General Mnatsakanyanın boşboğazlığı: erməni ordusu “başqa cür” hərəkət edə bilərmiş...
6-09-2016, 09:20
Deyəsən erməni silahlı birləşmələrinin komandanları aprel döyüşlərində aldığı zərbədən və məruz qaldığı psixoloji sarsıntıdan aylar sonra özülərinə gələ bilmək üçün boşboğaz təbliğatdan səmərəli üsul fikirləşə bilməyiblər.
Virtualaz.org xəbər verir ki, Dağlıq Qarabağdakı qondarma “müdafiə naziri” Levon Mnatsakanyanın növbəti müsahibəsi belə qənaətə gəlməyə əsas verir.
General Mnatsakanyan nə deyir? Deyir ki, əgər apreldə Ermənistan rəhbərliyi hərbi əməliyyatların dayandırılmasına razılıq verməsəymiş erməni tərəfi “başqa xarakterli vəzifənin” yerinə yetirilməsinə hazır imiş.
Aprel döyüşlərində Azərbaycan ordusunun Qarabağda cəbhənin iki istiqamətində ermənilərin uzun illərdir möhkəmləndirilmiş müdafiə xəttini 40 dəqiqəyə, yaxud bir saata darmadağın etməsi ermənilərin özləri tərəfindən də təsdiqlənən faktdır. Bu, döyüş əməliyyatlarının birinci günü baş verdi. Sonrakı üç gündə isə tərəflərin səyləri əsasən əldə edilmiş hərbi üstünlüyün qorunub saxlanılmasına və itirilmiş mövqelərin qaytarılmasına hesablanmışdı.
Azərbaycan ordusu itkilər hesabına da olsa ələ keçirilmiş mövqelərin böyük hissəsini əldə saxlaya bildi. Ermənistan ordusunun isə ciddi itkilər versə belə, həmin mövqeləri geri almaq üçün göstərdiyi səylər nəticəsiz qaldı. Hərçənd ki, həmin günlərdə erməni rəhbərliyinin boşboğazlığı və guya bütün mövqelərin geri alındığını, hərbi əməliyyatların dayandırılmasına dair razılığın ancaq bundan sonra verildiyi haqda bəyanatları yaddan çıxmayıb. Bu bəyanatlar internet mənbələrində indi də qalır. Hansı ki, çox keçmədən elə ermənilərin özləri birinci açıqladılar ki, 4 günlük müharibədə nə qədər mövqe itirilib və nə qədər ərazi Azərbaycanın nəzarətinə keçib.
O zaman bu hansı “başqa vəzifə” imiş ki, Serj Sərkisyanın atəşkəs barədə Moskvaya israrlı müraciətləri general Mnatsakanyana onu yerinə yetirməyə imkan verməyib? Bəlkə 4 günlük döyüşlərdə miskin durumu üzə çıxan erməni qüvvələri itirdiyi mövqeləri geri almaq bir yana, üstəlik yeni ərazilər də tutmağa hazırlaşırmış ki, Moskvanın israrları nəticəsində hərbi əməliyyatların dayandırılması buna mane olub? Axı ermənilərin belə imkanı olsaydı onu qətiyyən əldən verməzdilər. O zaman Mnatsakayanın miskin ordusu bizə hörmət edib? Qətiyyən ağlabatan deyil. Ancaq aradan bir neçə ay keçəndən sonra erməni ordusunun darmadağın edilmiş məğlubedilməzlik imicini bərpa etmək üçün nə qədər desən boşboğazlıq etmək olar...