Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL

27-10-2024, 00:08           
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
“Azərbaycan və Ermənistan liderlərinin Kazanda keçirilən BRİKS+ sammiti çərçivəsində görüşü diqqətçəkən olsa da bu, yaxın zamanlarda sülhün əldə ediləcəyi mənasına gəlmir”.

Bu fikirləri Globalinfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Politoloq bildirib ki, sülhün əldə edilməsi üçün Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə söykənən konkret, kifayət qədər aydın mövqeyi var:

“Sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasını dəyişməli, yəni separatizm meylləri rəsmən aradan qaldırılmalı, faktiki mövcud olmayan ATƏT-in Minsk Qrupu de-yure ləğv edilməlidir. İrəvan bu şərtləri yerinə yetirmədiyi təqdirdə, heç bir görüş sülh üçün irəliləyişlərə səbəb olmayacaq.

Ermənistan hazırda xüsusilə COP29 öncəsi Azərbaycana qarşı təzyiq alətlərinin formalaşdırılmasına cəhd edir. İrəvan Qərbdəki himayədarlarının Bakıya təzyiqlərini artırmaqla öz maraqlarına uyğun formada sülh sazişinin imzalanmasına çalışır. Yəni konstitusiya dəyişikliyini sonrakı mərhələyə saxlamaqla əlindəki manevr imkanlarını qorumaq istəyir. Eyni zamanda sülh sazişi mətninə sərhədlərin Ala-Ata Bəyannaməsinə uyğun delimitasiya olunmasını təsdiq edən bəndin əlavəsini hədəfləyirlər. Əlbəttə Azərbaycan bununla heç bir halda razılaşmayacaq”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, Ermənistanın bu istək və planlarının reallaşma perspektivləri sıfıra bərabərdir:

“Çünki Azərbaycan ilk növbədə haqlı tərəfdir, bütün addımlarında beynəlxalq hüquqa istinad edir. Eyni zamanda böyük hərbi və diplomatik üstünlüyə malikdir. Yəni İrəvanın prosesi uzatması sadəcə Ermənistanın dövlət kimi varlığını sual altına salacaq. Bu ölkənin uzaq perspektivə hesablanan uyğun geosiyasi zəmin xəyallarının heç bir əsası yoxdur. Proseslər sürətlə və Ermənistanın maraqlarının tamamilə əksinə gedir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.