Blinken Yaxın Şərqdə diplomatik səyləri davam etdirir

Dünən, 16:08           
Blinken Yaxın Şərqdə diplomatik səyləri davam etdirir
ABŞ dövlət katibi Antoni Blinken Qətərə səfəri zamanı Yaxın Şərqdə atəşkəsin əldə edilməsini müzakirə etmək üçün danışıqlarda əsas vasitəçilərlə görüşüb. Tərəflər Qəzzada və Livanda döyüşlərin dayandırılması və hələ də Qəzzada saxlanıldığı güman edilən 100-ə yaxın girovun qaytarılması məqsədilə aylardır danışıqlar aparır. Amerikanın Səsinin Ağ Evdəki müxbiri Anita Pauell daha ətraflı məlumat verir.

ABŞ-ın yüksək səviyyəli diplomatı prezident Co Baydenin Qəzzada atəşkəs danışıqlarını bərpa etmək, HƏMAS tərəfindən saxlandığına inanılan 100-ə yaxın girovun geri qaytarılması ilə bağlı danışıqlar aparmaq və müharibə nəticəsində həyatı alt-üst olmuş fələstinlilərə dəstək vermək kimi çətin missiya ilə Yaxın Şərqə səfər edir.

Dövlət katibi Antoni Blinken cümə axşamı ABŞ-ın fələstinli mülki şəxslər üçün əlavə 135 milyon dollar yardım edəcəyini açıqlayıb. O həmçinin bildirib ki, administrasiya İsrailin keçən həftə HƏMAS lideri Yəhya Sinvarın öldürülməsi ilə “strateji məqsədlərinə nail olduğuna” inanır.

ABŞ dövlət katibi Antoni Blinken: “İndi buna nail olunduqdan sonra bu müharibəni bitirmək, bütün girovların evlərinə qayıtmasını təmin etmək və Qəzzada insanlar üçün daha yaxşı gələcək qurmaq üçün çalışmağın vaxtıdır”.

Qətər lideri ölkəsinin müzakirəçilərinin HƏMAS ilə əlaqələri bərpa etdiyini bildirib, lakin gələcəyin acınacaqlı mənzərəsini təsvir edib.

Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Əl-Təni: “Son bir neçə gündə onlarla bir neçə görüş keçirmişik. Hələ də irəliyə doğru yolun nə olacağı və ya dəqiq mövqeyə dair aydınlığın olmadığını düşünürəm”.

Təhlilçilər xüsusilə də İsrailin Livanda Hizbullah liderini öldürməsindən sonra gərginliyin qarşısının alınacağına ümid etmirlər. ABŞ Hizbullah və HƏMAS-ı terror təşkilatı kimi tanıyır.

Yaxın Şərq İnstitutunun Ərəbistan Yarımadası Proqramının direktoru Cerald Feyerşteyn: “Açığını desəm, Toni Blinkenin yenidən bölgəyə nə üçün səfəri etdiyi tam aydın deyil. Onun orada olduğu son 10 dəfədən fərqli olaraq yeni və ya fərqli bir şey əldə edəcəyi kimi bir perspektiv görünmür”.

ABŞ-da müsəlmanların hüquqlarını müdafiə edən aparıcı təşkilatlardan biri bildirir ki, razılaşma qarşısında iki maneə var: Baş nazir Benyamin Netanyahu və İsrailin ən güclü dəstəkçisi Bayden.

Amerika-İslam Münasibətləri Şurasının direktor müavini Edvard Əhməd Mitçel: “Cənab Netanyahu siyasi və ideoloji səbəblərə görə, bütün girovları azad edəcək, İsrailin bütün qüvvələrini Qəzzadan çıxaracaq və müharibəni birdəfəlik dayandıracaq daimi atəşkəsə razılaşmaqda maraqlı deyil. Onu buna məcbur etməyin yeganə yolu silah verməməkdir. Ona görə də mən cənab Blinkenin səfərinin bu çatışmayan element olmadan uğurlu olacağını gözləmirəm”.

Bu diplomatik səylər sərhədin hər iki tərəfində insanların bu çətinliklərdən keçməli olduğu və 2023-cü il oktyabrın 7-dən bəri dinc gün görmədikləri şəraitdə göstərilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.