Mahmud Bilgin: İran rejimi casusluq ittihamı ilə miili hərəkatı qorxutmaq istəyir, lakin öz qorxusunu göstərir
4-11-2024, 17:54
Tehranın İnqilab Məhkəməsi bu yaxınlarda İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərindən olan çox sayda türk fəalı “nizama qarşı təbliğat”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və casusluq kimi ittihamlar əsasında təqsirli bilərək 3 ildən 13 ilə qədər həbsə məhkum edib.
Amerikanın Səsinə danışan siyasi fəal Mahmud Bilgin deyib ki, “İran rejimi heç bir sənəd olmadan casusluq ittihamını irəli sürərək milli fəalları qorxutmaq istəyir, amma əslində öz gələcəyindən qorxduğu üçün bunu edir.”
“Bu dəfə belə ağır cəzalar verməsi, bir də ki, bunları öz bölgələrində, məsələn Təbriz, Rəşt, Ərdəbil, Urmiyə, Marağa, Kərəcdə [mühakimə etmək yerinə], hamısını bir yerə toplayıb Tehranda Evin həbxsanasında qəddar hökmlər verməklə tanınan hakim Salavatiyə tapşırmaları bunların işin, təbii olaraq göstərir ki, bütün bunları planlaşdıran bir fikir otağı var. Yəni, öncədən anlaşıblar ki, milli hərəkata belə bir basqı tətbiq etsinlər”, Bilgin deyib.
Casusluq və “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamları əsasında 13 il həbsə məhkum olan Araz Əman və Ayaz Seyfxah keçən günlərdə saxlanıldıqları Evin həbsxanasından səs faylları yayımlayıblar.
“9 ay zindan, təkadamlıq kamera və işgəncədən sonra hakim Salavati tərəfindən ağır cəzaya məhkum edildim. Evin həbsxanasında gələn gündən işgəncə altında İrandan Ermənistana gedən kamyonların görüntülərini bizə casusluq dəlili hesab edən Ettelaat məmurları sorğu-sual prosesində bəlli etdilər ki, mənim ən böyük günahım türk olmaq və türklərin milli haqlarını qanun çərçivəsində tələb etməkdir, Qarabağın azadlığını istəməkdir”, Araz Əman bildirib.
Özünün nəzarət müddətində ağır fiziki və ruhi işgəncələrə məruz qaldığını bildirən Əman səs faylında həmçinin ailəsinin təhdid altında olunduğunu deyib.
“Ayaz Seyfxah səs qeydində açıq deyir ki, mən yalnız Qarabağ savaşına dəstək bildirmişəm. Amma rejim Qarabağ savaşının qazanılmasının acığını məndən çıxarmaq istədi və mən belə bir cəzaya məruz qaldım... Araz Əman da deyir ki, hakim Salavati buna görə mənə bu ağır hökmü verdi ki, mən Qarabağ savaşına qatılmağa meylli idim və bunun üçün adımı yazdırmışdım,” Mahmud Bilgin bildirib.
Bilginin fikrincə, hakimiyyət casusluq ittihamını irəli sürərək, milli hərəkata mənsub qüvvələri qorxutmaq istəyir.
“Tehranın casusluq ittihamı ilə milli fəalları və milli hərəkatı qorxutmaq istəməsi, rejimin öz qorxusundan qaynaqlnır. İndi İsraillə savaş durumunda olduğu üçün mövzu rejimin gələcəyidir. Rejim görür ki, hazırda, başda Güney Azərbaycan olmaqla qeyri-fars millətlərin söyləmi toplumun dəyişik qatlarında çox geniş yayılıb. Odur ki, belə ağır basqıları yalnız türklərə yox, ərəblərə də tətbiq edir, kürdlərə də, bəluçlara da”, o deyib.
Mahmud Bilgin müsahibədə həmçinin bildirib ki, ölkə xaricində fəaliyyət göstərən siyasi təşkilatlar tərəfindən həbsə məhkum olunan siyasi fəallara dəstək məqsədilə Avropada tədbirlərin keçirəlməsi planlaşdırılıb.