Azərbaycan prezidenti: "Hər bir rayonun öz imkanları maksimum dərəcədə realizə edilməlidir"
4-09-2016, 00:58
“İnfrastruktur olmadan inkişafdan söhbət gedə bilməz. Elektrik enerjisi, yol, qaz, suvarma imkanları olmasa, heç bir rayon, heç bir kənd inkişaf edə bilməz. Ona görə biz infrastruktur layihələrinin icrasına xüsusi diqqət göstəririk, bu məqsədlər üçün artıq çox böyük dövlət vəsaiti xərclənib və bu proses davam etdirilir”.
APA-nın xəbərinə görə, bu sözləri bu gün Salyan şəhərinə Şirvan-Muğan magistral kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışı zamanı yerli ictimaiyyət nümayəndələri ilə görüşündə prezident İlham Əliyev deyib.
Dövlət başçısı infrastruktur layihələrinə bundan sonra da investisiya qoyulacağını qeyd edib: “Yaxın vaxtlarda gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılacaq. Mən artıq göstəriş vermişəm ki, dövlət büdcəmiz əlbəttə, sosialyönümlü olmalıdır, bütün sosial proqramlar orada tam şəkildə əks etdiriləcək. Eyni zamanda, sərmayə üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır ki, biz bu işləri davam etdirək”.
“Sosial infrastruktur, məktəb, xəstəxana binalarının, idman qurğularının tikintisi, yolların, elektrik, qaz, içməli su xətlərinin çəkilişi - bütün əsas şərtlər təmin edilir. Bununla paralel olaraq, hər bir rayon çalışmalıdır ki, ümumi işimizə daha da çox töhfə versin.
Rayonlarımızın potensialı böyükdür, o cümlədən Salyan rayonunun. Sadəcə olaraq, gərək, işlər düzgün qurulsun. Belə olan halda rayonlarımız öz daxili imkanları hesabına yaşaya bilər. Bizim bu gün əksər rayonlarımız subsidiya, dövlət büdcəsindən dotasiya ilə yaşayır. Buna nə qədər ehtiyac varsa, belə də olacaq. Ancaq çalışmalıyıq ki, hər bir rayonun öz imkanları, potensialı maksimum dərəcədə realizə edilsin.
... Mən göstəriş vermişəm hər bir rayonda sənaye zonaları yaradılsın ki, həm iş yerləri açılsın, həm də yerli istehsal artsın. Emal müəssisələri yaradılmalıdır, xüsusilə kənd təsərrüfatına daha da böyük diqqət göstərilməlidir və daha çox rayonun iqliminə, torpağına, şəraitinə uyğun bitkilər yetişdirilməlidir. İndi bütün təhlillər aparılır, təkliflər hazırlanır. Əminəm ki, yaxın gələcəkdə biz gözəl nəticələri görəcəyik”.