Jurnalistin təzyiqə məruz qaldığı bildirilir
12-10-2024, 16:34
Oktyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə həbs olunan Əli Zeynalın Penitensiar Xidmətin əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı bildirilir.
Bu barədə məlumatı "Toplum TV" vəkil Fariz Namazlıya istinadən yayıb:
“Oktyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi" üzrə həbs edilənlərin həbs qətimkan tədbirinin uzadılması ilə bağlı verilən qərardan apellyasiya şikayətinə baxılıb. Vəkilin dediyinə görə, 12:30-da başlayacaq prosesə Əli Zeynal 11:10-dan gətirilib. O, əlləri qandallı şəkildə və ayaq üstdə 2 saata yaxın saxlanılıb”.
Məlumatda qeyd olunur ki, buna səbəb Əli Zeynalın ötən həftə Xətai Rayon Məhkəməsindəki çıxışı ehtimal olunur.
“Məhkəmə zamanı Əli Zeynal həbsinin birbaşa İlham Əliyevin sifarişi olduğunu, məhkəmədə ədalətin yox, sifarişin olduğunu bildirmişdi", deyə "Toplum Tv"nin yaydığı məlumatda qeyd olunub.
Oktyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində "Toplum TV işi" üzrə tutulanların həbs müddətlərinin növbəti dəfə uzadılmasından verilmiş apellyasiya şikayətinə baxılıb. İttiham tərəfi təqsirləndirilən şəxslərin həbs müddətinin uzadılması ilə bağlı Xətai rayon Məhkəməsinin qərarlarının dəyişdirilməməsini istəyib. Məhkəmə saxlanılanların şikayətini təmin edilməyib. Onların hər biri yenə də həbsdə saxlanılıb.
Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.
"Toplum TV işi" üzrə nə baş verib?
Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib. "Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.
Bu ilin iyul ayında bütün həbs olunanların həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.