Müharibəni idarə edən “beyin mərkəzi” gedir – Yerinə məşhur polkovnik gətirilir
Dünən, 17:30
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp birlikdə işləyəcəyi şəxsləri seçməyə, vəzifə verməyə başlayıb. Tramp Florida ştatından olan konqresmen Mayk Uoltsa milli təhlükəsizlik üzrə müşavir vəzifəsini təklif edib. Bu, xüsusilə də xarici siyasət məsələlərində əhəmiyyətli postdur.
Co Bayden administrasiyasında bu vəzifəni Ceyk Sallivan daşıyır. Məhz Sallivan Bayden administrasiyasının Ukrayna müharibəsi ilə bağlı siyasətinin əsas “beyin mərkəzi” sayılır. ABŞ mətbuatı hətta onun və Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Uilyam Börnsün Kremllə gizli anlaşmalarına dair sensasiyalı məlumatlar yaymışdı.
Ekspertlər isə deyir ki, Trampın milli təhlükəsizlik üzrə müşavir vəzifəsini təklif etdiyi Mayk Uolts Sallivandan tamamilə fərqli reputasiyaya malikdir. Uoltsu Respublikaçılar partiyasının “şahinlər”, yəni döyüşkən qanadına aid edilir. O, bir müddət əvvəl mətbuata açıqlamasında Trampın Rusiya və Ukrayna nümayəndələrini danışıqlar masası arxasına gətirmək üçün dəqiq planının olduğunu bildirmişdi.
Tramp Ceyk Sallivanın yerinə Mayk Uoltsu gətirərək hansı mesajı verir? Vaşiqtonun Ukrayna siyasəti dəyişir?
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, ABŞ-da şəxslər ölkənin xarici siyasi kursuna təsir edə bilir:
“Dövlət institutları, beyin mərkəzləri qərar verməkdə mühüm rola malikdirlər. Prezident isə həmin institutların danışan simasıdır. Düzdür, ABŞ-da prezidentlərin öz mövqeyi olur, lakin daha çox qeyd etdiyim şəxslər qərar verir.
O ki qaldı Ceyk Sallivanın yerinə Mayk Uoltsun təyin edilməsinə, bunun Rusiya üçün müsbət nə isə vəd etdiyini düşünmürəm. Çünki vaxtilə Reyqan administrasiyasında da bənzər təyinat olmuşdu və bu, SSRİ-ABŞ münasibətlərində ciddi qarşıdurma yaratmışdı.
Hesab edirəm, yeni təyinatlar fonunda ABŞ Rusiya qarşısında nə geri çəkiləcək, nə də Ukraynaya yardımı dayandıracaq. Məsələ ondadır ki, Vaşinqton külli miqdarda xərc çəkib və bu xərcin qarşılığını gözləyir. Qarşılığı isə geri çəkilmə deyil.
Sülh bu gün ən çox Rusiyaya lazımdır. Rəsmi Moskva sülh istəyirsə, güzəştə getməlidir”.