Azərbaycanda “Saakaşvili inqilabı”: Sistem müxalifəti sistemə qarşı
29-08-2016, 08:42
Əli İnsanov, Fərhad Əliyev, Hüseyn Abdullayev, AMAY Abdulla, Səfər Əbiyev, Eldar Sabiroğlu, Cahangir Hacıyev, Eldar Mahmudov, Akif Çovdarov, Əli Abbasov, Elnur Aslanov, Ceyhun Osmanlı, Füzuli Ələkbərov, Gültəkin Hacıbəyli, Rüstəm İbrahimbəyov, Abbas Abbasov və s. kimi kifayət qədər nüfuzlu, qüdrətli kadrlar sistemin içindən çıxan yeni müxalifət ola bilərdi, amma…
Hakimiyyət ənənəvi müxalifəti ofsayd vəziyyətində saxlayıb. Ölkədə gedən siyasi proseslərdə oyundankənar duruma düşən partiyaların nə təsiretmə imkanı var, nə iqtidarı islahatlara sövqetmə. Əksinə, hökumətin sərt və repressiv siyasəti ilbəil güclənir, qanunlar dəyişdirilir, verilən qərarlarda müxalifətin fikri öyrənilmir.
İslamçılar və sivillər ofsaydda
Artıq seçkilərdə də müxalifətin hakimiyyəti geri addım atmağa təhrik etmək üçün resursları qalmayıb. Gerçəklik ondan ibarətdir ki, 1990-cı illərdən bəri başlanan siyasi mübarizə hakimiyyətin qələbəsi ilə yekunlaşıb. Dinc mübarizə tərəfdarı olan AXCP, Müsavat və digər təşkilatların yerini radikal, təriqətçi qüvvələr əvəzləməyə başlayıb. Hətta hakimiyyətə qarşı ən güclü müxalifətin islamçılar olduğunu söyləmək olar.
Sivil müxalifəti mübarizədən ən sərt üsullarla uzaqlaşdıran hakimiyyətin qarşısında radikal təriqətçiləri görmək mümkündür. Ancaq onların da sıradan çıxarılması prosesi gedir və həbslərlə bu qüvvələrin zəiflədilməsi hədəflənib.
Bu halda hakimiyyətin önünə yeni model müxalifət çıxa bilərdi. Dünya siyasi təcrübəsinə görə, xalq hakimiyyəti seçki və ya inqilab yolu ilə dəyişə bilmirsə, meydana saraydaxili çəkişmələr çıxır.
“Saakaşvili inqilabı”
Yəni, sistemin içindən dağıtmaq üçün narazı burjua, daxili intriqalarda təcrid olunmuş, küsdürülmüş, vəzifəsini itirmiş məmurlar sarayın süqutu üçün çırmanır. Buna “narıncı inqilab” da demək olar.
Necə ki Gürcüstanda Şevarnadzenin tələbəsi olan Saakaşvili öz komandasını iqtidarın daxilinə yerləşdirib, sonra iqtidarı ələ keçirdi. Bu modelin Azərbaycanda tətbiqi nəzəri olaraq mümkün idi.
Sistemin içindən çıxan qüvvələrin instiktiv olaraq həmrəyliyi hakimiyyətə qarşı açılmış yeni cəbhə sayılacaqdı.
Dinc müxalifət və radikal islamçı təşkilatlardan fərqli olaraq, onlar illərlə hakimiyyətin saxlanmasına xidmət edib, korrupsiya ilə məşğul olub, idarəetmə təcrübəsi var, sistemi daha gözəl tanıyır.
Sabiqlərin “yürüşü” – siyahı
Bu qüvvələr kimlər ola bilərdi? Çox uzaq siyasi keçmişə getmədən onlarla ad sadalamaq olar ki, onların hakimiyyətdən incikliyi və narazılığı, əllərindəki resurslar yeni müxalifətin yaranmasına gətirib çıxara bilərdi: Əli İnsanov, Fərhad Əliyev, Hüseyn Abdullayev, AMAY Abdulla, Səfər Əbiyev, Eldar Sabiroğlu, Cahangir Hacıyev, Eldar Mahmudov, Akif Çovdarov, Əli Abbasov, Elnur Aslanov, Ceyhun Osmanlı, Füzuli Ələkbərov, Gültəkin Hacıbəyli, Rüstəm İbrahimbəyov, Abbas Abbasov və s. kimi kifayət qədər nüfuzlu, qüdrətli kadrlar sistemin içindən çıxan yeni müxalifət ola bilərdi. 2013-cü il prezident seçkilərində İbrahimbəyovla Abbasovun fəallığını qeyd etmək olar. Amma bu müxalifətçilik də AXCP-Müsavatın çiyinlərində idi. Yəni, onların öz elektoratı yox idi. Yeni platforma isə Xalq hərəkatından gələn siyasətçilərdən təşkil olunmamış, cəbhəçilərin iştirak etmədiyi, yalnız hakimiyyətə xidmət etmiş qüvvələrdən ibarət mümkün idi. Və dərhal ritorik sual meydana çıxır – onlar niyə birləşib hakimiyyətdən qisas almadılar?
