"Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" - Eldəniz Quliyev

1-10-2024, 15:40           
"Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" - Eldəniz Quliyev
“Çox təəssüflə qeyd etməliyəm ki, müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar. Hər şeyi inkar etmək, hətta bir çox hallarda tənqidi təhqirlə əvəz etmək... Kiminsə ailəsinə səhv addımına qarşı kütləvi şəkildə hücum olur və bir çox hallarda bu, təhqirlə müşayiət olunur. Yolverilməzdir! Demokratik mübarizənin fəlsəfəsinə heç cür uyğun deyil. Bu yaxınlarda bir neçə nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verdi. Ləyaqətlə istefalarının səbəbini də dedilər, uzaqlaşdılar. İlahi, bunların üstünə necə hücumlar oldu, nələr deyilmədi. “Sənin ayağın büdrəyib, yəqin, satılmısan...” Belə hücumlar bəzi hallarda yazıçılara, şairlərə qarşı da olur. Bu da düzgün deyil. Mənim aləmimdə müxalifət əslində hücum etmək yox, müqavimət göstərməlidir. Yəni hər hansı pisliyə qarşı müqavimət göstərmək. Reysin qatarın təkərinə olan müqaviməti olmasa, qatar dayanacaq, getməyəcək. Müqavimət əsas prinsip olmalıdır, inkar, hücum yox. Müxalifət iqtidarın səhv siyasətinə yanlış hərəkətlərinə, strategiyasına qarşı müxalifət müqavimət göstərir. Bu müqavimət iqtidarı yıxacaqsa, heç şübhəsiz, müxalifətin özü də yıxılacaq. Yaxud əksinə, iqtidar müxalifəti məhv edəcəksə, özünü də məhv edəcək”.

Pravda.az xəbər verir ki, bu sözləri yazıçı, dramaturq Eldəniz Quliyev deyib.

“Anar, Ramiz Rövşən, yaxud Aqil Abbas haqqında bir çox hücumlar oldu, ad, soyadını yaza bilməyən 20 yaşlı bir adam Anara yazı öyrətməyə başladı. Qələm əhlindən əlavə, bütün millətin fəxr etməli olduğu poetik şeirləri bir kənara qoyub, onun yerişini, bəzi çıxışlarını tənqid atəşinə tutan müxalif nümayəndələr də oldu. Bir də Sevinc Osmanqızı... İlahi, eşitmişdim, amma baxmamışdım. Bu yaxınlarda rəylərə baxdım, onun haqqında nələr yazırlar. Əksəriyyəti müxalifət partiyaların üzvləridir. Nə oldu, neçə illərdir ki, Sevinc Osmanqızı sizin yükünüzü daşıyır, müxalif mövzulu verilişlər yayır... Nə səbəbə onun üstünə kütləvi hücumlar oldu? Elə hesab edək ki, həqiqətən, Osmanqızı nəyisə səhv deyib. Anlamalıyıq ki, jurnalist iki nəfərdən - ağ və qara adamlardan müsahibə götürürsə, tərəfsiz olmalıdır. Bu, jurnalistikanın əsas qanunlarından biridir. Yox, bir nəfərdən müsahibə götürürsə, onda həmin bir nəfərin tərəf müqabili onun opponentinə çevrilməlidir. Verilişi tək aparırsa, istədiyi azad fikri deyə, öz mövqeyini ortaya qoya bilər. Hər hansı tanınmış siyasi xadimə opponentlik də edə bilər, tərəfdarlıq da. Bu onun işidir. Buna görə onu linç etmək, ağlına gələni yazmaq... şəxsən mən Sevinc xanımla tanış deyiləm. Atası ilə yaxşı münasibətimiz olub. Görünən kəndə nə bələdçi? Bu adam mübarizə aparır. Bunu görməzdən gəlib hər hansı sözə görə üstündən çarpaz xətt çəkmək heç bir əndəzayə sığmır. Əli Kərimli ilə, demək olar, 30 il çiyin-çiyinə mübarizə aparmışıq. Əli bəy polemikaya açıq adamdır. İndiyə qədər görməmişəm ki, onun ağzından qeyri-normativ sözlər çıxsın. O, faktla danışmağı sevir. Rəyi dəyişmək olar, faktı yox. Ağlabatan fikir də yürüdəndə qəbul edir. Mən bilən, müxalifətin fəaliyyəti kimlərinsə ünvanına təhqir yağdırmaqdan daha çox seçkiyə yönəlməlidir. Sevinc xanım dedi ki, seçkiyə getmək lazımdır. Mən də bunu demişəm. Buna görə tənqid, ya təhqir atəşinə tutulmalıyam? Xeyr, seçkiyə getmək lazım idi. Getmədiyimizə görə bu cür absurd vəziyyətlər ortaya çıxır. Hansısa çatışmazlıqları, qanun pozuntularını dünyaya göstərmək olardı. Yoxsa “prioritet Seçki Məcəlləsinin dəyişdirilməsi, bərabərhüquqlu şərait olacaqsa, seçkiyə gedirik...” Bunlar olacaqsa, nənəm də seçkiyə gedər. Bu cür də yanaşmaq olmaz. Fikirləşməyin ki, müxalifəti kimsə özəlləşdirib. Müxalif fikirli, lakin müxalif partiyalardan uzaqda olan, mütərəqqi fikirli çox insan var. Sadəcə, abırlarına qısılıb səslərini çıxarmırlar. Demokratik düşərgədən olan müxalif dostlarıma deyirəm ki, küllə ocaq qalamaq olmaz. Kül alışmır, külək onu aparır. Gəlin səmimi olaq, gözə kül üfürməyək. Mübarizəmizin hədəfi də, məqsədi də məlumdur. O məqsədə doğru addımlayaq”, - o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.