İsrail Qəzzanın humanitar zonasının bir hissəsinin boşaldılmasını əmr edib

23-07-2024, 11:04           
İsrail Qəzzanın humanitar zonasının bir hissəsinin boşaldılmasını əmr edib
Bazar ertəsi İsrail ordusu Qəzza zolağında humanitar zona kimi təyin etdiyi ərazinin bir hissəsinin boşaldılmasını əmr edib.

Hərbçilər bölgədə yerləşmiş və İsrailə raket atmaq üçün istifadə edən HƏMAS militantlarına qarşı əməliyyata başlamağı planlaşdırdıqlarını bildirib. Ərazi Qəzza zolağının cənubunda yerləşən Muvasi humanitar zonasının şərq hissəsini əhatə edir.

İsrailin havadan və qurudan cəzalandırma kampaniyası zamanı bir çox fələstinli təhlükəsizlik axtarışında dəfələrlə evlərini tərk etməli olub.

Bu ayın əvvəlində İsrail azı 1,8 milyon fələstinlinin Aralıq dənizi boyunca təxminən 14 kilometr ərazini əhatə edən humanitar zonaya yerləşdiyini təxmin etdiyini bildirib.

BMT və humanitar qrupların dediyinə görə, bu ərazinin çox hissəsi indi sanitariya və səhiyyə imkanları olmayan və yardıma məhdud çıxışı olan çadır düşərgələrindən ibarətdir. Ailələr zibil qalaqlarının və çirklənmiş kanalizasiya sularının arasında yaşayır.

Bu açıqlama Qəzzada atəşkəs əldə etmək üçün mürəkkəb danışıqların aparıldığı, ABŞ və İsrail rəsmilərinin razılığın həmişəkindən daha yaxın olacağına ümid etdikləri və Baş nazir Benyamin Netanyahunun Prezident Co Baydenlə görüşmək və Konqresdə çıxış etmək üçün ABŞ-a çoxdan gözlənilən səfərə hazırlaşdığı vaxt verilib.

Netanyahu ofisinin bildirdiyinə görə, danışıqların davam etdirilməsi üçün qrup cümə axşamı göndəriləcək. Misir, Qətər və Birləşmiş Ştatlar İsrail və HƏMAS-ı döyüşləri dayandıracaq və girovları azad edəcək mərhələli atəşkəs razılaşmasına doğru itələməyə davam edir.

Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzadakı müharibə 38 900-dən çox insanın ölümünə səbəb olub. Müharibə HƏMAS militantlarının oktyabrın 7-də İsrailin cənubuna 1200 nəfərin ölümü ilə nəticələnən hücumundan sonra başlayıb. 250-yə yaxın insan girov götürülüb. İsrail rəsmilərinin dediyinə görə, təxminən 120 nəfər girov saxlanılır ki, onlardan üçdə birinin öldüyü güman edilir.

İsrail ordusu Qəzzanın mərkəzi və cənubunda əməliyyatlarını bazar ertəsi də davam etdirdiyini bildirib.

Xəstəxana rəsmiləri və cəsədlərin sayını təsdiq edən Associated Press agentliyi jurnalistinin bildirdiyinə görə, bazar günü İsrailin hava hücumları nəticəsində Qəzzada qadın və uşaqlar da daxil olmaqla, azı 15 nəfər ölüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.