Elçi: “Rusiya rəhbərliyi” Talibanı terror qruplaşması siyahısından çıxarmaq qərarına gəlib
7-10-2024, 10:54
Rusiya cümə günü bildirib ki, Əfqanıstanı idarə edən Talibanı Moskvanın terror təşkilatları siyahısından çıxarmaq üçün artıq “əsas qərar” qəbul edilib.
Dövlətə məxsus TASS xəbər agentliyi Rusiya prezidentinin Cənubi Asiya ölkəsi üzrə elçisi Zamir Kabulovdan sitat gətirərək deyib ki, xarici işlər nazirliyi və milli təhlüəksizlik agentlikləri Talibanın federal qanuna uyğun olaraq siyahıdan çıxarılması ilə bağlı “yekun qanuni addımlar atırlar.”
“Rusiya rəhbərliyi bununla bağlı əsas qərarı qəbul edib,” Kabulov deyib. “Ümid edirəm ki, yaxında yekun qərar elan ediləcək.”
Kabulov bunu Moskvanın Əfqanıstanı müzakirə etmək üçün regiondakı ölkələrin iştirakı ilə konfrans keçirdiyi bir gündə deyib. Həmin danışıqlara Rusiya xarici işlər naziri Sergey Lavrov sədrlik edib.
Lavrov daha sonra cümə günü Rusiya paytaxtında Moskva Formatı platforması altında təşkil olunan çoxtərəfli tədbirdə işirak edən Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə danışıqlar aparıb.
“Biz hazırkı Əfqanıstan hökuməti ilə praqmatik dialoqun davam etdirilməsinin vacibliyinə qəti şəkildə inanırıq,” Lavrov Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan və Özbəkistan kimi ölkələrdən nümayəndə heyətlərinin önündə etdiyi ilk çıxışında deyib.
“Moskva Kabillə siyasi, ticarət və iqtisadi əlaqələri inkişaf etdirməyə davam edəcək,” Lavrov söz verib.
Rusiya Moskva Formatını 2017-ci ildə yaradıb və o vaxtdan bəri bu platforma yoxsul, müharibədən əziyyət çəkən Əfqanıstanın üzləşdiyi problemlərin müzakirə edilməsi üçün nəzərdə tutulan bir platformaya çevrilib.
Müttəqi cümə günü keçirilən tədbirdəki çıxışında Qazaxıstan və Qırğızıstanın Talibanı qadağan edilmiş qruplar siyahılarından çıxaracaqlarına dair bu yaxınlarda etdikləri açıqlamalarını alqışlayıb.
“Biz həmçinin Rusiya Federasiyasının yüksək səviyyəli rəsmilərin bununla bağlı müsbət qeydlərini də yüksək qiymətləndiririk və yaxında daha effektiv addımların atılmasına ümid edirik,” Talibanın baş diplomatı bildirib.