“The Washington Post” sükutu pozdu; Bakıya qarşı yeni ittihamlar və çağırışlar

10-09-2016, 10:18           
“The Washington Post” sükutu pozdu; Bakıya qarşı yeni ittihamlar və çağırışlar
Fəzail Ağamalı: “Ümidvaram ki, Vaşinqtonun Azərbaycana qarşı münasibətlərində yeni xoşagəlməz çalarlar yaranmayacaq”
ABŞ-ın “Vaşinqton post” qəzetində Azərbaycan hakimiyyətini ən sərt şəkildə tənqid edən və prezident Obamanı rəsmi Bakıya qarşı “həlledici tədbirlərə” çağıran məqalə dərc olunub. Məqalənin müəllifləri McCain Beynəlxalq Liderlik İnstitununun insan haqları və demokratiya direktorlarından David Kramer və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda George Mason Universitetinin professoru olan Riçard Kozlariçdir.

Azərbaycan iqtidarına qarşı kifayət qədər sərt iddiaların əks olunduğu məqaləyə hələlik rəsmi Bakıdan münasibət bildirilməyib. “Azadlıq” radiosunun məlumatına görə, məqalədə deyilir ki, bu ilin əvvəllərində prezident İlham Əliyev 14 siyasi məhbusu azad edəndə belə görünürdü ki, o, mövqeyini yumşaldıb. Hətta Azərbaycan rəsmilərinin və rejim mediasının anti-Amerika ritorikası da səngimişdi" - Kramer və Kozlariç yazırlar. Lakin bu o vaxtlar idi ki, İlham Əliyev Vaşinqtona prezident Obamanın nüvə təhlükəsizliyi sammitinə yollanmalı idi. “Buna baxmayaraq, aprel ayından hakimiyyətin azadlıqlar üzərinə hücumları intensivləşib”, - deyə məqalədə qeyd olunur. Müəlliflərin fikrincə, belə bir məqamda Birləşmiş Ştatlar Azərbaycana qarşı həlledici hərəkətə keçməlidir, “hərçənd Obama administrasiyası əsasən susur”.

Məqalədə daha sonra Azərbaycan hökumətinin müxalifət fiqurlarının və vətəndaş cəmiyyəti fəallarının həbslərini davam etdirdiyi bildirilir. “Azərbaycan yazıçısı Əkrəm Əylisli beynəlxalq hava limanında saxlanıb və onun ölkəni tərk etməsinə icazə verilməyib. "Azadlıq" qəzetinin direktoru və AXCP sədrinin köməkçisi Faiq Əmirli ötən ay həbs edilib. Avqust ayında həbs olunanların arasında REAL hərəkatının icraçı katibi Natiq Cəfərli, NİDA vətəndaş hərəkatının fəalı Elgiz Qəhrəman da var" - məqalədə deyilir. Yazıda bu da vurğulanır ki, ölkədə vəziyyət 26 sentyabr referendumundan sonra daha da pisləşə bilər. Müəlliflərə görə, bu referendumun nəticəsi indidən bəllidir.

Məqalədə təklif edilir ki, hazırda pisləşməkdə olan iqtisadiyyatını xilas etmək istəyən Azərbaycan Beynəlxalq Valyuta Fonduna və ya Dünya Bankına yardım üçün müraciət edərsə, ABŞ belə yardımı dəstəkləməməlidir. Kramer və Kauzlarich-in fikrincə, Azərbaycanda bütün siyasi məhbuslar azad edilənədək və Azərbaycan rəsmilərinin və dövlət mediasının anti-Amerika ritorikası dayandırlınadək ABŞ özünün bu ölkədəki səfirini uzunmüddətli məsləhətləşmə üçün geri çağırmalıdır.

Bundan əvvəl də sözügedən mətbu orqan daxil olmaqla, bir sıra Amerika qəzetlərində Azərbaycan hakimiyyətinə qarşı yazılar dərc olunub, hətta ayrı-ayrı ekspertlər Bakıya qarşı sanksiyalara çağırış ediblər. Lakin Amerika rəsmiləri bir qayda olaraq bu kimi iddiaların rəsmi mövqeyə aidiyyətinin olmadığını bildirirlər.

