Azay Quliyev Astanada nüvə təhlükəsizliyindən danışdı

29-08-2016, 18:48           
Azay Quliyev Astanada nüvə təhlükəsizliyindən danışdı
Qazaxıstanın paytaxtı Astana şəhərində “Nüvə silahından azad dünyanın inşa edilməsi” adlı beynəlxalq konfrans keçirilir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qatıldığı tədbirdə 51 ölkə və 20 beynəlxalq təşkilatdan 1000 nəfər iştirak edir.

AzVision.az-ın məlumatına görə, avqustun 29-da konfransın plenar iclasında çıxış edən ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bir sıra mühüm məsələlərə toxunub.

A.Quliyev bildirib ki ATƏT PA dünyanın nüvə silahı təhlükəsizliyinin təmin olunmasında bu konfransın mühüm rolunu tam dəstəkləyir: "Bu tədbir nüvə silahının yayılmaması və tərksilah məsələlərinə parlamentarilərin cəlb olunmasına, həmin sahədə mövcud vəziyyətin öyrənilməsi, eləcə də ümumi planların hazırlanmasına şərait yaradacaq. Bu konfrans dünya parlamentariləri, siyasətçiləri, dini liderlər, hökumət nümayəndələri, tərksilah üzrə mütəxəssislər, qeyri-hökumət fəalları, eləcə də beynəlxalq və regional təşkilatların nümayəndələri arasında dünyanın nüvə silahından azad olunması məqsədilə fikir və bilik mübadiləsinin aparılmasına və ümumi strategiyanın inkişaf etdirilməsinə yardımçı olacaq”.

A.Quliyev yaxın keçmişə nəzər salıb, 29 avqust 1991-ci ili - nüvə silahının sınağı üçün nəzərdə tutlan poliqonun bağlanması və dünyanın dördüncü ən böyük silah arsenalından könüllü olaraq imtina edən Qazaxıstan təcrübəsini xatırladıb: "Bu addımlara görə Qazaxıstanı təbrik etməliyik. Bu, nüvə silahının tərksilah edilməsi prosesinə Qazaxıstanın və xüsusilə Prezident N.Nazarbayevin böyük töhfəsidir. Nəticə olaraq, Qazaxıstan nüvə terrorizmi təhdidinin aradan qaldırılması sahəsində dünya siyasətini yaratmış və həyatı məna kəsb edən, bu beynəlxalq tədbiri təşkil etməklə, gözəl humanitar təşəbbüsün lideri olmuşdur”.

ATƏT PA-nın vitse-prezidenti nüvə silahsızlaşdırılması qlobal hərəkatında digər liderlərin dəstəyi üçün Qazaxıstan Prezidenti tərəfindən mükafat təsis edilməsi ilə bağlı sessiyada səslənən ideyanı dəstəklədiyini bildirib: “Nüvə, kimyəvi və bioloji silahların və onların çatdırılma vasitələrinin yayılması beynəlxalq sülhə və təhlükəsizliyə təhdid olaraq qalmaqdadır. Hazırda vacib olan və Astanada təşkil olunan bu konfransın məqsədi həmin təhdidlərin aradan qaldırılması üçün görülə biləcək əlavə tədbirlərə dair müzakirələrin aparılması və birgə məqsədimiz olan beynəlxalq dəstəyin, o cümlədən parlamentlər səviyyəsində səfərbər edilməsidir. Bu xüsusda, BMT TŞ-nin 1540 (2004) saylı qətnaməsinin tam icrası, nüvə, kimyəvi və bioloji silah və onların çatdırılma vasitələrinin yayılmasının qarşısının alınması və onlar üzərində müvafiq daxili nəzarətin təmin edilməsi beynəlxalq ictimaiyyətin əsas vəzifəsidir. Dünyanın bəzi yerlərində, xüsusilə Yaxın Şərqdə, kütləvi qırğın silahının və ona aid materialların istifadə edilməsi və yayılması riski hələ də yüksəkdir. Sərhədlər arası, o cümlədən ATƏT ölkələri məkanında nüvə materiallarının qanunsuz dövriyyəsi və ya oğrlanması narahatlıq törədir. Suriyada, son zamanlar baş verən kimyəvi silahın istifadəsi halları və nüvə materiallarının qaçaqmalçılıq cəhdləri fonunda, bütün mülki obyektlərin və nüvə materiallarının, beynəlxalq, regional və milli səviyyədə təhlükəsizliyin təmin edilməsində tətbiq edilən standartların qorunub saxlanılması üçün əlavə tədbirlərin görülməsi vacibdir”.

