Rusiya sülhməramlılarının səlahiyyət müddəti 5 il daha uzadıla bilər? - AÇIQLAMA

14-12-2023, 16:16           
Rusiya sülhməramlılarının səlahiyyət müddəti 5 il daha uzadıla bilər? - AÇIQLAMA
"2023-cü ilin bitməsinə sayılı günlər qalır. Cəmiyyətimizi maraqlandıran mövzulardan biri də Rusiya sülhməramlıları ilə bağlıdır. Başlıca sual odur ki, rus sülhməramlıları niyə hələ Azərbaycandadır?”.
Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Turan Rzayev deyib.
Siyasi şərhçi hesab edir ki, əslində, bu sualın verilməsi təbiidir:
"İkinci Qarabağ müharibəsi, habelə məhdud xarakterli lokal antiterror təbdirləri nəticəsində Qarabağ işğaldan azad edildi. Bu gün bütün Qarabağda Azərbaycan bayrağı dalğalanır. Bundan başqa, rəsmi Bakı qondarma qurumun cinayətkar “lider”lərini yaxalayaraq məsuliyyətə cəlb edib. Qarabağ ermənilərinin əksəriyyəti isə öz istəyi ilə Azərbaycanı tərk edib. Faktiki olaraq bu gün sülhməramlıların Azərbaycanda fəaliyyət göstərməsi üçün heç bir əsas yoxdur. 10 Noyabr bəyanatının bütün tələbləri Azərbaycanın birbaşa müdaxiləsi ilə yerinə yetirildi. Lakin bütün bunlar sülhməramlıların Azərbaycanı tərk etməsi üçün əsas deyil. Birincisi, sülhməramlıların ölkəmizdə qalma müddəti 10 Noyabr bəyanatı ilə 5 il olaraq təsdiqlənib. Həmin müddət hələ bitməyib. İkincisi, Azərbaycan bu günə qədər Rusiya sülhməramlılarının ölkəni tərk etməsi istiqamətində rəsmi müraciət etməyib. Üçüncüsü, hələ də Qarabağda müəyyən sayda erməni yaşayır. Bundan başqa, Ermənistana köçən bəzi ermənilərin Qarabağa qayıtmaq ehtimalları da var. Təbii ki, əlavə səbəblər də qeyd etmək olar. Lakin xüsusilə üçüncü məqam, yəni ermənilərin qayıtmaq ehtimalı Bakı üçün əlavə risklər yaradır. Rəsmi Bakı dəfələrlə ermənilərə geri qayıda biləcəklərini, vətəndaşlığı qəbul edəcəkləri təqdirdə Azərbaycanda yaşaya biləcəklərini elan edib. Etiraf edək ki, ermənilərin çoxu Qarabağa qayıtmaq istəmir. Buna rəğmən, Bakı haqlı olaraq Qərbi azərbaycanlılar kartını aktiv saxlayır. Yəni Qarabağ erməniləri geri qayıdacaqsa, Qərbi azərbaycanlılar da Ermənistana qayıtmalıdır".

Siyasi şərhçinin fikrincə, Bakı bununla bağlı Ermənistanın gələcəkdə ehtimal işğal, habelə separatçılıq cəhdlərini bloklamaq istəyir:
"Azərbaycanın niyyətini bilən İrəvan isə öz növbəsində Qərbi azərbaycanlıların Ermənistana qayıtmasına qarşıdır. Çünki ermənilərdən fərqli olaraq demoqrafik artıma meyilli olan Qərbi azərbaycanlılar rəsmi Bakının da sosial proqramları ilə qısa zamanda Ermənistanda ciddi bir say tərkibinə malik ola bilər. Azərbaycanı narahat edən əsas məqam isə şübhəsiz, Aİ və ABŞ-nin regiondakı fəaliyyətləridir. Xüsusilə Aİ Qarabağda beynəlxalq missiyanın olmasını istəyir. Bu isə rəsmi Bakı üçün qəbuledilməz məsələdir. Azərbaycan Aİ sülhməramlı missiyasındansa Rusiya sülhməramlılarının Qarabağda olmasını daha məqbul hesab edib. Hətta vəziyyətdən asılı olaraq Rusiya sülhməramlılarının səlahiyyət müddəti 5 il daha uzadıla bilər. Təbii ki, vəziyyətdən asılı olaraq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.