ABŞ Konqresində Azərbaycana qarşı sanksiyalar çağırışının qaşılığında isə ABŞ-da Azərbaycanla bağlı siyasət haçalanır. Ümumiləşdirsək, belə qənaətə gələrik: ABŞ-da rəsmi kurs budur ki, Azərbaycanla bağlı səssiz diplomatiya davam etdirilsin, iki dövlət arasında hansısa ixtilaflar olsa belə, bunlar qapalı müzakirələrlə yoluna qoyulsun. Amma bəzi qüvvələr də var ki, onlar sərt siyasətin tərəfdarı olmaqla yanaşı, mövcud problemlərin ictimailəşdirilməsində maraqlıdırlar.

Qeyd edək ki, bir müddət əvvəl qəzetimizdə “Amerikanın prezident Əliyevə işi düşüb - nüvə başlıqları” sərlövhəli sensasion yazı dərc olunmuşdu. Sözügedən məqalədə Pentaqonun yeni Bakı planından bəhs olunurdu. Bildirilirdi ki, İncirlikdəki nüvə başlıqlarının bir qismi Azərbaycana təklif oluna bilər. “Cənubi Qafqazda bu cür bir ABŞ sistemi olarsa, Gürcüstanın NATO yolu daha da sürətlənəcək və Azərbaycan daha rahat nəfəs ala biləcək”, - deyə, məqalədə qeyd olunurdu. Görünən budur ki, ABŞ-ın strateji planlarının reallaşması baxımından Azərbaycanla əlaqələrin qorunub-saxlanması olduqca vacibdir. Bu isə o deməkdir ki, Azərbaycanın regionda əhəmiyyətinin azaldığı barədə iddialar əsassızdır və Vaşinqton bu faktoru nəzərə almaqda davam edir. ABŞ-ın Azərbaycan iqtidarına loyal yanaşmasının səbəblərindən biri kimi bu məsələ önə çəkilir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Amerika Birləşmiş Ştatlarında Azərbaycanla bağlı hər zaman iki yanaşma olub: “Birinci yanaşma ondan ibarətdir ki, Azərbaycanda demokratiya və insan haqları ilə bağlı mövcud problemlərə rəğmən, rəsmi Bakı ilə sıx əməkdaşlığı davam etmək lazımdır. Bu mövqe Dövlət Departamentində hər zaman müdafiə olunub. Ağ Ev də bu məsləhətlərə qulaq asıb. Çünki Azərbaycanını bölgədəki əhəmiyyətini ən yaxşı Dövlət Departamenti işçiləri bilir və regional təhlükələri doğru ayırd edirlər. İkinci yanaşma isə bundan ibarətdir ki, Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar qəbul edilməlidir və bu yolla rəsmi Bakını siyasətini dəyişdirməyə məcbur etmək lazımdır. Hətta bu qrupa daxil olan şəxslər ABŞ səfirinin Azərbaycanda geri çağrılmasını təklif edirlər. Aydındır ki, rəsmi Bakının atdığı bir çox addım rəsmi Vaşinqtonun xoşuna gəlmir, ancaq buna qarşı sərt mövqe ortaya qoya bilmir. Ən çoxu hansısa dövlət hesabatında rəsmi Bakının addımları tənqid olunur”.

E.Şahinoğluna görə, ancaq rəsmi Vaşinqton tənqidçilərin rəyinə əsasən Azərbaycan hakimiyyətinə qarşı sanksiya tətbiqini də lazım bilmir: “Çünki bu, baş verərsə, Bakı-Vaşinqton münasibətləri dondurulacaq və tərəfdaşlıq münasibətlərinə son veriləcək. Bu isə başlıca olaraq bölgədə Rusiya və İranın maraqlarına cavab verəcək. Buna görə də Vaşinqton obyektiv olaraq Azərbaycan hakimiyyətinə qarşı sərt tədbirlərdən çəkinir. ”Vaşinqton post" qəzetində Azərbaycan hakimiyyətinin tənqidçiləri rəsmi Bakıya qarşı çox sərt tədbirlər təklif edirlər. Mən Vaşinqtonun bu tənqidçilərin təkliflərini nəzərə alacağını zənn etmirəm. Əsas tənqidçilərdən biri Riçard Kozlariçdir. Bu şəxs neçə il ölkəsinin Azərbaycandakı səfiri olub. Səfir kimi o da Azərbaycanda demokratiya və insan haqları sahəsində axsamaların şahidi idi. Buna baxmayaraq, inanmıram ki, o, səfir kimi buna cavab olaraq yazdığı hesabatlarda Vaşinqtona Bakı ilə əlaqələri dondurmağı təklif etsin. İndi isə o, bunun tərsini deyir. Çünki keçmiş səfir artıq heç bir rəsmi vəzifə daşımır, müstəqil fiqurdur. istədiyini deyə bilər". Politoloq hesab edir ki, Azərbaycan hakimiyyəti də Vaşinqtonla münasibətlərə ciddi yanaşmalıdır: “Əgər rəsmi Bakı Amerikadakı tənqidçilərini susdurmaq istəyirsə, bunun ən asan yolu səhv addımlardan çəkinməkdir. "Azadlıq" radiosunun qapanması, Natiq Cəfərli, İlqar Məmmədov və digər siyasi və ictimai fəalların həbsi Azərbaycan-ABŞ münasibətlərində gərginlik elementlərini artırır, rəsmi Bakının tənqidçilərinin əlini gücləndirir. Əslində Azərbaycan prezidenti İlham Əliyev Amerika ilə strateji tərəfdaşlığın tərəfdarıdır. İlham Əliyevin sonuncu dəfə Amerikaya səfəri və vitse-prezident Cozef Baydenlə görüşü də tərəflərdə böyük ruh yüksəkliyi yaratmışdı. Bayden həmin görüşdə Azərbaycan torpaqlarının işğalından danışmışdı ki, bu da hamımızın xoşuna gəlmişdi. İlham Əliyev də bu səfərdən razı qayıtmışdı. Ancaq sanki Azərbaycan hakimiyyəti içində kimlərsə Amerika ilə münasibətləri korlamaq üçün var gücləriylə çalışırlar. Onlar bununla yalnız Amerika-Azərbaycan münasibətlərini gərginləşdirmirlər, eləcə də prezidentin xarici siyasətinə zidd gedirlər".


