Hansı partiya Prezident seçkilərinə gedir, kimin namizədi kimdir?

13-12-2023, 11:58           
Hansı partiya Prezident seçkilərinə gedir, kimin namizədi kimdir?
Dekabrın 9-dan Azərbaycanda növbədənkənar Prezident seçkiləri start götürüb. Seçkilər fevralın 7-nə təyin edilib.Ölkədə fəaliyyət göstərən siyasi partiyalardan, hələlik, yalnız hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərdə iştirak edəcəyini və namizədinin adını açıqlayıb. Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, yaxın günlərdə partiyanın İdarə Heyətinin iclası olacaq və prezidentliyə namizəd həmin iclasda irəli sürüləcək.

O qeyd edib ki, artıq prezidentliyə namizəd bəllidir və bu partiyanın sədri, Prezident İlham Əliyevdir.İlham Əliyev 2003-cü ildən Azərbaycan Prezidentidir.Bu onun Prezidentliyə namizəd kimi artıq 5-ci seçkiləridir.
Müxalif partiyalar isə, hələlik, seçkilərdə iştirakı ilə bağlı qərar vermədiklərini deyir. Onlar tərəddüdlərini ölkədəki çətin durumla əlaqələndirirlər.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Seymur Həzi AzadlıqRadiosuna bildirib ki, partiyanın seçki prosesində iştirakı ilə bağlı qərarı şənbə günü, dekabrın 16-da baş tutacaq qurultay verəcək: “Qurultayda bu məsələ müzakirəyə çıxarılacaq və biz prosesə münasibəti qurultayın qərarı ilə bildirəcəyik”.

S.Həzi qeyd edib ki, ilkin şərtlərə baxanda vəziyyət əvvəlki seçkilərdən daha ağırdır: “Çünki seçki təyin olunmamışdan bir neçə gün qabaq ölkənin aparıcı media nümayəndələri, vətəndaş cəmiyyətin təmsilçiləri və eyni zamanda partiya fəalları həbs olunublar. Ölkədə 200-dən artıq siyasi məhbus var”.
AXCP bundan əvvəl 2018-ci ildə keçirilən növbədənkənar (6 ay önə çəkilmişdi) Prezident seçkilərini baykot etmişdi. Onda bu partiyadan azad və ədalətli seçkilər üçün şəraitin olmadığı açıqlanmışdı.

Müsavat Partiyasının başqanı Arif Hacılı da bildirib ki, indiki şəraitdə seçkilərdə iştirakla bağlı müəyyən suallar var: “Müsavat Partiyasının, hələlik, qərar verməməsi və konsultasiyaların davam etməsi bununla əlaqədardır. Müzakirələrimiz davam edir, eyni zamanda biz cəmiyyətin fikirlərini öyrənməyə çalışırıq, sorğular keçiririk”.

Onun sözlərinə görə, bu sorğunun nəticələri, partiyadakı məsələhətləşmələr və hakimiyyətin bu müddət ərzindəki davranışları partiyanın qərar qəbul etməyində böyük rol oynayacaq: “Sənədlərin təhvil verilməsi üçün yanvarın 8-ə kimi vaxt var. Əgər Müsavat Partiyası seçkilərdə iştirak barədə qərar qəbul etsə, təxminən 7-10 gün ərzində biz lazım olan imzaları toplayıb Mərkəzi Seçki Komissiyasına təhvil verə biləcəyik”.
Müxalifətdə olan Respublikaçı Alternativ Partiyasında da bu seçkilərlə bağlı məsləhətləşmələrin davam etdiyi açıqlanıb.

Yeni Azərbaycan Partiyasının Nəzarət-təftiş komissiyasının üzvü, deputat Elman Nəsirov isə Turana deməsinə görə, hakim partiya Prezident İlham Əliyevin namizədliyini verəcək: “Cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının vahid namizədi olaraq bu seçkilərdə iştirak edəcəyi birmənalıdır”.

YAP rəsmisinin fikrincə, müxalif partiyaların davranışları və verdiyi bəyanatları göstərir ki, onlar seçki prosesinə qatılmaqdan çəkinirlər: “İndi Azərbaycan Prezidentinin reytinqi ən yüksək səviyyədədir. Azərbaycan xalqı cənab İlham Əliyevə öz xilaskarı, torpaqları işğaldan azad edən müzəffər Prezidenti kimi baxır. Bu reallıqda müxalifətin bu davranışlarını başa düşmək olar. Onlar fərqindədir ki, Azərbaycan Prezidentinə ümumxalq məhəbbət var. Belə olan vəziyyətdə İlham Əliyevə rəqib olmaq həddindən artıq çox çətindir”.

E.Nəsirovun sözlərinə görə, hətta beynəlxalq təşkilatların proqnozlarına görə, keçiriləcək seçkilərdə İlham Əliyevin hətta 90 faiz səsləri yığacaq: “Belə vəziyyətdə müxalifət seçkilərə gedib biabırçı məğlubiyyətə düçar olmamaq üçün ənənəvi taktika seçiblər, seçkilərin qeyri-demokratik keçdiyindən danışırlar, hakimiyyəti qeyri-obyektivlikdə günahlandırırlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.