Rusiya seçkiləri: sensasiya yoxdur, bəs azərbaycanlı deputatlar niyə təəccüblənib...

19-09-2016, 12:05           
Rusiya seçkiləri: sensasiya yoxdur, bəs azərbaycanlı deputatlar niyə təəccüblənib...
Rusiya Dövlət Dumasındakı 450 yerdən 225-nə seçkilər proporsional, qalan 225-nə majoritar əsasda keçirilir. Seçkilərin ilkin nəticələrinə əsasən heç bir sensasiya baş verməyib və səslərin əksəriyyətini hakim partiya qazanıb. Baxmayaraq ki, bu seçkilər Rusiyada ciddi sosial-iqtisadi çətinliklərin yaşandığı bir vaxtda keçirilir. Dövlət Dumasında qalan yerləri bölüşdürənlər formal olaraq müxalifət partiyaları hesab edilsələr də onlar prinsipial məsələlərdə Kremlin mövqeyinə uyğun hərəkət edirlər.

Seçkiləri MDB müşahidə missiyasının tərkibində Azərbaycan Milli Məclisinin deputatları Asəf Hacıyev və Musa Quliyev də izləyiblər. Virtualaz.org xəbər verir ki, onlar Tatarıstanda səsvermə prosesini müşahidə ediblər. Asəf Hacıyev 15 məntəqədə səsvermən izləyib və Tatarıstan KİV-ləri xəbər verir ki, o, seçkilərin şəffaflıq dərəcəsindən təəcüblənib. Çünki namizədlər haqqında bütün məlumatlar, o cümlədən gəlirləri və daşınmaz əmlakları barədə bütün məlumatlar təqdim olunmuşdu.

Musa Quliyevi isə xüsusən elektron səsvermə təəcübləndirib. O, 11 məntəqədə seçkiləri izləyib və deyib ki, xüsusən elektron səsverməni qeyd etmək istərdi. “Bu təcrübəni öyrənmək və tətbiq etmək lazımdır”-Musa Quliyev deyib.

* * *22:44

Bu gün Rusiyada keçirilən parlament seçkilərində səsvermə başa çatıb və Mərkəzi Seçki Komissiyası nəticələri açıqlamağa başlayıb.

Virtualaz.org xəbər verir ki, MSK səslərin təxminən 7 faizinin sayılmasından sonra hakim “Vahid Rusiya” partiyasının 44.15 faiz səs topladığını elan edib. Jirinovskinin partiyası LDPR-in 18.39, Kommunist Partiyasının (KPRF) 17.24, “Ədalətli Rusiya”nın 6.24 faiz səs topladığını elan edib. Beşinci yerdə isə “Rusiya Kommunistləri” partiyası gəlir, lakin bu partiya 5 faizlik baryeri keçə bilmir.

MSK bildirir ki, birmandatlı dairələr üzrə hakim “Vahid Rusiya” partiyası Dövlət Dumasında 65 mandat qazana bilər. Lakin bunlar hələ ilkin nəticələrdir.

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi və Federal İctimai Rəy sorğu mərkəzlərinin apardıqları exit-polların nəticələrinə əsasən isə nəticələr daha fərqlidir. Belə ki, bu exit-pollardan birinə görə hakim partiya 49.9 faiz səs yığır. KPRF 16.3 faiz səslə ikinci, LDPR 14.3 faiz səslə üçüncüdür. “Ədalətli Rusiya” isə 7.6 faiz səs yığıb. Lakin Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin apardığı exit-polla əsasən qərbmeylli müxalifət partiyası “Yabloko” da 3 faizlik baryeri keçir və bu, partiyaya dövlətdən maliyyə almaq şansı qazanır. Partiyanın 3.4 faiz səs ala biləcəyi bildirilir. MSK-nın sədri Olqa Pamfilova isə deyib ki, exit-poll hələ rəsmi nəticə deyil və rəsmi nəticələrlə rəy sorğuları arasında kardinal fərqlər ola bilər.

Səslərin sayılması hələ başa çatmasa da baş nazir Dmitri Medvedyev hakim “Vahid Rusiya” partiyasının qalib gəldiyini elan edib. Prezident Putin isə hakim partiyanın seçki qərargahına gedib və gözlənilir ki, o, seçkilərin nəticələri ilə bağlı çıxış edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.