AVP sədri, deputat Fəzail Ağamalı ABŞ-da Azərbaycanla bağlı ikili münasibətin olduğunu təsdiqlədi: “Görünən budur ki, ABŞ-ın rəsmi dairələri, daha çox Amerikanın maraqlarına xidmət edən, daha praqmatik olan, Azərbaycanın yerləşdiyi məkanda ciddi rol oynadığını, vacib bir ölkə olduğunu və Cənubi Qafqazın lider ölkəsi kimi dəyərləndirərək, münasibətlərə əhəmiyyət verən, buna uyğun addımlar atan qüvvələr var. Bu baxımdan rəsmi Vaşinqtonun mövqeyi Azərbaycanla münasibətlərin normal inkişafına köklənib və bu istiqamətdə müəyyən problemlər olsa da, nəticə etibarilə bu münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Əlbəttə, Azərbaycan da buna maraqlıdır. Azərbaycan supergüc olan ABŞ-la münasibətlərin hər zaman normal olmasında öz iradəsini ortaya qoyub. Bu gün ABŞ-la Azərbaycan arasında rəsmi baxımdan münasibətlər normaldır, hər hansı ciddi xarakter daşıyan problem yoxdur. Ola bilsin ki, hətta Vaşinqtonda yüksək ranqlı məmurların da içərisində Azərbaycanı istəməyən, erməni diasporunun təsiri altında erməni lobbisinə çevrilən şəxslər var. Lakin təbii ki, bunlar Vaşinqtonun strateji maraqlarına qarşı açıq şəkildə çıxış edəcək bir iradə sahibi deyillər və bu, mümkün də deyil”.

F.Ağamalı hesab edir ki, anti-Azərbaycan xarakterli qüvvələr rəsmi Vaşinqtondankənar, əsasən konqresmenlər, senatorlar, keçmiş səfirlər arasından çıxır, yaxud bəzi media orqanlarında çalışır: “Bunlar hər zaman Azərbaycanın əleyhinə olub və bu gün də olmaqdadırlar. Özü də bunların arxasında erməni amili dayanır. Erməni lobbisinin istiqamətləndirdiyi bu insanlar anti-Azərbaycan qüvvələrin içərisində öz fəallıqları ilə seçilirlər. Bu yazıda da, məncə, məhz ermənilərin, Amerikadakı erməni icmasının təsiri altında olan, onların maliyyəsi ilə qidalanan, mayalanan və öz varlıqlarını qoruyub-saxlayan insanlar tərəfindən təşkil olunmuş bir böhtan xarakterli yazıdır. Mən ümidvaram ki, bu yazı rəsmi Vaşinqtonun Azərbaycana qarşı münasibətlərində heç bir yeni xoşagəlməz çalarlar yaratmayacaq. Çünki bu, əslində həm də indiki ağır, beynəlxalq münasibətlərin çox kəskin bir dövründə Vaşinqtonun özünə də sərf etməz”.musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.