Rusiya Federasiya Şurası Paşinyanın Ermənistanın KTMT-yə qayıtmaması ilə bağlı bəyanatına cavab verib
5-12-2024, 17:14
Ermənistanın təhlükəsizliyini yalnız KTMT təmin edə bilər. Gec-tez Rusiya, Ermənistan və digər KTMT ölkələri arasında mövcud olan fikir ayrılıqları öz həllini tapacaq.
Bunu “NEWS.ru”ya açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Ermənistanın Baş naziri Nikol Paşinyanın münasibətlərdə geri dönüşü olmayan nöqtəyə çatması ilə bağlı bəyanatını şərh edərkən deyib.
“Prezidentimizin irəli sürdüyü mövqeyə sadiq qalıram. Ümid edirik ki, gec-tez Ermənistanın Rusiya və digər KTMT üzvləri ilə olan bu fikir ayrılıqları keçəcək. Sadəcə xarici təhdid zamanı Ermənistanın təhlükəsizliyini kimin təmin edəcəyi naməlum olaraq qalacaq”, - Cabarov fikrini izah edib.
O, bildirib ki, amerikalılar çətin ki, Ermənistan üçün Rusiyanı və digər KTMT ölkələsini əvəz edə bilsinlər. Senator Moskva əvəzinə Vaşinqtonla münasibətlər qurmağa çalışan Ukraynanı misal çəkib.
“Rusiyanı və ya digər KTMT ölkələrini kim əvəz edəcək, amerikalılar? Biz onların Ukraynada ölkəni necə dağıtdığını görürük. Yoxsa özləri Afrikadan qaçan fransızlar? Düzü, düşünürəm ki, bütün bunlar keçib gedəcək. Rusiya yaxın gələcəkdə Ermənistan xalqının yeganə həqiqi dostu olaraq qalacaq”, - Cabarov söyləyib.
Xatırladaq ki, daha əvvəl Paşinyan İrəvanla KTMT arasında münasibətlərin geri dönüşü olmayan həddə çatdığını bildirib.