Həbsdə olan fəal müalicə edilmədiyini bildirir
17-10-2024, 15:08
"İşçi Masası" müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının üzvü, həbsdə olan Elvin Mustafayev Penitensiar Xidmətin Müalicə müəssisəsində müalicə olunmasından təkrar imtina edilməsindən şikayət edir.
Bu barədə "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının məlumatında deyilir.
Mustafayev sentyabrın 20-dən 28-dək Penitensiar Xidməttin Müalicə müəssisəsində olub, lakin müayinə və müalicə olunmadan koloniyaya qaytarılıb və orada etiraz əlaməti olaraq aclığa başlayıb.
Oktyabrın 3-də onu yenidən Müalicə müəssisəsinə apardıqdan sonra aclığı dayandırıb. Ancaq hospitalda onu beş gün saxlayıblar və müalicə etmədən yenidən koloniyaya qaytarıblar.
Bundan əlavə, hospitalda Mustafayevi evə zəng etmək və yaxınları ilə görüşmək imkanlarından məhrum ediblər. Buna görə etiraz etdikdə, onu qandallayıblar, məhbuslar üçün avtomobilə sürüyərək 13 saylı Cəzaçəkmə Müəssisəsinə aparıblar, fəalın tərəfdaşları bildirib.
Mustafayev hələ də başında və onurğasında şiddətli ağrılardan şikayətlənir.
Öz növbəsində Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, həbs edilmiş bütün şəxslərə qarşı məhkum və həbs edilmiş şəxslər, eləcə də əməkdaşlar tərəfindən qanunsuz hərəkətlərə yol verilmir, onların hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.
Penitensiar Xidmətin Müalicə müəssisəsindən isə Elvin Mustafayevə qarşı münasibətlə bağlı şərh almaq mümkün olmayıb.
Elvin Mustafayev 4 avqust 2023-cü ildə saxlanılıb və narkotik maddə alverində ittiham olunub. Mustafayev ittihamları rədd edərək bildirib ki, narkotik maddəni onun üzərinə qoyublar. Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Həbsin əsl səbəbi kimi Elvin Mustafayevin xidmət sahəsi işçilərinin hüquqları uğrunda mübarizəsi göstərilir.