Müsavat Partiyası mitinq keçirdi - 'Yaşasın Respublika' - FOTO

18-09-2016, 21:22           

Sentyabrın 18-də Müsavat Partiyası metronun "İnşaatçılar" stansiyasının yaxınlığında yerləşən "Məhsul" stadionunda "Yaşasın Respublika!" şüarı ilə mitinq keçirdib.

Musavat.com saytı xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya bu il sentyabrın 26-da keçiriləcək referendumla bağlı olub.

Aksiyaya sakit atmosferdə start verilib və tədbirin sonuna qədər heç bir problem yaşanmayıb. Tədbirdə Müsavat Partiyasının və ona yaxın olan qurumların üzvləri, ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirak edib.

Meydanda “Yaşasın Respublika”, Cümhuriyyəti biz qurduq. Biz də yaşadacağıq”, “Fərəc Kərimova azadlıq” şüarları qaldırılıb. Mitinqin aparıcısı Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı olub.

Müsavat Partiyasının başqanı Arif Hacılı və eks başqan İsa Qəmbər tribunaya birlikdə çıxıblar. Mitinq Azərbaycan Respublikasının himni ilə açıq elan edilib.

Çıxış edənlər xalqı referendum səsverməsində "Yox" deməyə səsləyiblər. Müsavat Partiyasının başqanı Arif Hacılı, eks başqan İsa Qəmbər, keçmiş siyasi məhbus Yadigar Sadıqlı, vəkil Osman Kazımov və D18 hərəkatının lideri Ruslan İzzətli mitinqdə çıxış ediblər.

Müsavat Partiyasının başqanı Arif Hacılı çıxışında bütün maneələrə baxmayaraq, mitinqə gələnlərə təşəkkür edib. A. Hacılı ölkədəki ictimai-siyasi vəziyyətdən, iqtisadi böhrandan danışıb və mövcud hakimiyyəti sərt tənqid edib. Müsavat başqanı həbsdə olan siyasi məhbuslardan da bəhs edib:

“Azərbaycanda 100-dən artıq siyasi məhbus var. Xalq təzyiqlərə baxmayaraq müqavimətini davam etdirir. Həbsdə olan siyasi məhbusların azadlığa çıxacağı gün uzaqda deyil. Həmin adamlar Azərbaycan üçün bir nümunə yaradırlar. Biz bu iqtidarın hakimiyyətdən getməsini istəyirik”.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər: “Biz gələcəyi hədəf seçməliyik. Bu gün xalqın həyat səviyyəsi həddindən artıq aşağıdır. İnsanlar hakimiyyət banklarının kredit girovlarına çevrilib. Yüzlərlə insan azad söz söylədiyi üçün həbslərə atılır, repressiyalara məruz qalırlar. Böhrandan çıxış yolunun tapılması real görünmür. Çünki bunu səbəbkarı elə bu hakimiyyətdir".

"İndi hakimiyyət nümayəndələri referendumu əsaslandırmaq üçün 14 yaşlı Şah İsmayıldan nümunə gətirirlər. Ya onların bu referendumu nə məqsədli keçirmələri haqda məlumatları yoxdur, ya da əsaslandırmağa çətinlik çəkirlər" - bu sözləri mitinqdə çıxış edən Müsavat başqanının müavini Yadigar Sadıqlı deyib.

Mitinqin sonunda təşkilatçılar öncəki mitinqdə baş verən hadisələrin, həbslərin yaşanmaması üçün mitinq iştirakçılarını stadiondan kənarda heç bir şüar səsləndirməməyə çağırıblar.

Daha sonra mitinqin qətnaməsi oxunub. Qətnamə müəllifləri sentyabrın 26-da keçiriləcək referendumun ləğv olunmasını, islahatların keçirilməsini, Qarabağın azad olunmasını, əhalini rifahı istiqamətində tədbirlərin həyata keçirilməsini və siyasi məhbusların azad olunmasını tələb edib. Mitinq başladığı kimi sakit şəkildə başa çatıb.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.