Qərbin vahiməli sükutu – İki güc Gürcüstanda nə hazırlayır?
2-11-2024, 08:38
Qərb Gürcüstandakı parlament seçkilərinin nəticələrini hələ də tanımayıb. ABŞ və Avropa İttifaqı (Aİ) bununla bağlı qəti fikir bildirməyib.
Qərb seçkinin nəticəsini tanısa, bu, hakimiyyətin legitimləşməsi, müxalifətin məğlubiyyəti demək olacaq.
ABŞ dövlət katibi Entoni Blinken və Avropa Birliyi komissarı Cozef Borelin açıqlamalarında seçkilərin nəticələrini tanımaqla bağlı hələ də birmənalı fikir yoxdur. Heç bir siyasi qüvvə də qalib kimi təbrik edilməyib.
Bu, nəyin əlamətidir? Qərb niyə susur? İvanişvili ilə pərdəarxasında danışıqlar gedir? Yoxsa Vaşinqton və Brüssel “B planı” hazırlayır?
Globalinfo.az-a danışan politoloq Elşən Mustafayev deyib ki, Gürcüstanda keçirilmiş parlament seçkilərinin gərgin keçəcəyi, tərəflərin nəticələrə fərqli münasibətinin olacağı öncədən bəlli idi:
“Yəni ən azı 1 ay öncə hazırda gedən prosesləri proqnozlaşdırmaq mümkün idi. Çünki Gürcüstan seçkiləri həm Qərb üçün, həm də Gürcü Arzusu Partiyası üçün son dərəcə vacib bir hadisə kimi dəyərləndirilirdi. Qərblə 12 il müddətində bəlli bir məsafə saxlayan hazırkı hakimiyyətin bu mövqeyində hər hansı dəyişiklik etmək istəyi olmaması səbəbindən zaman-zaman təzyiqlərlə üz-üzə olmuşdu.
Son vaxtlar rəsmi Moskvanın Gürcüstanla bağlı siyasətində yumşalmalar istiqamətində anonslar verməsi vəziyyəti son dərəcə kəskinləşdirmişdi. Amma məsələ ondadır ki, Aİ ilə gərginliklər yaşanmasına baxmayaraq bu dövr ərzində Gürcü Arzusu Partiyası Qərbə inteqrasiya siyasətindən, xüsusilə Avropa İttifaqına üzv olmaq istəyindən geri çəkilməmişdi. Hətta partiyanın seçkiöncəsi rəsmi təşviqat materiallarında Aİ loqotiplərindən istifadə olunmuş, “Avropaya doğru” şüarları yazılmışdı. Bu da onunla əlaqədar idi ki, Gürcüstan əhalisinin 80 faizdən artığı Qərblə, Aİ ilə yaxınlaşmağı üstün tutur və bu insanların içində çoxlu sayda Gürcü Arzusu Partiyasının seçiciləri var”.
Politoloqun sözlərinə görə, əgər onlar incik salınsaydılar, bu gün fərqli səsvermə nəticələri ilə qarşılaşardıq:
“Məhz o səbəbdən Qərb Gürcüstana tətbiq olunmuş viza rejiminin aradan götürülə biləcəyini, Aİ üzvlüyünə namizədliyinin dayandırılması istiqamətində müzakirələrin keçirilə biləcəyi ilə bağlı fikirlər səsləndirsələr də əhalinin münasibətini bildiklərindən hələlik çox irəli getmək istəmirlər. Amma bu da müəyyən bir zamana kimi ola bilər. O səbəbdən hazırda daxildə baş verən və verə biləcək etirazların həcmini və gücünü hesablayırlar. Eyni zamanda hadisələrin haralara qədər gedə biləcəyi ilə bağlı rəsmi Tbilisiyə xəbərdarlıqlar edirlər. Düşünürəm ki, seçkilərin nəticələri ilə bağlı hazırda Gürcü Arzusu ilə gizli danışıqlar gedir və situasiyadan çıxış yolları axtarılır. Əgər müxalifət parlamentin işində iştirak etməklə bağlı qərar qəbul edəcəksə, hesab edirəm, bu hansısa razılaşmanın nəticəsi olacaq. Əks halda ölkədə ciddi qarşıdurmanın şahidi olacağıq. O səbəbdəndir ki, bir sıra Aİ ölkələri seçkilərin nəticələrini tanımadıqları ilə bağlı münasibət bildirsələr də, ABŞ və Aİ rəhbərliyi hələlik gözləmə mövqeyindədir”.
Safura Bənnayeva