Prezidentli müxalifətin siyasi "piştaxta"sı

29-10-2024, 11:58           
Prezidentli müxalifətin siyasi "piştaxta"sı
Gürcüstan müxalifəti beynəlxalq nəzarət altında seçki istəyir. Belə bir bəyanatla "Milli Birlik Hərəkatı" partiyasından Qiorqi Vaşadze çıxış edib. Gürcüstan parlamenti qarşısına toplaşmış tərəfdarları da bunu alqışlayıb.
Nə deməkdir bu "beynəlxalq nəzarət altında"?

O deməkdir ki, Gürcüstanda seçkini beynəlxalq təşkilat(lar) keçirsin. Çox qəribədir? Müstəqil, suveren bir ölkədə seçkini xarici təşkilatlar keçirsin?

Bunu istəyənlər son seçkiləri Rusiyanın xüsusi əməliyyatı adlandıran prezident Salome Zurabişvili və müxalif liderlər hakim "Gürcü arzusu"nun iddialarını təsdiqləmiş oldular. Seçki kampaniyası dövründə "Gürcü arzusu-Demokratik Gürcüstan" partiyasının qurucusu Bidzina İvanişvili müxalifəti "xarici agentura şəbəkəsi" adlandırmışdı. Seçkisonrası müxalifətin bəyanatlarından belə çıxır ki, ölkəni "Rusiyaya tabe etmək olmaz" (Zurabişvilinin fikri), amma Qərb dövlətlərinə tabe etmək olar (Vaşadzenin fikri). Həm də Avropa İttifaqının 27 ölkəsinə birdən. Üstəlik ABŞ və Kanada da var.

Yəni öz ölkəni bir dövlətə satma, çünki orda avtoritar rejim var, amma 27-30 dövlətə birdən satılmaq olar, çünki orda demokratiya var. Elə bil mitinqə yox, bazara çıxıblar.

Bir zaman Azərbaycanda da bənzər səslər eşidilmişdi. "Seçkiləri BMT keçirsin, ATƏT keçirsin" deyənlər var idi. İndi o səslər batıb. İndi də gürcü müxalifəti eynisini deyir: Gürcütanı Qərbə satmaq istəyir.

Olmazmı ki, öz ölkəni heç kimə satmayasan?! Əlbəttə, əgər öz ölkənin patriotusansa. Müxalifətsənsə, "xarici agentura şəbəkəsi" deyilsənsə.

Agentura demişkən, prezident Zurabişvili mitinqdə çıxış edərkən, müxalifətə: "Avropanın qapılarına çatana qədər buradayam" deyib. Belə görünür ki, Qərbin bu gün başlatdığı rəngli inqilab cəhdi baş tutsa, keçid dövründə Gürcüstanın tam səlahiyyətli lideri Zurabişvili olacaq. Gürcüstanı "Avropa İttifaqının qapılarından" içəri ötürüb, sonra rahatlıqla öz ölkəsinə - Fransaya, gəldiyi yerə, evinə qayıdacaq.

Bu arada ABŞ dövlət katibi Entoni Blinken Avropalı müşahidəçilərin dediklərini təkrarlayaraq, Gürcüstanda seçkilərin "siyasi qütbləşmə şəraitində" keçdiyini söyləyib.

Sual olunur: bəs Amerikanın özündə seçkilər necə keçir?! Qütbləşmə yerli-dibli yoxdur da, eləmi?!

Seyid Əhmədli, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.