Eldar Sabiroğlu yolu: YAP-dan Milli Şurayadək…

13-09-2016, 00:08           
Eldar Sabiroğlu yolu: YAP-dan Milli Şurayadək…
Xalq Cəbhəsinin üzvü olmuş və sonra əqidəsini YAP-a dəyişmiş keçmiş deputat indi qulluq etdiyi sistem tərəfindən cəzalandırılır
eldarsabiroglu– Eldar Sabiroğlunun xəmiri xəyanətlə yoğrulub.
– Eldar Sabiroğlu YAP-ın informasiyalarını müxalifətə ötürürdü.
– Eldar Sabiroğlu cəbhəçi yoldaşlarının vəzifələri öz aralarında paylaşdığını, onun isə bu bölgüdən pay ala bilmədiyini görüb AXC sıralarından kənarlaşdı.
Bütün bu tezislər hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Siyavuş Novruzovun Eldar Sabiroğlu haqda zaman-zaman dediklərindəndir.
– Tutaq ki hakimiyyət müxalifətçini almaq istəyir, bəs o niyə satılmaq istəyir?
– Müsavatın Divanında şəxsi agentim varıydı.
– Günlərin birində Qabil Hüseynli – icarəyə götürülmüş politoloq – onun ən yaxşı qiymətini Heydər Əliyev verib. Dedi ki, İsa Qəmbər istəyir ki, Müsavatda təmsil olunasınız.
– Divanda gedən söhbətlər, yarım saat sonra mətbuatda tezis şəkilində gedirdi. O tezislərin çoxu mənim qələmimdən çıxmış işlər idi.
Bu açıqlamalar isə Eldar Sabiroğlunun verdiyi müsahibədən aktual fikirlərdir. YAP-ın keçmiş deputatı, hakim partiyanın quruculuğunda dəridən-qabıqdan çıxmış siyasətçi, Müdafiə Nazirliyinin sabiq sözçüsü indi ən qatı müxalifətçiyə çevrilib. Sistem Əli İnsanov, Gültəkin Hacıbəyli, Hüseyn Abdullayev və digərlərinin ardınca Eldar Sabiroğlunu da radikal müxalifətçiyə döndərib.
Yaxın vaxtlarda Sabiroğlu Milli Şurada təmsil olunsa təəccüb doğurmaz. Əvvəlcə özünün iqtidarla çəkişməsi, sonra müstəntiq olmuş oğlu Rüfət Səfərovun 9 il azadlıqdan məhrum edilməsi onu qeyri-ixtiyarı hakimiyyətlə qarşı cəbhədə yer almasına gətirib çıxarıb. E.Sabiroğlu kifayət qədər təcrübəli siyasətçidir. Hələ ki müxalifət düşərgəsində rəsmi təmsil olunması real görünmür. Ancaq gedişat xəbər verir ki, Sabiroğlu Milli Şuraya gedən yoldadır.
Xalq Cəbhəsinin üzvü olmuş və sonra əqidəsini YAP-a dəyişmiş keçmiş deputat indi qulluq etdiyi sistem tərəfindən cəzalandırılır. Bu, Şeyx Əzəmin qızını Teymurləng uğrunda ölümə göndərməsinə bənzər hadisədir. İndi oğlu ilə cəzalanan E.Sabiroğlu yenidən Xalq Cəbhəsinin formal mövcudluğunu saxlayan MŞ-ya qatıla bilər. Ən azından oğlu Rüfət müxalifətin yeni məşhur simasıdır. Bu, atalar və oğullar dilemmasının bariz nümunəsidir. Sabiroğlu isə Əli İnsanov kimi hikkəli və prinsipial yol getməklə günahlarını yuya bilər.
Milli Şura məmnuniyyətlə onu qəbul etməyə hazırdır. Müxalifətin bu qanadının son illərdəki prinsipləri dəyişib. Vaxtilə iqtidara xidmət etmiş adamlar müxalifət tərəfindən boykot olunurdusa, MŞ-da tövbə qapısı açıq elan edilib.
Gültəkin Hacıbəyli buna ən böyük presedentdir. Eldar Sabiroğlunun da bu mənada Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və başqaları ilə eyni cərgədə dayanması gözləniləndir.
Müsavat Partiyası bəlkə də onu qəbul etməz, Milli Şura isə cəmiyyətin müxtəlif təbəqələrini öz çətiri altına toplamağa hazırdı. Hətta həmin şəxs hakimiyyətin uzun müddət nökəri olsa da…
E.Sabiroğlu indiki halda bilir ki bu addım iqtidarı daha da qıcıqlandıra bilər, üstəlik hardasa ümidini itirmədiyi üçün yenidən körpülər bərpa edilə bilər. Bu baxımdan Hacıbəyli kimi partiya yolunu seçməkdə tələsmir. Lakin onun iradəsindən asılı olmayaraq proseslərin gedişi Sabiroğlunu təhrik edir. Ən azında Rüfətə görə bu fədakarlığı etməlidir…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.