Elnur Aslanov revanşa hazırlaşır - Azərbaycandakı nurçular hücuma keçdi
31-08-2016, 16:25
Azərbaycanda Fətullah Gülən tərəfdarlarına qarşı başladılan mübarizə qarşı tərəfin də hücuma start verməsinə səbəb olub.
AzNews.az-a daxil olan məlumata görə, Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri, hazırda isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin rəhbəri vəzifəsində çalışan və gülənçilərin Azərbaycandakı əsas adamı hesab olunan Elnur Aslanov artıq əks-fəaliyyətə başlayıb. Bildirilir ki, sözügedən şəxsin rəhbərliyi ilə mütəmadi olaraq iclaslar keçirilir və gülənçilərə qarşı başladılan əməliyyatların qarşısının alınması yolları müzakirə olunur.
Məlumata görə, toplantılarda ictimai fikri yayındırmağa yönələn fəaliyyət planı hazırlanıb. Planın əsas tərkib hissəsi yerli media oqanları ilə işləmək, hökumətə müxalif olan kəsimlə əlaqələri möhkəmləndirmək, nurçuluğa qarşı mübarizəni siyasiləşdirmək və bununla da hökumətə qarşı ictimai qınağı cilalamaqdır. Gülənçilər höküməti gözdən salmaq üçün bir sıra məsələləri şişirdilmiş halda cəmiyyətə çatdırmağı əsəs rıçaqlardan biri kimi nəzərdə tutub. Burada son iqtisadi proseslər, manatın ucuzlaşması və ABŞ-la Azərbaycan dövlətinin münasibətlərinin soyuqlaşması əsas arqument kimi istifadə edilir. Bu işlərin planlaşdırılmasında Elnur Aslanovla yanaşı Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Elşad İsgəndərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və sabiq millət vəkili Ceyhun Osmanlı əsas rol oynayır. Ancaq media və sosial şəbəkələrlə əsas iş C. Osmanlıya tapşırılıb. Belə ki, keçmiş deputat müxtəlif mətbu orqanlarının rəhbərləri ilə danışıqlara girərək gülənçilərin əleyhinə dərc edilən yazıların qarşısını almağa çalışır. Danışıqlarda xüsusilə Elnur Aslanovun hədəf götürüldüyü yazıların tirajlanmaması məsələsi qabardılır.
Bundan əlavə, şəbəkə bu işdə özlərinin müxtəlif vəzifələrdə çalışan adamlarından da istifadə edir. Onlar vəzifəli şəxslərdən istifadə edərək, özlərinə yaxın KİV nümayəndələri ilə işbirliyinə gedib, müxtəlif yollarla bu məsələlərlə bağlı yazıların dərcinə mane olur.
Şəbəkə üzvləri yalnız materialların dərcinə mane olmaqla kifayətlənmirlər. Onlar eyni zamanda gülənçilərə qarşı aparılan bu prosesə başqa don geyindirməyə çalışan materialların dərcinə və yayılmasına çalışırlar.
Bu sahədə isə onların əsas fəaliyyət sferalarından biri sosial şəbəkələrdir. Gülənçilər sosial şəbəkələrdə daha çox müxalifyönümlü gənclərin vasitəsilə FETÖ-cülərə qarşı mübarizəyə siyasi don geyindirmək, bununla da hökümətin əleyhinə fikir formalaşdırmağa çalışırlar.
Lakin son hadisələr göstərir ki, hazırda FETÖ hakimiyyətdəki qalıqlarını passivləşdirməklə, vaxtilə vəzifədə və ya hakimiyyətin yanında olmuş tərəfdarları ilə radikal müxalifətlə potensialını birləşdirmək istəyir. Bu baxımdan İRƏLİ-nin sabiq rəhbəri Ceyhun Osmanlının birdən birə AXCP fəalı Vüqar Qurdqanlının rəhbərlik etdiyi 24saat.az saytında peyda olması da təsadüfi xarakter daşımır. Ceyhun Osmanlı müsahibəsində "nurçu" olmadığını ciddi-cəhdlə sübut etməyə çalışır, öz aləmində tutarlı arqumentlər səsləndirir, az qala alibi bazası yaratdığını düşünür. Amma o, bir dəfə də olsun Fətullah Gülən haqqında hamının dediyi FETÖ ifadəsini işlətmir, onun terrorçu şəbəkəyə rəhbərlik etməsi barədə isə, ümumiyyətlə susur. C.Osmanlı bütün müsahibə boyu suallara yayğın cavab verir, konkretlikdən qaçır. Çünki Gülən şəbəkəsinin bütün üzvləri təhlükə anında hər şeyi inkar etməyə, yeri gəlsə delikat şəkildə buyruğunda durduqları şəbəkəni tənqid etməyə belə təlimatlıdırlar. Şəbəkə üçün əsas onların dedikləri deyil, özlərini və əlaqələrini qoruyub saxlamaları və gələcək planların icrasına hazır olmalarıdır.
Ceyhun Osmanlı az qala hər cümləsində «mən kiçik adamdım, mənə tapşırırdılar, göstərişləri yerinə yetirirdim» fikrini refren kimi səsləndirir, özünü Gülən «camaat»ının Azərbaycandakı düşərgələnmiş fərdlərindən kənar adam kimi göstərməyə can atır, bütün günahı müsahibədə adlarını çəkdiyi məmurların üzərinə atmağa, daha nüfuzlu ünvanlar göstərməyə çalışır.
Mənbə bildirir ki, bundan sonra da müxtəlif media orqanlarında FETÖ-cülərin bu tipli yazılarının dərci gözlənilir. Yazılarda onlara qarşı mübarizə aparan vəzifəli şəxslərin və bu sahədə fəal olan media nümayəndələrinə qarşı qara piarın aparılacağı da istisna edilmir.
teref.az olaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!