“Bizi qorxuda biməzsiniz!” – Putin hədələdi və Almaniya cavab verdi
30-07-2024, 12:14
Almaniyada yerləşdirilməsi planlaşdırılan uzaqmənzilli silahlarla bağlı Rusiyanın Vaşinqtona və Berlinə ünvanlanan hədələri Almaniyanın kursunun dəyişməsinə səbəb olmayacaq.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya federal hökumətinin Vladimir Putinin son hədə-qorxularına cavab bəyanatında belə deyilir.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərə bununla bağlı açıqlamasında deyib: “Bizi bu cür bəyanatlarla qorxutmağa imkan verməyəcəyik”.
O, qeyd edib ki, Rusiya illərdir silahlanır və Ukraynaya qarşı işğalçılıq müharibəsi aparır, ona görə də Almaniya buna cavab verməlidir.
Xatırladaq ki, Vladimir Putin ABŞ Almaniyada öz raketlərini yerləşdirmək planlarını həyata keçirərsə, orta və yaxın mənzilli raketlərlə bağlı cavab addımları atacağını deyib. Pentaqon daha əvvəl 2026-cı il üçün bu niyyətini açıqlamışdı.
Putinin sözlərinə görə, bu planlar reallaşarsa, Rusiya Federasiyasının mühüm dövlət və hərbi obyektləri Amerika raketləri üçün əlçatan olacaq. O, nəticədə Amerika raketlərinin Rusiyaya uçuş müddətinin təxminən 10 dəqiqə olacağını bildirib.