AXCP ilə Müsavat arasında mitinq qovğası başladı
20-09-2016, 09:15
Milli Şura Müsavata görə mitinq qərarını danır
“Müsavat Partiyası gələn həftə üçün mitinq keçirməyi planlaşdırırdı. Amma mənim bildiyim qədər 24 sentyabrda Milli Şura mitinq keçirəcək. 25 sentyabr günü isə referendumla bağlı təbliğata icazə verilmədiyinə görə, biz həftə sonları mitinq edə bilmirik.
Ona görə mən bu tribunadan bütün müsavatçılara səslənim deyirəm ki, 24 sentyabr həm də bizim mitinqdir. Siz də gəlin qoşulun Milli Şuranın 24 sentyabr mitinqinə”.
Bu sözləri Müsavat Partiyasının başqanı Arif Hacılı sentyabrın 18-də Müsavat Partiyasının baş tutan mitinqi zamanı səsləndirib.
Milli Şura üzvü, AXCP sədrinin müavini Gözəl Bayramlı isə moderator.az-a açıqlamasında Arif Hacılının fikirlərinə münasibət bildirib: “Arif Hacılının bu açıqlamasını doğru hesab etmirəm. Milli Şura hələ ki rəsmi olaraq 24 sentyabr tarixində mitinq keçirmək haqda qərar qəbul etməyib. Biz belə bir qərar verdikdən sonra kimsə bizim təşkil edəcəyimiz aksiyayla bağlı insanlara müraciət edə bilər. Hazırda isə Milli Şura 24 sentyabrda mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamayıb”
“Report”a açıqlamasında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev isə deyib ki, Milli Şura sentyabrın 24-də mitinq keçirməyəcək.
Onun sözlərinə görə, növbəti mitinqin keçirilməməsinin səbəbi sonuncu aksiyada baş verənlərdir: “Bilirsiniz ki, sonuncu razılaşdırılmış mitinqdə bir neçə fəal həbs edilib. Biz də bunu nəzərə alıb mitinq keçirməyəcəyik”.
E.Quliyev Müsavat Partiyası rəhbərliyinin mitinqlə bağlı çağırışına da münasibət bildirib: “Çox güman ki, Müsavat rəhbərliyi Milli Şuranın bu qərarından xəbərsiz olub. Biz onların birlik çağırışlarına hörmətlə yanaşırıq”.
Göründüyü kimi, AXCP heç olmasa “bu mövqeyə, dəstəyə görə sağ olsunlar” demək əvəzinə az qala Müsavatı qınayıb. Gözəl Bayramlının bircə “bizə sizin dəstəyiniz lazım deyil, mitinqə qatılmanızı istəmirik” deməsi qalıb. Əslində dolayısı ilə bunu deyib də.
Bu, AXCP-nin əslində iqtidarla deyil, Müsavatla mübarizə apardığına dair deyilənlərin təsdiqidir. Müsavat mitinq keçirəndə bir gün əvvələ mitinq təyin edirlər. Müsavat bəyan edəndə ki, sizin mitinqinizə qatılacağıq, təyin etdikləri mitinqi danırlar. Bu, bir daha sübuta yetirir ki, Əli Kərimlinin məqsədi AXCP-ni Müsavatdan güclü göstərmək, bunu sübuta yetirməkdir. Birgə mitinqin baş tutmaması üçün indi də “biz mitinq təyin etməmişik” söhbətini ortaya atdılar. Belə görünür ki, Müsavatın mitinqə qoşulacağını bəyan etməsi Milli Şuranı mitinq keçirmək qərarından daşındıracaq.
Müsavat Partiyasının xoşməramlı addımına AXCP-dən verilən bu cür cavaba Müsavatın münasibətinə gəlincə, partiya başqanının müavini Elman Fəttah “Yeni Müsavat”a bildirdi ki, Milli Şura 24 sentyabrda “Məhsul” stadionunda mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət məktubunu sosial şəbəkədə yayıb. Müsavat rəhbərliyi də həmin məktuba əsaslanaraq insanları 24 sentyabra planlaşdırılan mitinqə çağırıb: “Nədən narazıdırlar, anlamıram”.
E.Fəttah 24 sentyabrda Milli Şuranın mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanlanan və sosial şəbəkədə yaydıqları rəsmi məktubun surətini də “Yeni Müsavat”a təqdim edib. Məktubda Milli Şuranın 24 sentyabr saat 15.00-dan 17.00-dək Yasamal rayonu ərazisindəki keçmiş “Məhsul” stadionunda mitinq keçirmək barədə qərar verdiyi bildirilir və BŞİH-in qeyd olunan vaxta mitinqə şərait yaratması istənilir. Hacıbala Abutalıbova mitinq üçün məktubu Mili Şuranın Koordinasiya Mərkəzinin üzvləri Eldəniz Quliyev, İbrahim İbrahimli və Vahid Məhərrəmov imza atıb.