Moldovada seçkilərdən narazılar var
26-10-2024, 09:54
Yenicə Avrointeqrasiya referendumu keçirmiş Moldovada "əcinnə ovu" başlanıb. Beş telekanal seçkiqabağı təşviqatda müxalifətə də imkan yaratdığına görə cərimələnib. Moldova hüquq-mühafizə orqanları Prezident Mayya Sandunun namizədliyinə və Avrointeqrasiyaya səs verməyən Qaqauziyada və başqa bölgələrdə axtarışlara və həbslərə başlayıb.
Qaqauziya Muxtariyyətinin başqanı Yevgeni Qutsul bu xəbərləri təsdiq edib. O, Muxtariyyətin İcra Komitəsi sədrinin müavini Viktor Petrov və xarici əlaqələr idarəsi rəisinin müavini Yuri Kuznetsov axtarışlara məruz qalıb. Başqanın müşaviri Mixail Vlax bildirib ki, baş verənlərə səbəb Qaqauziyanın Avrointeqrasiya referendumuna qoşulmamasıdır. Vlax bununla prezident Sandunun rəqiblərin gözünü qorxutmağa çalışdığını bildirib.
Prezidentliyə namizəd Aleksandr Stoynoqlo da seçkilərdə, eləcə də, ikinci tur ərəfəsində hökumətin inzibati resurslardan gen-bol istifadə etdiyini deyib. O, bütün hökumətin, nazirlərin seçkiqabağı kampaniyasında iştirakını qəbuledilməz saydığını deyib: "Nazirlər öz birbaşa vəzifələrinin icrası ilə məşğul olmalıdırlar, bu və ya başqa namizədin lehinə təbliğat aparmaqla yox".
Stoynoqlo qanun pozuntuları haqda bütün müşahidəçilərə və xarici ölkələrin səfirliklərin nümayəndələrinə məlumat verdiyini deyib: "Ancaq heç bir reaksiya olmadı".
Bununla yanaşı Rusiyada və Belorusda yaşayan Moldova vətəndaşları da narazılıq ediblər. Promo Lex İctimai təşkilatının sədri Nikolay Panfil deyib ki, Rusiyada yüz minlərlə Moldova vətəndaşı olsa da, cəmi 2 seçki məntəqəsi qurulub.
"Əvvəl Rusiya ərazisində Moldova seçkiləri və referendumu üçün 5 məntəqə açılması nəzərdə tutulmuşdu. Moldova Milli Təhlükəsizlik Xidmətinin və Xarici İşlər Nazirliyinin müdaxiləsindən sonra məntəqə sayı 2-yə endirildi. Adamlar saatlarla növbədə dayanır, Mərkəzi Seçki Komissiyası qəsdən az bülleten göndərir",-deyə Nikolay Panfil bildirib. Sədr deyib ki, Rusiyada yaşayan Moldova vətəndaşları prezident seçkilərinin ikinci turunda bu ölkədə 5 məntəqə açılmasını tələb edir.
Moldova İnkişaf və Birlik Partiyasından Prezidentliyə namizəd, birinci turda 2,06 faiz səs toplamış İon Kiku oktyabrın 25-də Apelyasiya Məhkəməsinə şikayət verib, prezident seçkilərinin birinci turunun nəticələrinin ləğvini tələb edib. Seçkiləri "düzgün təşkil etmədiyi üçün" MSK-nı günahlandırıb. Stoynoqlo kimi o da MSK-nın hazırkı prezident Sandunun lehinə işlədiyini iddia edir.
Prezidentliyə namizəd, hazırkı dövlət başçısı Nayya Sandu isə seçkilərə Rusiyanın müdaxilə etdiyini iddia edib. Rusiya prezidentini mətbuat katibi Dmitri Peskov bu məlumatın həqiqətə uyğun olmadığını söyləyib.
Seyid Əhmədli, Bizimyol.info