“Gülən işi”ndən Qarabağadək – böyük bazarlıq başladı

29-08-2016, 10:16           
“Gülən işi”ndən Qarabağadək – böyük bazarlıq başladı
Amerika – Türkiyə münasibətlərinin ilginc pərdəarxası; Baydenin Ankara mesajlarının Azərbaycana da dəxli var; hər iki düyünü ABŞ-ın yeni prezidenti açacaq; bölgənin taleyində həlledici dönəm başlayıb; sərt anti-Putinçi olan Hillari Klinton Ağ Evə sahiblənərsə, Türkiyə-Amerika münasibətləri yeni keyfiyyət mərhələsinə adlayacaq, çünki…
Türkiyə-ABŞ münasibətləri üçün kritik bir həftə arxada qaldı. Doğrudur, Birləşmiş Ştatların yüksək vəzifəli mütəxəssislərindən ibarət nümayəndə heyətinin ardınca ABŞ-ın vitse-prezidenti Co Baydenin qardaş ölkəyə səfəri “Gülən işi”nə konkretlik gətirmədi, ancaq bəzi qiymətli dəqiqləşmə və mesajlar, hər halda, oldu.

Öncə Baydenin Türkiyədə Fətullah Gülənlə bağlı verdiyi ən yadda qalan açıqlamalarına diqqət yetirək. Sitat: “Biz Türkiyənin səlahiyyətli şəxsləri ilə əməkdaşlıq edirik. Hüquqşünas mütəxəssislərimiz türk həmkarları ilə çalışır, dəlil və sənədləri araşdırırlar. Bu dəlil və sənədlər ABŞ məhkəməsinə təqdim ediləcək. Bu şəkildə Fətullah Güləni təhvil verə bilərik.
Bizim heç bir şəkildə hər hansı şəxsi qorumaq, xüsusilə müttəfiqimizə zərər verən şəxsi qorumaq niyyətimiz yoxdur, amma qanunlarımıza boyun əymək məsuliyyətimiz də var. Bu, bir az zaman alacaq”. “Kaş ki Gülən başqa ölkədə olaydı… Güləni vermək nə mənim, nə də Obamanın əlindədir. Onun ekstradisiyasına ABŞ Federal Məhkəməsi qərar verəcək”. Bunu da Bayden Türkiyənin ali rəsmi şəxsləri ilə görüşündən sonra bəyan etdi.
*****
ABŞ vitse-prezidentinin sözlərindən belə bir ilkin qənaət hasil olur ki, Ağ Ev hazırkı həssas məsələdə hüquqi proseduru bəhanə edib müəyyən “taym-aut” götürmək niyyətindədir. Yəni, indilikdə Gülənlə ilgili mürəkkəb dilemmanı həll etməyə hazır və qadir deyil, eyni zamanda Amerika Türkiyəni də itirmək, incitmək istəmir. Odur ki, Baydendən konkret vəd yox, ikibaşlı bəyanatlar gəldi. Başqa sözlə, Gülən Türkiyəyə nə vaxtsa təslim də edilə bilər.
Ancaq yuxarıdakı sitatlardan göründüyü kimi, ABŞ onu da yaxşı anlayır ki, məsələnin uzanması Ankara ilə əlaqələrə mənfi təsir edir və edəcək. Bu da avtomatik şəkildə regionda Rusiya amilinin güclənməsi, Moskva-Ankara əlaqələrinin daha yüksək səviyyəyə keçməsinə kömək deməkdir – hansı proses ki, artıq başlayıb. Söhbət nədən gedir?
Ondan gedir ki, Suriyaya hərbi müdaxilə və PYD-PKK məsələsində Türkiyə Kremlin xeyir-duasını artıq alıb. Bu üzdən Gülən probleminə görə qəliz duruma düşən Vaşinqton da bu problemi uzatmağın qarşılığında Ankaraya ən azından, hansısa siyasi avans, yaxud “kompensasiya” ödəmək zorundadır. Daha dəqiqi, zorunda idi (Maraqlıdır ki, türk qoşunları Suriyaya məhz Baydenin Türkiyə səfəri ərəfəsində girib).

Böyük ehtimalla, Türkiyənin Suriyadakı “Fərat qalxanı” əməliyyatına Vaşinqton ən əvvəl bu imperativdən çıxış edərək razılıq verib. Üstəlik, Bayden Ankarada Ərdoğanla görüşdə onu da bəyan elədi ki, kürdlər Fərat çayından o tərəfə çəkilməlidir. Bu isə o anlama gəlir ki, ABŞ kürdlərin Suriyada müstəqil dövlət qurmaq ideyasını qəbul eləmir və bu məsələdə Ankaranın yanındadır. Az sonra o da bəlli oldu ki, kürdlər Fəratın şərqinə çəkilənədək ABŞ YPG qüvvələrinə təlim keçən amerikalı hərbçilərə öz bazalarına dönmək tapşırığı verib. Amerika YPG-PYD terrorçularına silah və kəşfiyyat dəstəyini də dayandırıb.
*****
Beləcə, Ankara hələlik Güləni geri ala bilməsə də, açıq qalan “Gülən işi”ndən ilk dəfə milli maraqlar naminə, hərbi qiyamdan sonrakı Türkiyənin milli təhlükəsizliyini gücləndirmək naminə yararlana bilib. Nəticədə Suriya əməliyyatları üçün eyni vaxtda Vaşinqtonla Moskvanın razılığını alıb, Suriyadakı 4 illik müharibə ərzində nəhayət ki, bu ölkəyə qoşun yeritmək üçün unikal fürsət qazanıb və yəqin ki, Suriya böhranı aradan qalxanadək, YPG-PYD qruplaşması sarsıldılanadək həmin qüvvələr orada qalacaq.

