Real-politik, və ya REAL-ın siyasi hədəfləri.

18-12-2023, 08:08           
Real-politik, və ya REAL-ın siyasi hədəfləri.
Növbədənkənar prezident seçkiləri cəmiyyətdə fərqli məqamlarla müzakirə olunur. Əsas müzakirə mövzusu kimin qalib olacağı deyil də, nədən seçkilərin önə çəkilməsidir. Müxtəlif versiyalar olsa da, əsas məqamlardan biri odur ki, İlham Əliyevin Qarabağ zəfərindən sonra reytinqi çox yüksək səviyyədədir, belə məqamda seçkiyə getməklə “güvən yeniləməsi” istəyir. Digər məqam: çox insan deyir ki, indi ölkədə ən demokratik seçki keçirilsə belə İlham Əliyev seçkini udar – ola bilər, amma problem də odur ki, ölkədə demokratik ortam yoxdur. Söhbət tək həbslərdən, saxlanılanlardan getmir, zatən məmləkətdə 30 ildir dalğa-dalğa həbslər də, saxlanılanlar da olub – məsələ odur ki, iqtidar komandası ölkənin gələcəyi ilə bağlı diskurs açmaqda maraqlı deyil. Yəni, iqtidarın “vizionu” nədir, iqtisadi, sosial problemlərin həll yollarını necə görürlər?!
Azərbaycan xalqı Ali Baş Komandan kimi Əliyevin xidmətlərini bəyənir, görür və qiymətləndirir, yəni, 7 fevralda Ali Baş Komandan seçisi olsaydı, mən belə gedib səs verərdim. İlham Əliyevin Dövlət başçısı kimi də uğurları var – xarici siyasət, təhlükəsizlik, ordu quruculuğu, bütün bunlar Dövlət məsələləridir, burada da ciddi irəliləyişlər var. Amma bizim sərt vertikala söykənən idarəetmə sistemində Prezident həm də hökumət başçısıdır, Baş Nazir formal, hətta bu sistemdə yeri olmayan bir vəzifədir. Prezidentin hökumət başçısı kimi fəaliyyəti qənaətbəxş deyil, sosial-iqtisadi problemlər artır, ölkə iqtisadiyyatı böyümür, adambaşına düşən gəlir, demək olar ki, artmır.
Yəni, bu seçkilərdə iqtidar komandası iqtisadi-sosial probelmlərlə, “vizionla” bağlı diskurs açmaqda maraqlı olsaydı, heç olmasa bu məqama görə seçkilərdə öz namizədimizlə iştirak etmək məntiqli olardı. Belə istək-maraq görünmür, amma bu o demək deyil ki, seçkilərdən kənarda qalmaq lazımdır. Düşünürəm ki, hamını seçkilərə çağırmaq, istənilən namizədə səsvermək, və ya heç bir namizədə səs verməməklə vətəndaş mövqeyini bildirmək olar. Bundan başqa bizim əsas hədəfimiz Parlament seçkiləri olduğu üçün, məsələn, bu seçkilərdən müşahidəçilik institutunun inkişafı üçün də istifadə edə bilərik. Zatən REAL-ın Gənclər Birliyi müşahidəçilərin toplanması, treninqi üçün bəzi işlər görür, indi bu seçkilərdən də istifadə edərək ölkə boyu müşahidəçilərin iştirakına, onların təcrübə toplamasına nail olmaq olar və bu da seçkilərdə iştirakın bir formasıdır.
Parlament seçkiləri nədən önəmlidir – o seçkilərdə güclü nəticə göstərə bilsək ölkənin problemlərini institutsional həllidə vacib rol ala bilərik. İllərdir müxtəlif təkliflərlə çıxış etmişik, bunlardan ən vacibi hakimiyyət qollarının funksional fəaliyyətidir. Prezident Dövlət Başçısı, Ali Baş Komandan olmalı, ordu, təhlükəsizlik, xüsu-xidmət orqanları, xarici siyasət, regionalrın idarəedilməsində şəxsi nümayəndəlik institutu – bunlara birbaşa rəhbərlik etməli, hökumət isə parlamentdən çxııb sosial-iqtisadi problemlərin həllinə cavabdeh olmalıdır. İndi nazirlər çox rahat vəziyyətdədirlər, ona görə də, hər çıxışlarını “Cənab Prezident Sizin tapşırığınıza əsasən...”, cümləsi ilə başlayırlar, bu onlara məsuliyyətdən yayınmaq üçün fürsət, əsas yaradır. Belə olmaz, Parlamentin nüfuzu və səlahiyyəti artırılmalı, hökumətin Parlamentdəın çıxıb deputatlar qarşısında da hesabatlı olmalıdır. Bu zaman Prezidentin də hökuməti tənqid etmək, istefaya göndərmək, tərkibini dəyişmək üçün Parlamentə namizədlər göndərmək kimi imkanı olur, indiki sistemdə Prezidentin bəzən hökumətin işini tənqid etməsi qəribə təzad yaradır.
Məmləkətimiz qarşısındə indi ən önəmli vəzifə rifah dövlətinin yaradılmasıdır, sosial deyil ha, məhz rifah dövlətinin, bunun yolu isə idarəetmə sisteminin köklü islahatlarından keçir – başqa yol, sadəcə yoxdur. Bu sistemli islahatların aparılması üçün REAL əlini daşın altına qoymağa hazırdır, zatən təkliflər paketi, platforması, sənədləri olan yeganə partiya da məhz REAL-dır...
Natig Cəfərli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.