Dmitri Kuleba: "Onlar Ukraynaya qarşı sui-qəsd təşkil etdilər"

9-11-2024, 00:06           
Dmitri Kuleba: "Onlar Ukraynaya qarşı sui-qəsd təşkil etdilər"
"Nüvə silahı Ukraynada müharibəni dayandırmağa kömək etməyəcək. Ancaq belə silahlardan imtina etmək ölkə üçün böyük səhv idi".

Qayanrinfo xəbər verir ki, bu fikri "Kanal 24" telekanalına müsahibəsində Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.

O vurğulayıb ki, ölkə öz nüvə potensialını bərpa etmək fikrində deyil:

"Bəzi insanların sadəcə balıq kimi yaddaşı var. Tammiqyaslı işğalın başlamasına 5 gün qalmış, 2022-ci il fevralın 19-da Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı prezident Volodimir Zelenski xüsusilə demişdi ki, "Budapeşt Memorandumuna daxil olan ölkələr bizi tərk etdilər - təhlükəsizliyin təmin edilməsi vədinə cavab olaraq nüvə silahlarımızı götürdülər, indi bizim nə nüvə silahımız var, nə də təhlükəsizlik, biz müharibənin astanasındayıq".

Diplomat xatırladıb ki, Rusiya Ukrayna prezidentinin sözlərini dərhal qəbul edib və Zelenskinin guya nüvə bombası yaratmaqla hədələdiyini uydurmağa başlayıb. Onun sözlərinə görə, tərəfdaşlar bundan narahat olublar:

"Bizim üçün çox işlər görən tərəfdaşlarımız sadəcə olaraq Ukraynanın nə edə biləcəyi ilə bağlı daha az narahat olmalı və Ukraynanı və Avropanı Rusiyadan qorumaq üçün daha çox çalışmalıdırlar. Çünki kimsə hesab edirsə, Vladimir Putin Ukraynada qalib gələcək və dayanacaq, onu ümumiyyətlə tanımır".

Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri hesab edir ki, Ukraynanın nüvə silahından imtina etməsi böyük səhv idi:

"Bilirəm ki, bununla bağlı çoxlu tarixi mübahisələr var. Bəs Ukraynanın nüvə arsenalından imtina etməsi faciəvi səhv idimi? Bizi nüvə arsenalından kim məhrum etdi? Prezident Bill Klinton və prezident Boris Yeltsin. Onlar Ukraynaya qarşı sui-qəsd təşkil etdilər".

Bununla belə, Kuleba hesab edir ki, nüvə silahının bərpası Ukraynanın Rusiya Federasiyasına qarşı mübarizəsinə kömək etməyəcək: "Bu, həlldən daha çox problem yaradacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.