İrəvanın ilk etirafı: - Paşinyana nə qədər inanmaq olar?

12-12-2023, 18:46           
İrəvanın ilk etirafı: - Paşinyana nə qədər inanmaq olar?
““Artsax Respublikası”nın ləğvi prosesi qaçılmaz idi. 2016-cı ilin avqustunda danışıqlar prosesində baş verən substantiv dəyişikliklər nəticəsində bu prosesi qaçılmaz oldu”.

“Vətəndaş Müqaviləsi Partiyasının təşəbbüs qrupunun İcevanda keçirilən iclasında partiyanın İdarə Heyətinin sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan belə deyib.

“Bizə miras qalan danışıqlar vəziyyətində irəliyə doğru qaçılmaz yol təkcə ərazilərin verilməsi və s. deyil, həm də “Dağlıq Qarabağ”da yaradılmış “dövlət” nizamının ləğvi idi. Bu barədə birinci dəfə istintaq komissiyasında çıxışım zamanı çox diqqətlə danışdım, ikinci dəfə daha açıq danışdım, bu yaxınlarda vətəndaşların suallarını cavablandırdım. İndi, Dağlıq Qarabağdakı hadisələrdən sonra daha sərbəst danışa bilirəm”, - Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, bu mövzu müzakirə olunmayıb:

“Çünki müzakirə olunsaydı, xalqa 30 il ərzində resursların mənasız şəkildə ilkin olaraq həll olunmayan problemə sərf edildiyini söyləmək lazım gələcəkdi. Bu, niyə əvvəlcə bir sıra səbəblərə görə həllolunmaz oldu? Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələrinə görə. İndi bizi çox ittiham edirlər, deyirlər ki, əvvəldən Qarabağın öz müqəddəratını təyinetmə məsələsi ilə məşğul olacağımızı deyirdik, amma bunu etmədik.

Bütün problem ondadır ki, biz öz müqəddəratını təyinetmə hüququnun nə olduğunu anlamağa çalışdıq və 6 dekabr 1996-cı ildə Lissabon sammitində bizə dedilər ki, öz müqəddəratını təyinetmə hüququnun ən yüksək təzahürü Azərbaycan dövləti daxilində muxtar status ola bilər”.

Paşinyan bu məntiqlə getdiklərini deyib:

“Bizim günahımız və ən böyük səhvimiz odur ki, 44 günlük müharibədən sonra xalqımızla bu mövzularda danışmağa başladıq. Digər tərəfdən, həmin söhbətin psixoloji və emosional qeyri-mümkünlüyü ilə üzləşdik, bu barədə öz-özümə danışa bilmədim və bunda günahkaram”.

Bəzi qüvvələr Ermənistan Respublikasında dövlətin yaradılmasının qarşısını almaq üçün Dağlıq Qarabağ problemindən istifadə ediblər. Nikol Paşinyan əlavə edib ki, hər şey həll olunmayan Qarabağ probleminin həllinə yönəlib.

Qeyd edək ki, ilk dəfə Ermənistan rəhbərliyi səviyyəsində Qarabağdakı qondarma rejimin ləğvinin qaçılmaz olduğu etiraf edilir. İndiyə qədər Qarabağ məsələsinin Ermənistanın xeyrinə həllinin olmadığını Levon Ter-Petrosyandan sonra heç bir dövlət başçısı dilə gətirməyib. Bu baxımdan, Paşinyanın belə açıqlama verməsi siyasi rezonans doğurub.

Politoloq Murad Sadəddinov “Cebhe.info”-ya deyib ki, Paşinyanın çıxışı səmimi deyil:

“Təəssüflər olsun ki, Paşinyanın çıxışları səmimiyyətdən uzaq etiraflardır. Bunun səbəbi həqiqəti erməni xalqına çatdırmaq deyil. Sadəcə olaraq, Paşinyan reallığı başa düşüb və üzləşdiyi vəziyyəti erməni xalqına özündən əvvəlki liderlərin günahı ucbatından baş vermiş hadisənin nəticəsi kimi izah etməyə çalışır.

Əgər Paşinyan doğrudan da belə düşünsəydi, hakimiyyətə gəldikdən sonra Azərbaycanın təkliflərini qəbul edərdi. Lakin o, tam əks mövqe tutaraq özündən əvvəlki hakimiyyətlərdən də qatı millətçi bəyanatlar verdi və fəaliyyət göstərdi. Unutmaq olmaz ki, Şuşa şəhərində “Qarabağ Ermənistandır” deyən və bununla da ATƏT-in Minsk Qrupu çərçivəsində gedən danışıqlara xitam verən məhz Paşinyan olub.

Belə ifadələri hətta daşnaklar, Köçəryan, Sarkisyan da işlətməmişdi. Amma bu gün Paşinyan başa düşür ki, Ermənistan müharibəni uduzub, ona dəstək verən beynəlxalq güclər də Azərbaycana təsir göstərə bilmir. Ona görə də Paşinyan bu uğursuzluğun günahını özündən əvvəlki hakimiyyətlərin üstünə atmağa çalışır”.

Qeyd edək ki, bir sıra siyasi müşahidəçilər Paşinyanın açıqlamasını Ermənistan cəmiyyətində ictimai rəyin dəyişməsi ilə əsaslandırır. Yəni qatı mühafizəkar mövqeyə malik erməni xalqı 44 günlük müharibədə məğlub olduqdan və Azərbaycanın bu il keçirdiyi antiterror əməliyyatından sonra regionda yeni geosiyasi reallığın yaranması ilə fikrini dəyişib. Ona görə də Paşinyan daha açıq şəkildə danışa bilir.

Murad Sadəddinovun sözlərinə görə, erməni cəmiyyəti məcburiyyət qarşısında güzəştli mövqe nümayiş etdirir. Ancaq ermənilərə inanmaq olmaz:

“44 günlük müharibədən sonra erməni xalqı Paşinyanın siyasətinə etiraz edir, küçələrə çıxır, mitinqlər keçirirdi. Ancaq Paaşinyan da onlara qarşı sərt tədbirlər gördü, xeyli sayda aksiya iştirakçısını, müxalifət fəallarını həbs etdirdi. Həbs olunanlar arasında eks-prezident Robert Köçəryanın oğlu da var idi.

Nəticədə erməni cəmiyyətinin, revanşist qüvvələrin fəallığı azaldı. Amma heç vaxt unutmaq olmaz ki, ermənilər Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik münasibətini imkan yaranan kimi yenə davam etdirəcəklər. Çünki biz bunu tarix boyu görmüşük. Ermənilər Azərbaycan torpaqlarında yaşadıqları 200 il ərzində daim bu əməllərini təkrar ediblər. Bu gün isə ermənilər çarəsizlikdən Azərbaycanın şərtlərini qəbul edirlər. Lakin imkan yaranarsa, onlar köhnə siyasətlərini təkrar edəcəklər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.