Bu da o deməkdir ki, kürdlərin həm də Türkiyə torpaqları hesabına dənizdən dənizə dövlət yaratmaq xülyası artıq iflas sayıla bilər. Vaşinqtonla bu anlaşmanı “Gülən işi” ətrafında Türkiyə ilə ABŞ arasında ilk uğurlu siyasi bazarlıq kimi dəyərləndirmək mümkündür.
İkinci və daha önəmlisi odur ki, Suriya böhranının həllində qardaş ölkənin ABŞ, Rusiya və İran üçün, bütövlükdə bölgə üçün önəmi birə-üç artıb. Artıq bütün qlobal və regional güclər anlayıb ki, Türkiyəsiz Suriya və İŞİD böhranını yoluna qoymaq mümkün olmayacaq. Bu da rəsmi Ankaradan ötrü bölgənin yekun taleyi ilə bağlı yeni və əlverişli siyasi perspektiv, yeni siyasi fürsətlər və olduqca uğurlu manevr imkanları, həmçinin proseslərdə açar rolun tanınması deməkdir.

Təsadüfi deyil ki, əksər analitiklərə görə, “Fərat qalxanı” əməliyyatı uğurla başa çatdıqdan sonra yenə məhz Türkiyə Azad Suriya Ordusu (ASO) ilə birgə İŞİD-in “paytaxtı” Rakka şəhərini mühasirəyə ala, dünyanı, o cümlədən Qərbi və Rusiyanı eyni dərəcədə narahat və təhdid edən bu terror təşkilatının varlığına son qoya bilər.
Yəqin ki, belə də olacaq. Zaman-zaman vurğuladığımız kimi, İŞİD-in axırına yalnız Türkiyənin əli ilə çıxıla bilər – təbii ki, Türkiyənin bölgədəki ümdə maraqları təmin edilmək şərti ilə. Yaxşı ki, proses bu yöndə inkişaf tapmaqdadır.

Türkiyənin Suriya məsələsində açar rolu isə sözsüz ki, Güney Qafqaz kimi başqa bir mürəkkəb bölgədə də özünü göstərə bilər. Yeri gəlmişkən, bu, paralel surətdə Azərbaycanın artan rolu, Dağlıq Qarabağ məsələsində ölkəmiz üçün daha məqbul platformanın yaranma şansı deməkdir.
*****
Qayıdaq F.Gülənin taleyinə. Co Baydenin Türkiyədəki açıqlamalarından çıxan digər mühüm bir nəticə odur ki, Pensilvaniyadakı şəxsin taleyini Obama administrasiyası yox, yeni administrasiya həll edəcək. Vitse-prezidentin işarə etdiyi “Bir neçə aylıq hüquqi prosedurun zəruriliyi” məhz bu anlama gəlir. O da artıq aydındır ki, Ağ Evin yekun qərarı Rusiya-ABŞ ziddiyyətləri, Türkiyə uğrunda iki güc mərkəzinin mübarizəsi fonunda veriləcək.

Bu xüsusda ehtimal böyükdür ki, məhz Hillari Klintonun prezident seçiləcəyi təqdirdə – əksər ekspertlər onun qələbəsini proqnoz edir və yəqin ki, belə də olacaq – Gülən dosyesi Ankaranın xeyrinə bağlanacaq. Çünki Klinton dəlisov və islamofob Trampdan fərqli olaraq sərt anti-Rusiya mövqeyi ilə tanınan, o üzdən Moskvanı qane etməyən, deməli, Türkiyəyə daha böyük dəyər verən bir siyasətçidir.
Klinton, üstəlik, Trampdan fərqli olaraq Putinə şəxsi antipatiyası olan birisidir. Bu da növbəti fakt: ötən həftəsonu Nevada ştatında seçicilərlə görüşündə Klinton Vladimir Putini “Qlobal millətçiliyin xaç atası” adlandırıb. Demokratların namizədi rəqibini Putinə rəğbətdə ittiham edərək, onu da deyib ki, “Tramp ona görə təhlükəlidir ki, Rusiyayönlü siyasət aparır, Krımın Rusiya ərazisi kimi tanınması üçün çıxış edir”.
Bunlar onun anonsudur ki, Klintonun timsalında ABŞ-ın yeni prezidenti və komandası Türkiyəyə daha böyük önəm və diqqət ayıracaq, Rusiya ilə rəqabət artacaq. Bu isə qardaş ölkənin Kreml və Ağ Ev arasında siyasi manevr imkanlarını da, qardaş ölkənin önəmini də gücləndirəcək, nəticə etibarilə Türkiyənin özü güclənəcək.

Türkiyənin güclənməsi isə Azərbaycanın da güclənməsi deməkdir. Dağlıq Qarabağ məsələsində son aylar özünü göstərən ABŞ-Rusiya rəqabətini də nəzərə alsaq (Metyu Brayzanın Qarabağ mövzusunda son anti-Rusiya açıqlamalarını, Rusiyanın təkbaşına vasitəçiliyinə Amerikanın qısqanc yanaşmasını yada salın, Brayza demişdi ki, Putinin Qarabağ planı baş tutsa, ABŞ-ın Güney Qafqaz strategiyası iflas olacaq), belə bir ehtimal da irəli sürmək mümkündür ki, Dağlıq Qarabağ ixtilafının həlli də yeni dönəmə qalır – təbii ki, ona qədər əgər Kreml öz imkan və potensialından istifadə edib problemin çözümündə irəliləyişə nail olmasa. Və ya nail olmaq istəməsə.
Bir şeyi dəqiqliklə söyləmək olar ki, bölgənin taleyində həlledici dönəm artıq başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.