İlham Əliyevin qara siyahısı - naziri niyə bitirirlər?
7-09-2016, 11:22
Prezident İlham Əliyev iki ölkəyə səfir, bir ölkədə isə konsul təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb.
İstiqlal.az-ın məlumatına görə, sərəncamlara əsasən Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentinada, Azər Xudayar oğlu Xuduyev isə Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident eləcə də, Əliyənnağı Mehti oğlu Hüseynovu İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edib.
Prezident, həmçinin Almaniya və Moldovadakı səfirlərimizin geri çağırılması ilə bağlı sərəncamlar imzalayıb.
Həmin sərəncamlara əsasən, Namiq Həsən oğlu Əliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Pərviz Oqtay oğlu Şahbazov isə Azərbaycanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Qeyd edək ki, P.Şahbazovun atası Oqtay Şahbazov prezidentin işlər müdiridir.
İstiqlal.az-a daxil olan məlumata görə, referendum ərəfəsində səfirlərin geri çağrılması və yeni səfirlərin təyinatı prezidentin xarici işlər naziri Elmar Məmmədyarova etimad göstərməməsi ilə bağlıdır: Bir qədər öncə Azərbaycan diplomatlarının "qiyam" qaldırmsı (Arif Məmmədov, Nahid Cəfərov və s.) XİN başçısına etimad limitini bitirib. Qərb təsisatlarının təsir dairəsində olan XİN rəhbərliyinin zərərsizləşdirilməsi üçün indidən hərəkətə keçilib. Geri çağrılan diplomatlar da artıq qara siyahıya alınıb və yaxın başqa diplomatların da zərərsizləşdirilməsi gözlənilir. Siyahıda başqa səfirlər də var və yaxın gələcəkdə onlarla da bağlı qərarlar veriləcək.
Mənbənin məlumatına görə, referendumdan sonra ilk karyerasını bitirən nazir E.Məmmədyarov olacaq: o artıq hakimiyyət üçün arzuolunmaz şəxsdir və qiyamçı diplomatları himayə edib.