Rusiyadan diqqətçəkən etiraf: - Putin Paşinyanı buna görə bağışladı
9-10-2024, 16:49
Rusiya Prezidenti Vladimir Putin İrəvanın qərbyönlü kursuna və sərt bəyanatlarına baxmayaraq, Ermənistanla münasibətlərini qoruyur. Rusiya başçısı Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdə bildirib ki, bu il ölkələr arasında ticarət dövriyyəsi rekord həddə çata bilər.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Vladimir Kireyev deyib.
“Gürcüstan təcrübəsi Rusiyaya göstərdi ki, Ermənistanın siyasi kursunu hələ də dəyişmək olar”, - ekspert bildirib.
Kireyev hesab edir ki, Qərbin sanksiyaları fonunda (bundan yayınmaq üçün) Ermənistanla iqtisadi əlaqələr Rusiya üçün vacibdir:
“Rusiya paralel idxal axınını müxtəlif ölkələrə paylamaqda, yumurtalarını bir səbətə qoymamaqda və sanksiyalar altında malların qiymətini qaldıra biləcək konkret tərəfdaşdan asılı olmamaqda maraqlıdır. Rusiyanın mümkün qədər çox ticarət tərəfdaşına ehtiyacı var”.
Onun sözlərinə görə, Paşinyanın bəzən sərt bəyanatları və Ermənistanın Qərblə geosiyasi əməkdaşlığı Moskvanı çox da narahat etmir.
“İndi Rusiyanın Cənubi Qafqazda daha əhəmiyyətli hərbi-strateji tərəfdaşı olan Azərbaycan var, ona görə də Moskva İrəvanı ilk növbədə iqtisadi tərəfdaş kimi qəbul edir”, - Kireyev əlavə edib.
Politoloq vurğulayıb ki, İrəvanın qərbpərəst kursuna baxmayaraq, Putinin Ermənistanla ticarəti artırmaq istəyi təkcə situativ maraqlarla yox, həm də gələcək məqsədlərlə müəyyənləşir. Onun fikrincə, Ermənistanda hakimiyyətin dəyişməsi ilə yeni əməkdaşlıq sahələri açıla bilər.
“Ermənistan rəhbərliyinin siyasi baxışlarının təkamülü çox önəmlidir, bu, Nikol Paşinyanla bitməyə bilər. Önümüzdə Gürcüstan nümunəsi var, oradakı tam qərbyönlü hökumət tədricən Rusiya ilə yaxınlaşmağa və onu mühüm tərəfdaş kimi görməyə başladı. İndi 12 il əvvəl hakimiyyətə gələn bu hökumət Qərbdə, o cümlədən ABŞ-da düşmən hesab olunur. Ona görə də Ermənistanın geosiyasi prioritetləri bununla bitmir. Paşinyan hərbi-siyasi mənada anti-Rusiya, iqtisadi mənada isə kifayət qədər rusiyapərəstdir”, - Kireyev qeyd edib.