“Tramp Ukraynanın məğlubiyyətinə sevinəcək...” - “Putin ona uzunmüddətli stavka edib”

6-02-2024, 07:14           
“Tramp Ukraynanın məğlubiyyətinə sevinəcək...” -
ABŞ-də prezident seçkilərinə hələ bir neçə ay qalsa da, Donald Tramp artıq Amerikanın xarici siyasətinə öz mənfi təsirini göstərir.

“AzPolitika.info” xəbər verir ki, “Financial Times”-da dərc olunan məqalədə belə deyilir.

Qəzet yazır ki, məhz Trampın göstərişi ilə Konqresdəki respublikaçılar Ukraynaya hərbi yardımın qarşısını alırlar. ABŞ Senatı bu həftə yardım paketi ilə bağlı razılığa gələ bilsə də, Nümayəndələr Palatasındakı respublikaçılar tamamilə barışmaz mövqe tuturlar.Nəticədə, Ukraynaya hərbi yardımın qarşıdakı aylarda, hətta bu il ərzində Konqresdən keçəcəyi ehtimalı getdikcə azalır: “Belə bir qərarın nəticələri fəlakətli ola bilər. Ukrayna artıq sursat çatışmazlığından əziyyət çəkir - xüsusən də artilleriya mərmilərindən. Bu il bu problem daha da kəskinləşəcək və getdikcə daha təhlükəli nəticələrə gətirib çıxaracaq. Sursat çatışmazlığı artıq ukraynalılar arasında itkilərin sayının artmasına səbəb olub. Yeni sursat tədarükü ilə bağlı əminliyi omayan Ukrayna ordusu gələcək əməliyyatları planlaşdıra bilmir. Silah qıtlığı ukraynalıların könüllü olaraq hərbi xidmətə getmək istəyinə də təsir edir”.

Qəzet yazır ki, tək Avropanın köməyi Ukrayna üçün yetərli olmaya bilər: “Ukrayna üçün müsbət xəbərlərdən biri ötən həftə Aİ-nin Ukrayna hökumətinə 50 milyard avro məbləğində yeni maliyyə dəstəyi verəcəyinə dair əldə olunan razılaşmadır. Bununla belə, Avropa istehsal xətləri hələ amerikalıların buraxdığı sursat boşluğunu doldurmağa hazır deyil. Bu, ən azı 2025-ci ilə qədər çəkəcək və bu ilin ikinci yarısını Ukrayna üçün potensial olaraq çox təhlükəli edəcək.
Ətraflı

Ancaq bütün bunlar Trampın və onun partiyadakı tərəfdarlarının deyəsən vecinə də deyil. Bu, Trampın noyabrda Prezident Co Baydeni məğlub etmək şansını cüzi də olsa yaxşılaşdırsa, onlar Rusiyanın qələbəsi riskini gözə almağa hazırdırlar.

Respublikaçıların Ukraynaya yeni yardımı qəbul etmək istəməməsi qismən də bundan qaynaqlanır... Tramp Baydenin cənub sərhədindən Kabilə və Kiyevə qədər bütün xaos və uğursuzluqlara rəhbərlik etdiyi fikrini irəli sürmək istəyir. Əgər Ukraynanın azadlığı və Avropanın təhlükəsizliyi Trampın Ağ Evi geri almaq cəhdində girova çevrilərsə, keçmiş prezident buna belə getməyə hazır görünür. Hətta ola bilər ki, Tramp Ukraynanın məğlubiyyətinə sevinəcək - əgər bu, xüsusilə də prezident seçkiləri vaxtında baş verərsə. Çünki bu, Bayden administrasiyasının zəifliyi və uğursuzluğu ilə bağlı Trampın sevimli iddialarını təsdiqləyəcək”.

Yazıda Putinin Trampa olan dəstəyinə də toxunulur: “Rusiya məktəb dərsliklərində Trampın 2020-ci il ABŞ prezident seçkilərində qələbəsinin oğurlanması ilə bağlı sevimli nəzəriyyəsini dəstəklənir. Putin Trampa uzunmüddətli stavka edib. Konqres son anda fikrini dəyişməsə, bu stavka Ukraynadakı döyüş meydanlarında nəhayət öz bəhrəsini verə bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.