Rusiya rəsmisi Qərbi Cənubi Qafqazda stabilliyi pozmaq cəhdində ittiham edib

Bu gün, 11:08           
Rusiya rəsmisi Qərbi Cənubi Qafqazda stabilliyi pozmaq cəhdində ittiham edib
“Qərb Cənubi Qafqazda təxribat törətməyə çalışır, region ölkələri bu cəhdlərlə mübarizə aparmalıdır”.

TASS-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Biz kollektiv Qərb ölkələrinin NATO blokunun bulanıq suda balıq tutmaq arzusunu görürük. Düşünürəm ki, regionun digər ölkələri bunu yaxşı bilir. Qərbin xaosu idarə etmək istəyi ilə əlaqədar dünyanın müxtəlif nöqtələrində gedən ümumi destabilizasiyanın bizim regionumuza sıçramaması üçün əlimizdən gələni etməliyik”, Zaxarova deyib.
Onun sözlərinə görə, regionda sülhü qorumaq üçün birgə çox səy göstərilib.

“Biz bu regionda sülhü qorumaq üçün birgə çox səy göstərmişik, biz hər şeyi etməliyik ki, növbəti hiyləgərlər və manipulyatorların idarəolunan xaos siyasətini ortaya qoymasına imkan verilməsin. Çünki son onillikdə bu xaos idarəolunmaz xarakter alıb”, diplomat əlavə edib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə bildirib ki, keçmiş illərdə Cənubi Qafqazda ancaq Rusiya fəal idisə, indi başqa oyunçular da var. Onlar maraqlarını Cənubi Qafqazda qorumağa çalışırlar.

“Türkiyə artıq bölgədə yerləşib. Azərbycanla və Gürcüstanla sıx əlaqələri var. Ermənistanla dialoq, ABŞ , Aİ ilə və s. Hətta Çinin də Cənubi Qafqaza maraqları var”, o qeyd edib.

Təhlilçi hesab edir ki, Rusiya bu dövlətlərlə rəqabət içindədir.

“Rusiya istəmir ki, Ukrayna müharibəsi fonunda ABŞ-ın, Aİ-nın, NATO-nun Cənubi Qafqazda fəallığı olsun. Amma Rusiyanın istəyindən asılı olmayaraq hal-hazırda Gürcüstan, Ermənistan, Azərbaycanın NATO, Aİ-da bu və ya digər formada əməkdaşlıqları mövcuddur”, o bildirib.
Onun fikrincə Gürcüstan və Azərbaycanın Qərblə münasibətlərində müəyyən gərginliklər yaranıb və Rusiya bundan öz məqsədləri üçün istifadə edib NATO, ABŞ və Aİ-nı bölgədən sıxışdırmağa çalışır.

“Azərbaycanın və Gürcüstanın Qərblə münasibətlərində suallar olsa da, təhlükəsizlik sahəsində NATO və Amerika ilə əməkdaşlıqdan imtina etməzlər. Zatən Gürcüstan, Ermənistan və Azərbaycan NATO-nun müxtəlif proqramlarında iştirak edirlər. NATO Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Rusiya istəsə belə Cənubi Qafqaz dövlətlərini NATO ilə əməkdaşlıqdan qopara bilməyəcək”, ekspert əlavə edib.

Azərbaycan-NATO arasında ilk təmasların tarixi Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) qoşulduğu 1992-ci ilin mart ayına təsadüf edir.

Azərbaycan ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulub.

Azərbaycan hazırda NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesi, əməliyyatlarda iştirak, meydana gələn təhlükəsizlik təhdidləri kimi aktual məsələlər müzakirə olunur və onlara dair fikir mübadiləsi aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.