Ermənilərə BMT-dən sual: - “Siz Qarabağda bizdən konkret nə gizlədirsiniz?”
14-09-2016, 19:27
BMT-nin insan haqları üzrə Ali Komissarı Zeyd Raad əl-Hüseyn Ermənistanı və Dağlıq Qarabağdakı qondarma erməni rejimini insan haqları ilə bağlı vəziyyəti araşdıran beynəlxalq müşahidəçiləri əngəlləməkdə günahlandırıb.
Virtualaz.org xəbər verir ki, Ali Komissar bu barədə BMT-nin İnsan Haqları Şurasının ötən gün sentyabrın 13-də Cenevrədə keçirilən 33-cü sessiyasındakı çıxışı zamanı deyib.
Əl-Hüseyn sessiyanın açılış nitqində deyib ki, hökumətlər insan haqları təsisatlarını tez-tez suveren dövlətlərin daxili işlərinə müdaxilə etməkdə günahlandırır. “İnsan haqları milli məsələdirmi? Hökumətlər insan haqları sahəsində öz öhdəliklərini yerinə yetirməyə və normalara riayət etməyə borcludur. Lakin bütün ölkələrdə bütün insanların haqları şübhəsiz ki, bizim kollektiv diqqətimizi tələb edir”-Ali Komissar bildirib.
Əl-Hüseyn bildirib ki, bəzi ölkələrin və ərazilərin insan haqları sahəsində beynəlxalq müşahidəçiləri əngəlləməsi ancaq bu sualı doğurur: “Siz bizdən konkret olaraq, nə gizlədirsiniz?
BMT Ali Komissarı beynəlxalq müşahidəçiləri əngəlləyən və ya onlara rədd cavabı verən ölkələr sırasında Konqo, Suriya, Venesuela, Türkiyə, Efiopiya, Hindistan, Pakistan, Mozambik, Qambiya, Çin, Nepal, Özbəkistan, Ermənistan, Burundi və Şimali Koreyanı, habelə separatçı Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ bölgələrini, İranı, Belarusu, Eritreyanı, Yəməni, İsraili və ABŞ-ı göstərib.
“İnsan haqları universaldır, bölünməzdir və qarşılıqlı olaraq bağlıdır. Əgər dövlət bu hüquqlardan hansını təmin edib hansını təmin etməməyi seçsə bütün struktur dağılacaq”-əl-Hüseyn deyib.