Rusiyanın Qarabağ üzrə təklifləri bizim maraqlarımıza cavab verəcək
6-09-2016, 19:51
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin XİN rəhbərləri ilə görüşü müsbət nəticələr doğurmalıdır."
Bunu SalamNews-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, son vaxtlar Rusiyanın münaqişənin həllində müəyyən aktivliyi hiss edilirdi: “Hər halda, Dağlıq Qarabağ münaqişəsi bir sıra dövlətlər üçün təhdid olaraq qalır. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə görüşü zamanı müəyyən pərdəarxası təkliflər müzakirə edilə bilər. Çünki biz bilirik ki, Rusiya tərəfindən sülhün bərpasına dair təkliflər var idi. Bu təkliflər müzakirə predmetinə çevriləcəksə, təbii ki, bizim maraqlarımıza cavab verəcək."
F.Sadıqov belə hesab edir ki, formal protokol naminə görüş təşkil edilsə, sözügedən görüşün heç bir nəticəsi olmayacaq: “Beləliklə də, görüş Minsk qrupunun təşəbbüsü ilə həyata keçirilən növbəti sabun köpüyünə çevriləcək. Burada real təkliflər lazımdır. Bu təkliflər ətrafında müzakirələr aparılmalıdır. İlk növbədə Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi prosesi başladılmalıdır”.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu ayın sonunda Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə görüşəcəklər.