin erməni mediasına müsahibəsində deyib ki, “Azərbaycan, Ermənistan və ABŞ öz bonuslarını alır, Rusiya isə Cənubi Qafqazdan gedir”... Görəsən, bu, reallığa uyğun fikirdirmi, yoxsa, sadəcə, Kremlin növbəti manipulyasiyasıdır?..

Beynəlxalq məsələlər üzrə tədqiqatçı alim Elxan Mehdiyev Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib:

“Mən burada “Rusiya Cənubi Qafgazdan gedir” demək əvəzinə, “Rusiya bu regionda aparıcı qüvvə olmaq və ya ən doğrusu, həlledici qüvvə olmaq statusundan çıxır” deyərdim. Nəyə görə? Çünki Rusiyanın burada ağırlıqlı olaraq varlığı Qarabağla bağlı idi. Hər iki respublikanı, yəni həm Azərbaycan, həm də Ermənistanı Qarabağla özünə bağlamışdı. Həmin durumda Azərbaycan öz torpaqlarını azad etmək, Ermənistan isə tutduğu torpaqların işğalını leqallaşdırmaq üçün Rusiyanın həlledici rolunu qəbul edirdi. Və Ermənistan tamamilə, Azərbaycan isə qismən öz siyasətini bu amil üzərində qururdu. Azərbaycan öz torpaqlarını azad etdikdən və Ermənistan işğal etdiyi torpaqları itirdikdən sonra Moskvanın əvvəlki rolu da ortadan qalxdı. Ermənistanın 35 il Rusiyaya arxalanaraq apardığı mübarizə yekunda sıfır nəticə ilə bitibsə, o zaman həmin ölkənin Rusiya ilə əvvəlki münasibətlərini davam etdirməsi də mümkün deyil. Digər tərəfdən, hakimiyyətdə də Rusiyaya rəğbəti olan qüvvələr deyil. Paşinyan iqtidarı artıq Rusiyadan asılı olmayan müstəqil siyasət apararaq bütün dövlətlərlə münasibətlər qurmaq əzmindədir. Təbii ki, burada tarixi və mədəni münasibətlər başqa ölkələrdən fərqli olaraq Rusiya ilə daha yaxın ola bilər...

Azərbaycan isə şimal qonşusu ilə həmişə məsafə saxlayıb və indiki tarixi dönəmdə regionda çox sayda maraqları Rusiya ilə üst üstə düşür. Düşünürəm ki, bizim münasibətlər asılılıq siyasəti yox, daha çox tərəfdaşlıq siyasətidir. Buna görə də Lepexinin dedikləri ilə çox mənada razıyam: Rusiyanın bölgədə rolu azalır və daha çox tərəfdaş münasibətlərinə çevrilir. Amma burada Ukrayna savaşının nəticələri həlledici rol oynayacaq. O ki qaldı, Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq əsirləri buraxılması məsələsinə, mən burada Lepexinlə razı deyiləm və bu mübadiləni heç də ABŞ Dövlət Katibinin köməkçisi Ceyms Obraynın Bakıya səfəri ilə bağlamıram”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.