Politoloqdan deputata sərt cavab: “Səməd Seyidov suallara cavab vermək əvəzinə öz aləmində…”
13-09-2016, 01:30
Politoloq Elxan Şahinoğlu ilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov arasında mətbuatda gedən söz savaşı səngimək bilmir. Politoloqun S.Seyidovun ermənipərəst deputat Rene Rukenin dəvəti ilə Fransaya səfər etməsini tənqid edən statusla başlayan narazılıq artan xətlə gedir. AŞPA-DA-dakı nümayəndə heyətimizin rəhbəri virtualaz.org-a açıqlamasında E.Şahinoğlunu “savadsız və məhdud” adlandırıb. Politoloqun S.Seyidova cavabı gecikməyib. O, öz feysbuq səhifəsində status paylaşaraq oppenentini növbəti dəfə sərt şəkildə tənqid edib.
Həmin statusu olduğu kimi təqdim edirik: “Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun Parisə səfərini dünənki statusumda tənqid etmişdim. Tənqidimin məğzi bu idi ki, Səməd Seyidov Parisə fransalı deputat Rene Rukenin dəvəti ilə gedib. Bu həmin Rene Rukedir ki, hər il Dağlıq Qarabağa qeyri-qanuni səfərlər edir, erməni separatçılarını rəsmən tanıyır, “Dağlıq Qarabağın” tanınması haqqında “sənədə” imza atıb, Azərbaycanı “işğalda” ittiham edir və s. Buna görə də haqlı olaraq Azərbaycan XİN həmin şəxsi “persona non-qrata” elan edib. Bu şəxsin Azərbaycana gəlişi qadağandır. Ona görə də belə bir şəxsin dəvəti ilə Parisdəki müzakirələrə qatılmağı tənqid etmişdim. Statusumda bir sıra suallar var idi.
Səməd Seyidov isə haqqin.az saytına verdiyi açıqlamada qoyulan suallara cavab vermək əvəzinə öz aləmində məni aşağılamağa çalışıb. Mənim dünənki statusumu bir daha oxumanızı xahiş edirəm, orada məsələyə konkret yanaşma var, bir cümlə də təhqir tapa bilməzsiniz, bu mənim stilim deyil. Bir də Səməd Seyidovun cavabını oxuyun və parlamentin komitə sədrinin stilinə baxın.
Ayrıca, Səməd Seyidov açıqlamasında Rene Rukenin Qarabağla bağlı ermənipərəst mövqeyi haqqında bir kəlmə də demir. Bunun əvəzinə millət vəkili deyir ki, Rene Rukenin mövqeyi dəyişməsə belə bu cür müzakirə platformlarından istifadə etmək lazımdır. Kim deyir ki, beynəlxalq müzakirə platformlarından imtina etməliyik? Ancaq Fransa-Ermənistan dostluq qrupunun rəhbərinin təşkil etdiyi konfransda Azərbaycanın mövqeyi dilə gətirilsə nə dəyişəcək ki? Onsuz da bu adamın ucbatından AŞPA Azərbaycandakı toplantılarını iki illiyinə təxirə salmışdı. Onda da deyə bilərdik ki, “bəlkə bu adamı bağışlayaq ki, Azərbaycanın mövqeyi Bakıda səsləndirilsin”. Doğru olaraq bunun demədik, prinsipial mövqe ortaya qoyduq və belə bir şəxs əvvəlkitək bizim üçün “persona non-qratadır”.
Almaniya parlamenti bir neçə ay əvvəl “erməni soyqırımını” tanıyan qətnamə qəbul etdi. Bu Türkiyə ilə yanaşı Azərbaycanın da hissiyatına toxundu. Elə alındı ki, dövlət başçısı İlham Əliyev bir neçə gün sonra bu ölkəyə səfər etdi. Səfər Almaniya parlamentindəki məlum səsvermədən əvvəl nəzərdə tutulmuşdu. Buna baxmayaraq, prezident Berlində kansler Angella Merkellə görüşsə də, Almaniya parlamentinin məlum qərarına etiraz olaraq Bundestaqda görüşdən imtina etdi. Halbuki, belə bir görüş proqramda nəzərdə tutulmuşdu. İndi Səməd Seyidovun məntiqindən çıxış etsək, prezident Almaniya Bundestaqının ermənipərəst qətnaməsinə rəğmən, Azərbaycan həqiqətlərini almaniyalı deputatların diqqətinə çatdırmaq məqsədilə Bundestaq rəhbərliyi ilə görüşdən imtina etməməli idi? Görünür, Səməd Seyidov bu halda da fərqli addım atar, həssas məqamda Almaniya Bundestaqındakı konfransdan imtina etməzdi”.
Politoloq onu iqtidar politoloqu kimi təqdim edən mətbuat orqanına da cavab verib: “Haqqin.az saytı Səməd Seyidovun açıqlamasını əks etdirən yazıda məni “iqtidar politoloqu” kimi təqdim edib. Şübhə etmirəm ki, iqtidardan olanların bir qismi məni əksinə “müxalifət politoloqu” kimi qələmə verər. Ən maraqlısı odur ki, yazının başlanğıcında sayt məni iqtidarpərəst kimi qələmə verdiyi halda, yazının sonunda Səməd Seyidov mənə işarə edərək müxalifətin mövqeyini tənqid edir. Mən nə “iqtidar”, nə də “müxalifət” politoloquyam, saytın iddia etdiyi kimi, iqtidarpərəst olsaydım Səməd Seyidovun Rene Rukenin dəvəti ilə Paris konfransına qatılmasına toxunmazdım, görməzlikdən gələrdim”.
musavat.com