Daha bir hesabat qalmaqalı - "siyasi sifarişdir..."
23-09-2016, 09:28
BMT-nin xüsusi məruzəçisi Mişel Forst Bakıda keçirdiyi mətbuat konfransında insan hüquqları üzrə ilkin hesabatını açıqladı; iqtidar yenə operativ reaksiya verdi; Əli Həsənov: “Ola bilsin ki, qarşıdan gələn bir neçə gün ərzində...”
Ölkəmizdə səfərdə olan BMT-nin xüsusi məruzəçisi Mişel Forst Bakıda mətbuat konfransı keçirib. “Yeni Müsavat” “Turan” a istinadən xəbər verir ki, məruzəçi Azərbaycandakı insan hüquqları üzrə araşdırmaların ilkin nəticələrini açıqlayıb.
Mətbuat konfransında o, Azərbaycan hakimiyyətini hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyətinin digər nümayəndələrinin təqib olunmasına son qoyulmasına, fəalların və jurnalistlərin həbsdən azad edilməsinə, QHT-lərin fəaliyyətinə məhdudiyyətlərin aradan qaldırılmasına, onların bank hesablarının açılmasına, ictimai birlik rəhbərlərinin və üzvlərinin ölkədən çıxışına qadağanın götürülməsinə çağırıb.
Forstun sözlərinə görə, son üç ildə Azərbaycanda vətəndaş cəmiyyəti respublika müstəqillik qazandığı vaxtdan bəri ən ağır duruma düşüb. Bu dövrdə ən azı 20 jurnalist və blogger öz tənqidi fikirlərinə görə təqib və sanksiyalarla üzləşib.
O, həmçinin QHT-lərin fəaliyyətinə məhdudiyyətlərin qoyulduğunu qeyd edib.
Forst toplaşma azadlığının məhdudlaşdırıldığını bildirib. O, hakimiyyətə 45 nəfərin siyahısını təqdim edib. Onlar müxalifətin 17 sentyabr mitinqi ilə əlaqədar həbs olunublar. “Mən bu siyahıya aydınlıq gətirilməsini səbirsizliklə gözləyirəm” deyə, Forst vurğulayıb. Forst son illər qanunvericiliyə edilən düzəlişlər nəticəsində vətəndaş cəmiyyətinin fəaliyyətinin iflic vəziyyətinə düşməsindən danışıb. “Azadlıq” qəzetin bağlanmasında hakimiyyəti suçlayıb.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun elə həmin gün AzərTAc-a müsahibəsində ittihamlara cavab verib. Ə.Həsənov deyib ki, hər bir beynəlxalq təşkilatın, xüsusilə də BMT kimi ali qurumun hesabatı müstəqil şəkildə hazırlanmalı, balanslı olmalı, dəqiq və yoxlanılmış faktlara əsaslanmalı, istənilən sahə ilə bağlı həm pozitiv, həm də neqativ məqamlar nəzərə alınmalıdır: “Təəssüf ki, cənab Mişel Forstun məruzəsində balans gözlənilməmiş, irəli sürülən iddialar, xüsusilə həbslər, KİV və QHT-lərlə bağlı ”faktlar" araşdırılmamış, Azərbaycan hakimiyyətinin mövqeyi öyrənilməmiş və nəzərə alınmamışdır. “Freedom Hause” kimi Azərbaycana qarşı mənfi münasibət bəsləyən xarici QHT-lərin “hesabatlarında” əksini tapmış mülahizələr olduğu kimi həmin sənədə köçürülmüşdür".
PA rəsmisi deyib ki, xüsusi məruzəçi insan hüquqlarından danışarkən, həm də Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasını nəzərə almalı və sənədə daxil etməli idi: “Lakin təəssüflə qeyd etməliyəm ki, ölkəmiz üçün taleyüklü məsələ hesab edilən qaçqın-köçkün problemi diqqətdən kənarda saxlanılmışdır”.
Ə.Həsənov deyib ki, xüsusi məruzəçi bir çox məsələlərdə olduğu kimi, hökumətlə vətəndaş cəmiyyəti sektoru arasında dialoqun olmamasını iddia etməklə ciddi yanlışlığa yol verib: “Bunun da əsas səbəbi odur ki, cənab Forst Azərbaycanda yalnız ona lazım olan QHT-lərlə görüşmüşdür. Həmin QHT-lərin hesabatlarında isə adətən hökumətin ardıcıl şəkildə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər təşkil etdiyi, onların problemlərini öyrəndiyi və həlli istiqamətində addımlar atdığı barədə informasiyalar gizlədilir. Həbslər məsələsinə gəldikdə, cənab Forstun mülahizələri onu deməyə əsas verir ki, o, cinayətlərin xarakteri və cinayət materialları ilə ümumiyyətlə tanış olmamışdır. Əgər tanış olsaydı, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxsin barəsində ”internetdəki fikirlərinə görə cinayət işi açılıb" ifadəsini işlətməzdi. . Həmçinin cənab Forst maliyyə çətinliyi ilə üzləşən və buna görə də fəaliyyətini dayandıran hər hansı KİV-lə bağlı yaranmış vəziyyətin məsuliyyətini hökumətin üzərinə yıxmazdı. Ümumiyyətlə, həmin hesabatda və xüsusi məruzəçinin məntiqində ziddiyyətlər, qeyri-dəqiqlik, faktların təhrif olunması halları o qədər çoxdur ki, bu, cənab Forstun ekspert kimi səriştəliliyini ciddi şübhə altında qoyur.
Bütün bunlara görə, BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun hesabatı Azərbaycan reallığını əks etdirmir, qərəzlidir və sifariş xarakterlidir".
Ə.Həsənov bildirib ki, “hər dəfə xalqımız üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində fəallaşan və ölkəmizi hədəfə götürən qüvvələr bu dəfə də Azərbaycana xüsusi münasibətlərini büruzə verirlər”: “Təsadüfi deyil ki, aprelin 20-də Avropa Şurasının Venesiya Komissiyası referendumla bağlı öz qərəzli rəyini açıqladı. Adətən Venesiya Komissiyası tez-tələsik şəkildə hər hansı qanun layihəsinə rəy yazmır və qarşı tərəfin də mövqeyini öyrənir. Ancaq bu dəfə referendum layihəsi ilə bağlı bütün prosedurlar pozulmuş və AŞ PA prezidentinin sorğusu əsasında cəmi iki həftə müddətində tələm-tələsik rəy hazırlanaraq yayılmışdır. Bununla da Azərbaycan tərəfi öz mövqeyini bildirmək hüququndan məhrum edilmişdir. Venesiya Komissiyasından dərhal sonra BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi hesabat açıqlayaraq Azərbaycanı hədəfə götürmüş və ola bilsin ki, qarşıdan gələn bir neçə gün ərzində başqa təşkilatlar və məlum xarici QHT şəbəkəsi hansısa bəyanatlar versinlər və hesabatlar açıqlasınlar. Hesab edirəm ki, bütün bunlar bir mərkəzdən idarə olunan prosesin tərkib hissəsidir və referendumla bağlı Azərbaycan hakimiyyətinin siyasi mövqeyinə, xalqın iradəsinə təsir göstərmək məqsədi daşıyan sifarişli kampaniyadır. Düşünmürəm ki, bu cəhdlər hansısa səmərə versin”.
“Yeni Müsavat”