Zelenski niyə tələsir? – Moskvaya ən güclü hücumun gizlinləri
11-11-2024, 12:18
“Moskvaya görünməmiş dron hücumunun səbəbi Kiyevin tələsməsidir. Zelenski müharibədə dönüş etməyə çalışır. Bilir ki, 2 ay qalıb və Tramp yanvardan sonra hazırkı dəstəyi azalda bilər”.
Bu fikirləri Tribunainfo.az-a siyasi təhlilçi Ramiyə Məmmədova deyib. Onun fikrincə, Moskvaya hücum nəyisə dəyişmir, lakin Ukrayna müttəfiqlərinə öz gücünü göstərir ki, onu dəstəkləsinlər. Ekspert tezliklə atəşkəs olacağını gözləmir. Bununla belə ehtimal edir ki, Tramp gəldikdə danışıqlar prosesi başlasın: “Müharibə gedə-gedə danışıqlar mərhələsinə start veriləcəyi istisna edilmir. Amerika prezidenti Rusiyadan hansısa güzəştlər almalıdır ki, Kiyevi də razı sala bilsin. Yəni yalnız bir tərəfin xeyrinə atəşkəs ola bilməz. Axı Ukrayna uduzmur, bəli, ərazisi işğaldadır, amma böyük ölçüdə məğlubiyyət də yoxdur, ruslar da qalib gəlmirlər. Burada ağ bayraq qaldırılması mümkün deyil. Ona görə Tramp konsensus tapmalıdır. Əgər Rusiya 4 regiondan çıxsa, nəticə sayıla bilər”.
Analitik Moskvaya hücumdan sonra Rusiya ərazilərinə son günlərdə növbəti hücumların artacağını proqnozlaşdırır.
Xatırladaq ki, xüsusi hərbi əməliyyat başlayandan Rusiya paytaxtına ən böyük PUA hücumu olub.
bundan əvvəlki kütləvi dron hücumu bu ilin sentyabrın 10-da baş verib. Belə ki, həmin gün Moskva regionuna Ukrayna tərəfi 20 PUA ilə hücum edib. Ümumilikdə isə sentyabrın 10-da Rusiya ərazisində 144 PUA vurulmuşdu.
Noyabrın 10-da isə Rusiya Ukraynanın 32 pilotsuz uçuş aparatlarının Moskva regionunun səmasında vurulduğunu açıqlayıb.
Ukrayna dronları Rusiya paytaxtı istiqamətində uçarkən Moskva vilayətinin Ramenskoe, Kolomna və Domodedovo şəhərləri üzərində vurulub.