Hakimiyyətdə birləşir, müxalifət parçalanır
Azərbaycan hakimiyyətində mərkəzdənqaçma meylləri olmayıb. Mərkəzi idarəçilikdən gələn təlimatlar yekdilliklə alqışlanıb, şərhsiz yerinə yetirilib. Əgər bu hal olubsa da, müzakirəsiz cəzalandırılıb. 1993-cü ildən bəri idarəçilikdə vahid mövqedən və komanda şəklində yürüdülən siyasət dəyişməz qalır. İqtidar içərisindəki fikir ayrı-seçkiliyi yalnız merkantil maraqlar, iqtisadi çəkişmələr müstəvsisində müşahidə olunub. Bu daxili qarşıdurmalar isə siyasi hakimiyyətə ciddi əngəl törətməyib. Yəni, komanda zamanında biznes qovğasını kənara qoyub, müvəqqəti atəşkəs bağlayıb və ən kritik mərhələlərdə birlik nümayiş etdirib. Müxalifətin parçalana-parçalana zəiflədiyi zamanlarda hakimiyyət birləşə-birləşə güclənib. Əksinə, qarşı cəbhədən transferlər etmək hesabına heyətini gücləndirib. İqtidar merkantil maraqlar naminə qırğına çıxan saray üzvlərini də yeri gələndə geri çəkilməyə vadar edə bilib, hətta cəzalandırıb.
Sistem müxalifəti kimin yanındadır?
Əslində, yuxarıda qoyulan suala nəzəri cavab verilmiş oldu. Lakin praktiki cəhətdən də vəziyyəti təhlil etməyə zərurət var. Çünki yuxarıda adıçəkilən azı 16 nüfuzlu hakimiyyət adamı bu gün iqtidarda nəinki təmsil olunmur, kifayət qədər də narazıdır. Onlardan kimiləri həbsdə, kimiləri mühacirətdə, kimiləri müxalifətdə, kimiləri də ev dustağı edilərək susqun vəziyyətdədir.
Belə olan halda niyə həbsdəki və reallıqdakı qüvvələr nisbəti yumruq kimi vahid mövqedən çıxış edə, yeni müxalifət modelinə çevrilə bilmir? Bunun ilkin səbəbi təmərküzləşmənin getməməsidir. Bu qüvvələrin özü də hakimiyyətdə olduğu dövrdə bir-birinə qarşı sıcaq münasibətdə olmayıblar. Bəlkə də heç bir-birinə salam verməyiblər. Digər tərəfdən, həmin sabiq məmurların əksəriyyəti ayrı-ayrı siyasi klanlarda təmsil olunub ki, bu da birgə hərəkət etməyə ciddi əngəldir. Eyni zamanda ictimai rəy tərəfindən heç də rəğbətlə qarşılanmayıblar. Bu qüvvələrin demək olar ki, əksəriyyəti təpədən-dırnağa kimi çirkaba, rüşvət-korrupsiya bataqlığına batmış, cəmiyyətdə nüfuzu olmayan eks-məmurlardır.
Belədə isə narazı elektoratın onlara dəstək verməsi nonsensdir. Hətta ictimai rəydə bəzilərini satqın və xain hesab edənlər də var. Bu da xalqın dəstəyini bəribaşdan itirmək anlamına gəlir. Həmçinin, ənənəvi müxalifətin də onlarla müttəfiqliyi real deyil. Həm düşərgədə onlara qarşı nifrət var, zaman-zaman onların zərbələrini alıblar, həm də bu qüvvələrə etibar etməzlər. Nəzəri olaraq bu qüvvələrdən təşəkkül tapmış yeni sistem müxalifəti formalaşsa, yeganə ümid yeri kimi beynəlxalq dəstəyə bel bağlaya biləcəklər. Hazırki geosiyasi proseslər, Cənubi Qafqazdakı vəziyyət, ölkədəki siyasi mühit, Qərbin və Rusiyanın mövcud iqtidara münasibətindən aydın olur ki, belə bir müxalifətin yaranması üfüqdə belə görsənmir…cumuriyyet.az