Prezident Bayden xarici siyasətdəki nailiyyətlər haqda danışdı
Dünən, 16:38
Prezident Co Bayden bazar ertəsi Dövlət Departamentində söylədiyi nitqdə öz admninistrasiyasının xarici siyasətdə əldə etdiyi nailiyyətlər haqda danışıb.
Hakimiyyətinin son həftəsinə daxil olan Bayden ölkə daxilində təhlükəsizliyin təmin edilməsinə və ABŞ-ın müttəfiqlərlə qurduğu münasibətlərə diqqət çəkib.
O, dörd il əvvəllə müqayisədə Birləşmiş Ştatların beynəlxalq arenada daha güclü mövqedə olduğunu söyləyib.
“Qarşıdan gələn aylarda və illərdə yeni sınaqlar mütləq meydana çıxacaq, ancaq hətta bununla belə aydındır ki, mənim administrasiyam növbəti administrasiyaya çox güclü mövqe qoyub gedir və biz onlara daha çox dostu, güclü müttəfiq əlaqələri olan Amerika qoyub gedirik,” Bayden deyib.
ABŞ lideri Rusiyanın Ukraynada təcavüzünə qarşı Qərb müttəfiqlərinin səylərini səfərbər edə bilməsinə diqqət cəlb edib və Rusiya prezidenti Vladimir Putinin həmin ölkəni ram etmək cəhdinin iflasa uğradığını qeyd edib.
“Putin hücum edəndə, sanırdı ki, Kyivi bir neçə günə zəbt edəcək. Həqiqət budur ki, müharibə başlanandan bəri Kyivin mərkəzində dayanan mən olmuşam, o yox.”
2023-cü ildə Ukrayna paytaxtına məxfi səfər edən Bayden ABŞ qüvvələrinin nəzarətində olmayan müharibə zonasına səfər edən ilk ABŞ prezidenti olub.
Prezident Bayden israr edib ki, Çin "heç zaman" Birləşmiş Ştatları ötməyəcək və Amerika dünyanın dominant qüdrəti olmaqda davam edəcək.
"Son proqnozlara əsasən, indiki xətlə gedən Çin heç zaman bizi ötməyəcək," o deyib.
Bayden əlavə edib ki, onun prezidentliyi dönəmində Vaşinqton Pekinlə mürəkkəb münasibətləri tənzimləməyə və münaqişədən yayınmağa nail olub.
Qəzzadakı duruma toxunan ABŞ lideri atəşkəs və girovların qaytarılmasına nail olmaq üçün intensiv səylərin aparıldığını qeyd edib.
ABŞ Prezidenti qoşunların Əfqanıstandan çıxarılmasına gəldikdə deyib:
"Müharibəni bitirmək düzgün qərar idi. Və mən inanıram ki, tarix bunu əks etdirəcək."
82 yaşlı prezident Donald Tramp administrasiyasını yaşıl enerji siyasətini davam etdirməyə çağırıb və iqlim dəyişikliyini inkar edənlərin yanıldığını bildirib.
Çərşənbə günü Prezident Baydenin Oval Ofisdən xalqa vida müraciəti ilə çıxış edəcəyi gözlənilir.