Prokurorlar Trampın seçkilərdəki məğlubiyyətinin ləğvi cəhdləri ilə bağlı yeni təfərrüatlar təqdim edib

Bu gün, 16:54           
Prokurorlar Trampın seçkilərdəki məğlubiyyətinin ləğvi cəhdləri ilə bağlı yeni təfərrüatlar təqdim edib
Prokurorlar bildirib ki, Donald Tramp rəsmilərə və o vaxtkı vitse-prezident Mayk Pensə 2020-ci il seçkilərindəki məğlubiyyətini aradan qaldırmağa çalışmaq üçün təzyiq göstərdiyi zaman prezidentlik səlahiyyətləri çərçivəsindən kənar hərəkət edib.

Bu məsələ ilə bağlı yeni sənəd Ali Məhkəmənin eks-prezidentlərin vəzifədə olduqları müddətdə törətdikləri rəsmi əməllərə görə təqib olunmaqdan toxunulmazlığa malik olması ilə bağlı iyul qərarından sonraya təsadüf edir.

Məhkəmə sənədi Trampın 2020-ci il seçkilərindən sonra davranışı haqqında ətraflı məlumat verir. Bunların çoxu xəbərlər, Kapitoli iğtişaşını araşdıran Nümayəndələr Palatasının komitəsinin nəticələri və xüsusi prokuror Cek Smitin iş üzrə təqdim etdiyi ittihamnamə vasitəsilə artıq ictimaiyyətə açıqlanıb. Onların arasında Ağ Ev əməkdaşının Trampın ailə üzvlərinə “seçkidə qalib olub-olmamağınızın fərqi yoxdur” dediyini eşitdiyi iddiası var.

Tramp Konqres tərəfindən seçkilərin təsdiqlənməsinə mane olmaq üçün sui-qəsd, seçkilərin dəqiq nəticələrini əldə etməkdə ABŞ-ı aldatmaq və amerikalıların səsvermə hüquqlarını həyata keçirməsinə mane olmaqda ittiham olunan dörd cinayət ittihamı üzrə özünü təqsirli bilməyib. Sənədlərin əksəriyyəti Trampın 6 yanvar 2021-ci ildə Konqresdə seçki nəticələrinin təsdiqlənməsinə nəzarət etmək üçün rəsmi səlahiyyətlərindən istifadə edərək məğlubiyyətini ləğv etmək üçün təzyiq göstərməyə çalışdığı Mayk Penslə Trampın münasibətinə yönəlib.

Həmin gün Tramp emosional çıxış etmiş, bundan sonra tərəfdarları Kapitoliyə hücum etmişdi. Onlar “Mayk Pensi asın!” şüarları səsləndirmişdi.

Sənəddə iddia olunur ki, 2021-ci il yanvarın 1-də Tramp Pensə Demokratlar Partiyasından olan prezident Co Baydenin qələbəsinin təsdiqlənməsinə mane olmasa, insanların ona “nifrət edəcəkləri” və “axmaq olduğunu düşünəcəkləri” barədə xəbərdarlıq edib.

Trampın sözçüsü Stiven Çunq sənədi pisləyərək deyib: “Bütün bu iş konstitusiyaya zidd olan "cadugər ovudur" və bu, Demokratların bütün digər saxtakarlıqları ilə birlikdə dayandırılmalıdır”.

Sənəddə prokurorların işin məhkəməyə gedəcəyi təqdirdə istifadə etmək niyyətində olduqları dəlillərin təfərrüatları əksini tapıb və sənəd Trampı seçkidən əvvəl qələbəni vaxtından əvvəl elan etmək üçün plan hazırlamaqda, seçici saxtakarlığı iddialarını dəstəkləmədiyi və “manipulyasiya etməyə” çalışdığı iddia edilən kampaniyasının hüquq qrupunu dəyişdirməkdə ittiham edir.

İş materiallarında istintaq zamanı böyük münsiflər heyəti qarşısında ifadə verən Pens və Ağ Evin aparat rəhbəri Mark Meadous da daxil olmaqla, Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri ilə danışıqların təfərrüatları var.

Trampın vəkilləri Smitin arqumentlərini əks etdirən uzun məhkəmə sənədinin seçkiyə həftələr qalmış yersiz olduğunu əsas gətirərək yayımlamasına qarşı çıxıb. Onlar iddia edirlər ki, Ali Məhkəmənin qərarı əsasında işə xitam verilməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.