Rüfət Səfərovun xanımı: “Mübarizədə sonuna qədər varam”
15-09-2016, 08:17
İctimaiyyətə və ailəsinə müraciət edən Rüfət Səfərova həyat yoldaşından cavab:
– Həyat yoldaşım Rüfətin təcridxanadan göndərdiyi müraciəti oxudum. Mənim üçün nə qədər ağır olsa da onun bu iradəsi məni çox sevindirdi. Ruhən özümü Rüfətin yanında hiss edirəm. O mənim ömür sirdaşım olmaqla bərabər, həm də əqidə dostmudur. Biz birlikdə çox mətləbəri müzakirə edir və mövcud qanunsuzluqlar haqda xeyli fikir mübadiləsi aparırdıq. Bu düşüncə həmrəyliyi qırılmazdır və sonunadək davam edəcəkdir. Rüfəti haqsız və ədalətsiz olaraq mühakimə edib zindana atdılar. Hər çətin günün bir aydınlığı olur. Onu rüşvətxorluqda ittiham edənlərə sadəcə gülürəm. Rüfət heç bir vaxt evə haram tikə gətirmədi, kiminsə haqqını tapdalayıb üstündən keçmədi. Eybi yox. Zaman gələr, kimin haqlı və haqsız olduğunu görmək bizlərə nəsib olar. Buna Allahım qədər inanıram. Rüfəti zindana atanlara sözüm budur: əgər o doğurdan da rüşvətə meyilli müstəntiq idisə, nədən şirin çayına acı qatıb dəmir barmaqlıqlar arasına gedirdi. Rüşvətini davam etdirib işində də qalardı, lakin o bunun əksinə gedərək qanunsuzluqlara etiraz edib, vəzifəsindən istefa verdi, sonunda, bunun da bəlasına düçar oldu. Əzizim Rüfət, möhkəm iradəli ol. Mən möhkəm və nikbinəm, sənə olan ədalətsizliyə qarşı mübarizədə sonuna qədər varam.
Nuray Səfərova