Azərbaycanda süni balıq gölləri ləğv olunur

28-09-2016, 16:33           
Azərbaycanda süni balıq gölləri ləğv olunur
Bu ilin sonuna kimi Salyan, Neftçala, Saatlı və digər rayonların ərazisində yaradılan süni balıq göllərinin əksəriyyəti ləğv olunacaq. Bununla bağlı Salyan və Neftçala rayon icra hakimiyyətlərinin başçıları - Sevindik Hətəmova və İsmayıl Vəliyevə xüsusi tapşırıq verilib.

Məlumatda deyilir ki, sentyabrın 26-da keçirilmiş referendumla da Azərbaycan Konstitusiyasına torpaqlarla bağlı da bir sıra dəyişiklik olunub. Həmin dəyişkliyin tələblərinə uyğun olaraq bundan sonra Salyan, Neftçala, Saatlı, Sabirabad və digər rayonlarında da becərilməyən torpaqlar məqsədi üzrə istifadə olunacaq. Bu rayonlarda münbit torpaq sahələrində yaradılan süni balıq gölləri isə ləğv olunacaq. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinə və digər yerli qurumlara müvafiq tapşırıqlar verilib.

Digər məlumata görə, Prezident İlham Əliyev bu il sentyabrın 3-də Salyana səfəri çərçivəsində Kürsəngi kəndindəki pambıq sahələrinə baxış keçirib. Bu zaman rayon ictimaiyyəti Salyanda ayrı-ayrı məmurlara məxsus böyük balıq vətəgələrinin münbit torpaqları yararsız hala salması barədə dövlət başçısına məlumat veriblər.

Qeyd edək ki, sakinlər dəfələrlə şikayət edərək bildiriblər ki, Salyanın keçmiş icra başçıları Rasim Bəşirov və Tahir Kərimov vaxtilə pambıq və üzümçülük sahələrini, o cümlədən əhalidən dəyər-dəyməzinə alınan münbit pay torpaqlarını ayrı-ayrı imkanlı adamlara satıb və yaxud da uzun illiyinə icarəyə veriblər:

“Münbit torpaqları alan şəxslər isə bu ərazilərdə böyük balıq gölləri yaradaraq, torpağı əkinə yararsız hala gətiriblər. Təsadüfi deyil ki, bu gün Salyanın Kürsəngi, Xıdırlı, Varlı, Uluxanlı, Qarabağlı, Xalac, Kərimbəyli, Qaraçala və digər inzibati ərazilərində SSRİ dövründə “ağ qızılı” ilə tanınan və 1990-cı illərə qədər becərilən pambıq sahələrindən heç bir əlamət qalmayıb. İndi bu ərazilərin bir hissəsində də fərdi yaşayış evləri inşa edilib, digər hissələrində isə ayrı-ayrı məmurlara məxsus süni balıq gölləri yaradılıb, otlaq sahələri və istixanalar salınıb”. (Olke.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.