A.Quliyev bu xüsusda, nüvə, kimyəvi və bioloji silahın, materialların və onların çatdırılma vasitələrinin qeyri-dövlət aktorları, o cümlədən terrorçu, ekstremist və separatçı qruplar tərəfindən əldə edilməsinin, hazırlanmasının, istifadə edilməsinın, daşınmasının və ötürülməsinin qarşısının alınmasına xüsusi diqqət yetirilməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Çıxışda qeyd olunub ki, nüvə silahının yayılmaması haqqında müqaviləyə bütün dünya ölkələrinin qoşulması prioritet məsələdir. Qoşulmayan dövlətlər təxirəsalmadan müqaviləyə qoşulmalı, nüvə silahının əldə edilməməsi sahəsində beynəlxalq öhdəlikləri öz üzərlərinə götürməli və bütün nüvə fəaliyyətlərinə dair Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən tərtib edilən təlimatları icra etməlidirlər:

“Fukusima Daiçi faciəsi bir daha onu göstərir ki, bu cür nüvə qəzaları milli sərhədlərlə məhdudlaşmır. Nüvə qurğularının təhlükəsizliyini təmin etmək məqsədilə milli səviyyədə müvafiq təhlükəsizlik tələblərinin hərtərəfli təminatı vacibdir. Mümkün nüvə qəzasının coğrafi xüsusiyyətləri və transmilli ekoloji təsirləri nəzərə alınmalıdır. Belə ki, xüsusən seysmik zonada yerləşən və köhnəlmiş nüvə reaktorları işlədən dövlətlər öz enerji təhlükəsizliyindən əlavə, regional təhlükəsizlik barədə də düşünməlidirlər. Bu xüsuda, silahlara nəzarət, sərhədlərin mühafizəsi (idarəçilik) və terrorçuluqla mübarizə sahəsində ATƏT-in əldə etdiyi böyük təcrübə qeyd olunan çağırışlara səmərəli tətbiq edilə bilər. ATƏT-in üzv ölkələri nüvə silahının yayılmaması haqqında ATƏT-in Afina Nazirlər Bəyannaməsi (2009) və Astana Bəyannaməsində (2010) kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması öhdəliklərini öz üzərilərinə götürdüklərini və 1540 saylı qətnamənin regional səviyyədə tətbiqinin asanlaşdırılması səylərinə dəstək olacaqlarını bir daha təsdiqləmişlər. Nüvə silahının yayılmaması məsələsi uzun müddətdir ki ATƏT-in parlamentarilərinin gündəmindədir. İki ay əvvəl Tbilisidə ATƏT PA-nın illik sessiyasında çoxtərəfli nüvə silahsızlaşdırılması üzrə BMT-nin töhfəsi ilə danışıqların gələn il başlanmasına öz dəstəyimizi bildirmişdik. Bu xüsusda, hökumətləri danışıqları aparmaq üçün nümayəndə heyətinə parlamentariləri də daxil etməyi çağırmışıq. Bu öz növbəsində, danışıqların gücləndirilməsinə və vacib razılıqların əldə edilməsinə gətirib çıxara bilər”.

Qeyd edək ki, Astanada keçirilən beynəlxalq konfrans son illər nüvə silahının qadağan olunması, regional əməkdaşlıq baxımından keçirilən ən böyük miqyaslı tədbirlərdəndir. Konfrans işini 31 avqustda yekunlaşdıracaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.