Böyük Britaniyanın hökumət və biznes liderləri COP29-dan əvvəl iqlim tədbirlərini müzakirə edib
10-11-2024, 12:24
Böyük Britaniya hökuməti noyabrın 6-7-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Bakıda keçiriləcək 29-cu sessiyasından (COP29) əvvəl qlobal iqlim fəaliyyətini gücləndirmək üçün dəyirmi masalara ev sahibliyi edib.
Britaniya hökumətinin məlumatına görə, Londonda Britaniya Kralı Üçüncü Çarlzın himayəsi altında təşkil edilən COP29 qabağı beynəlxalq iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş konfransda Azərbaycanı maliyyə naziri Samir Şərifov təmsil edib. Biznes liderləri, səfirlər, sənaye liderləri və COP Troykasına daxil olan Azərbaycan, BƏƏ və Braziliyadan rəsmilərin qoşulduğu tədbirə Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Miliband, Britaniyanın inkişaf məsələləri üzrə naziri Anneliese Dods və ətraf mühit naziri Steve Reed həmsədrlik edib.
Üç dəyirmi masa bərpa olunan enerjiyə keçidin maliyyələşdirilməsi, iqlimə davamlılığın təkmilləşdirilməsi layihələri üçün sərmayələrin sürətləndirilməsi və plastik çirklənməyə son qoyulması üzrə qlobal müqaviləyə yönəldilib.
Görüşlərdə bildirilib ki, Böyük Britaniyanın özəl sektoru və maliyyə institutları inkişaf etməkdə olan ölkələrdə iqlim tədbirlərinin genişləndirilməsinə və iqlimin təsirlərinin azaldılmasına kömək edən yeni və genişləndirilmiş maliyyə məqsədinin təmin edilməsində aparıcı rol oynayacaq.
Müzakirələrdə deyilib ki, dəyişən iqlim nümunələri Braziliyanın Amazon bölgəsində rekord həddə çatan quraqlıqların yaşanmasına gətirib çıxarıb. Banqladeşdə getdikcə şiddətlənən daşqınlar və fırtınalar bölgələri dəniz səviyyəsinin yüksəlməsi ilə daimi risk altında qoyur.
“Həm Böyük Britaniyada, həm də bütün dünyada iqlim dəyişikliyi ilə mübarizə enerji təhlükəsizliyini, iqtisadi artımı təmin etmək, indiki və gələcək nəsilləri qorumaq üçün vacibdir”, dəyirmi masada qeyd edilib.
Hökumətin məlumatında deyilir ki, hər bir dəyirmi masa hökumətlərin dünya üzrə aparıcı iqlim gündəmini dəstəkləmək və Bakıda təsirli dialoqla bağlı zəmin yaratmaq üçün iştirakçılardan razılıqların əldə edilməsinə yönəlib: “Enerji naziri Ed Milibendin rəhbərliyi ilə IEA-nın İcraçı Direktoru Fatih Birol, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende daxil olmaqla iştirakçılar yaşıl enerjiyə keçidə maliyyənin səfərbər edilməsinin, təmiz enerji sərmayəsinin inkişaf etməkdə olan bazarlara və iqtisadiyyatlara ( EMDE ) qlobal səviyyədə çatdırmaq üçün açar olduğu barədə razılaşıblar. 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrini üç dəfə artırmaq və enerji səmərəliliyi dərəcələrini iki dəfə artırmaq hədəfləri qeyd edilib”.
İnkişaf naziri Anneliese Doddsun rəhbərlik etdiyi müzakirədə iştirakçılar iqlimə uyğunlaşma sahəsində əhəmiyyətli maliyyə boşluğunu qeyd edib. İştirakçılar iqlimə davamlı maliyyə üçün biznes nümunəsi yaratmağın zəruriliyi və buna nail olmaq üçün dövlət və özəl sektorlar arasında tərəfdaşlığın vacib olduğu barədə razılığa gəliblər.
Ətraf Mühit naziri Stiv Ridin rəhbərlik etdiyi plastik çirklənməyə dair müqavilə ilə bağlı dəyirmi masada aparıcı biznes, pərakəndə satış şirkətləri və maliyyə institutlarının yüksək səviyyəli liderləri iştirak edib.
"Müzakirələr nəticəsində BMT-nin noyabrın sonunda Busanda keçirilən danışıqlarında hüquqi cəhətdən məcburi plastik çirklənməsinə dair müqavilənin razılaşdırılmasının vacibliyi, müqaviləni həyata keçirməyə hazır olduqları və 2040-cı ilə qədər plastik çirklənməyə son qoymaq üçün müqaviləyə daxil edilməli olan əsas elementləri əks etdirən bəyanat imzalanıb", məlumatda qeyd edilırr.
Energetika naziri Ed Milibend deyib ki, Britaniya iqlim liderliyi işinə qayıdır, çünki Böyük Britaniyada indiki nəsilləri qorumağın yeganə yolu Britaniyanı təmiz enerji supergücünə çevirməkdir.
“Uşaqlarımız və gələcək nəsillərimizi qorumaq üçün yeganə yol qlobal iqlim fəaliyyətinə rəhbərlik etməkdir”, o qeyd edib.
İnkişaf naziri Annelise Dodds deyib ki, iqlim dəyişikliyinin təsirlərinə davamlılığı artırmaq üçün təcili olaraq daha çox iş görülməlidir.
“İqlim böhranının getdikcə artan zərərli təsirlərinə tab gətirə biləcək qlobal iqtisadiyyat və infrastruktur qurmalıyıq. Bu, ehtiyac duyulan 387 milyard dollara çatmaq üçün özəl maliyyənin kilidini açmaq və qlobal maliyyə sistemində diqqət tələb edəcək”, nazir bildirib.
Ətraf Mühit, Qida və Kənd Məsələləri üzrə Dövlət naziri Stiv Rid deyib ki, plastik kütlələr okeanı zibilləyir və vəhşi təbiəti təhdid edir.
“Tullantıları azaltdığımız və ətraf mühitimizi təmizlədiyimiz dairəvi iqtisadiyyatı təşviq etmək üçün 2040-cı ilə qədər plastik çirklənməyə son qoymaq barədə təcili olaraq iddialı beynəlxalq razılaşmaya ehtiyacımız var”, nazir qeyd edib.
Dəyirmi masalardan sonra iştirakçılar Kral Çarlzın Bukingem Sarayında Davamlı Bazarlar Təşəbbüsü ilə birgə təşkil etdiyi ziyafətdə iştirak edib. Ziyafətdə Böyük Britaniyanın xarici işlər naziri də iştirak edib.