Tramp qalib gəldi, 3 ölkəyə pis xəbər: Bakını nə gözləyir? - AKTUAL
6-11-2024, 16:02
ABŞ keçirilən prezident seçkiləri Cənubi Qafqazda, o cümlədən Azərbaycanda diqqətlə izlənilir. Səsvermənin nəticələri regionun sonrakı taleyi və mövcud proseslərin gedişatına təsiri istiqamətində mühüm dəyərləndirilir.
Bəzi ekspertlər ABŞ siyasətinin dəyişməz olacağını desə də, Donald Tramp və ya Kamala Harrisin seçilməsi fonunda fərqli ssenarilər üzərindən versiyalar da səsləndirilirdi.
ABŞ-da bundan sonra nə kimi dəyişikliklər gözlənilir? Vaşinqton xarici siyasətinə korrektələr edəcəkmi? Azərbaycanla, ümumilikdə Cənubi Qafqazla bağlı nə kimi yeni yanaşma ortaya qoyulacaq?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ-da keçirilən prezident seçkiləri həm bu ölkənin xarici siyasəti, həm də beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklərə səbəb olacaq:
“İkinci Dünya müharibəsindən təxminən 70 il sonra ilk dəfədir dünyada bu şəkildə aktiv müharibə ocaqları olduğu müddətdə ABŞ-da prezident seçkiləri keçirilir. Eyni zamanda soyuq müharibədən sonra da ilk dəfədir ki, ABŞ Şərq bloku ilə bu şəkildə üz-üzədir. Əgər Kamala Harris seçilsə idi, Yaxın Şərqdə İsrailin qarşını almaq üçün addımlar atacaqdı. O, hazırkı rəsmi prezident Co Baydendən daha çox İsrail əleyhdarıdır. Harris həm ərəb müqavimətində, həm də İran məsələsində İsrailə lazımi dəstəyi verməyəcəkdi. Tramp isə əksinə, yenə İsraili tam dəstəkləmə siyasətini aparacaq. Məhz onun dövründə ABŞ Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdı. Halbuki bu şəhər BMT tərəfindən mübahisəli ərazi elan edilmişdi”.
Politoloqun sözlərinə görə, Harris qalib gələcəyi təqdirdə Rusiya ilə müharibədə Ukraynaya dəstəyi davam etdirəcəkdi:
“Lakin artıq Tramp seçilib, vəziyyət fərqli olacaq. Ukraynaya verilən dəstəyi azaldacaq və onu Rusiya ilə masaya oturmağa məcbur edəcək. Trampın qalibiyyəti fonunda İranı və Çini ağır sanksiyalar gözləyir. Vaşinqton Pekinin yüksələn gücünün qarşısını almaq üçün əlindən gələni edəcək. Həmçinin Yaponiyaya da hərbi mənada böyük dəstəyin verilməsi məsələsi aktualdır.
Avropa İttifaqı (Aİ) Harrisin seçilməsini arzu edirdi, çünki Tramp qoca qitənin ABŞ hegemonluğu altında fəaliyyət göstərən NATO-nun daxilində güclərini zəiflətməyi hədəfləyir. Onun məqsədi Aİ-nin güc birliyi kimi sıradan çıxarılmasıdır.
Trampın dövründə Cənubi Qafqaz siyasəti çərçivəsində Gürcüstanla münasibətlərin normallaşdırması üçün cəhdlər ediləcək. Kamala Harris də bu məsələnin həlli üçün çalışacaqdı. Seçki öncəsi hər iki namizəd ermənilərə xoş gələn açıqlamalar versə də, şübhəsiz ki, bu, sadəcə erməni diasporunun səsini qazanmaq üçün cəhd idi”.
Z.Əmrəliyev bildirib ki, ABŞ-da hakimiyyətə gələcək şəxs Azərbaycanın regionda yaratdığı mövcud reallıqları qəbul etməyə məcburdur:
“Ancaq rəsmi Bakı üçün Trampla işləmək daha məqbuldur. Onun dövründə iki dövlət arasındakı əlaqələr normal idi. Co Baydenin dövründə isə ABŞ Cənubi Qafqazda olduqca yanlış siyasət izlədi. Nəzərə alaq ki, Vaşinqton qondarma ” erməni soyqırımı”nı məhz Baydenin dövründə tanındı. Bütün bunlara görə düşünürəm ki, Trampın dövründə iki dövlət arasında hazırda soyuq olan münasibətlərdə normallaşma müşahidə ediləcək”.