Toxunulmazlıq ləğv edildi, parlament qarışdı

21-12-2023, 19:58           
Toxunulmazlıq ləğv edildi, parlament qarışdı
Albaniyada müxalifət lideri Sali Berişanın toxunulmazlığı parlamentdə səsvermə yolu ilə götürülüb. Səsvermə hadisəli keçərkən deputatlar arasında dava düşüb.

Gununsesi.info xəbər verir ki, Albaniya parlamenti bu gün korrupsiya ittihamlarından sonra müxalifət lideri Sali Berişanın toxunulmazlığının ləğvi barədə qərar qəbul edib. Qeyd edilib ki, Berişanın bu qərardan sonra həbs olunacağı gözlənilirdi.

Oktyabr ayında prokurorlar ölkənin keçmiş prezidenti və baş naziri 79 yaşlı Berişanı 2005-2009-cu illərdə baş nazir olarkən dövlət torpaqlarının özəlləşdirilməsində qızının ərinə üstünlük vermək üçün öz nüfuzundan istifadə etməkdə ittiham ediblər.

İttihamları rədd edən Berişa 140 yerlik parlamentdə 75 hökumət deputatının səsverməsinin qanunsuz və siyasi motivli olduğunu bildirib.

Hazırda həbs və ya ev dustaqlığı ilə üzləşən Berişa deyib: “Bu qərar müxalifəti məhv etmək məqsədinə çatmayacaq, əksinə, müxalifəti indi ya da heç vaxt şüarı ilə hərəkətə keçirəcək”.

Berişanı dəstəkləyən deputatlar mavi tüstü bombaları ataraq və stulları üst-üstə yığaraq iclası pozublar. Bir çox tərəfdar da parlament binası qarşısında etiraz aksiyası keçirib.

Nümayişçilərlə polis arasında gərginlik yaranıb.

Berişa 1992-1997-ci illərdə prezident və 2005-2013-cü illərdə yoxsul cənub-qərb Balkan ölkəsində kommunizmin təlatümlü dağılmasından qısa müddət sonra baş nazir olub.

2021-ci ildə ABŞ Berişa və ailəsinin ölkəyə girişinə qadağa qoydu və Dövlət Departamenti Berişanı baş nazirliyi dövründə “korrupsiya aktlarında, o cümlədən səlahiyyətindən öz xeyrinə istifadə etməkdə və qohumlarını və siyasi müttəfiqlərini zənginləşdirməkdə” ittiham edib.

Berişa bu ittihamları rədd edib. Berişa hazırda Albaniyanın ən böyük müxalifət partiyası olan Demokrat Partiyasına rəhbərlik edir.

Gununsesi.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.