İsrail atəşkəsin ilk mərhələsində Rəfah keçidinə nəzarət edəcəyini bildirir

Bu gün, 12:34           
İsrail atəşkəsin ilk mərhələsində Rəfah keçidinə nəzarət edəcəyini bildirir
İsrail Baş naziri Benyamin Netanyahunun ofisi çərşənbə günü bildirib ki, İsrail HƏMAS-la olan atəşkəs razılığının ilk mərhələsi boyunca Qəzza zolağı ilə Misir arasındakı Rəfah sərhəd keçid məntəqəsinə nəzarəti davam etdirəcək.

Ofisdən verilən açıqlamada Rəfah sərhəd keçid məntəqəsinə İordan çayının qərb sahilini idarə edən Fələstin Milli İdarəsinin nəzarət edəcəyinə dair xəbərlər təkzib edilib.

Avropa İttifaqı müşahidəçiləri keçidə nəzarət edəcək, İsrail qoşunları isə ərazinin ətrafında olacaq və İsrail keçiddən insan və malların keçidinə icazə verməkdən məsul olacaq.

İsrail Qəzzada HƏMAS militant qrupunu ləğv etmək məqsədilə apardığı hücumun bir hissəsi olaraq 2024-cü ilin mayından bəri əraziyə nəzarət edir.

İsrail rəsmisi istefa verir

İsrail ordusunun başçısı Herzi Halevi çərşənbə günü martın 6-da istefaya gedəcəyini açıqlayıb. O. 2023-cü il oktyabrın 7-də Qəzzadan olan HƏMAS militantlarının İsrailə terror hücumu edərək, 1200 nəfəri öldürüb və 250 nəfəri girov götürdükləri zaman təhlükəsizliklə bağlı böyük xətalara görə məsuliyyəti öz üzərinə götürüb.

Halevi İsrailin müdafiə nazirinə yazdığı məktubda İsrail Müdafiə Qüvvələrinin 15 aydır davam edən döyüşlərə səbəb olan gözlənilməz hücumla bağlı araşdırmalarını tamamlayacağını və İsrail Müdafiə Qüvvələrinin gələcək təhlükəsizlik çağırışlarına hazırlığını gücləndirməyə kömək edəcəyini bildirib.

"Mən İsrail Silahlı Qüvvələrinin komandanlığını yüksək keyfiyyətli və hərtərəfli bir şəkildə xələfimə ötürəcəyəm," İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Halevi yazıb.

Altı həftəlik atəşkəs artıq qüvvəy minib, lakin Halevi deyib ki, “müharibənin bütün məqsədlərinə nail olunmayıb. Ordu HƏMAS-ı və onun idarəetmə imkanlarını daha da sıradan çıxarmaq, girovların geri qaytarılmasını təmin etmək” və militantların hücumları nəticəsində evlərindən didərgin düşən israillilər evlərinə qayıtmasını təmin etmək üçün “mübarizəni davam etdirəcək."

Hücumdan bəri Netanyahu hücuma görə cavabdehliklə bağlı suallara cavab verməkdən imtina edərək, belə bir araşdırmanın aparılması üçün müharibənin bitməli olduğunu söyləyib.

İsrailin Qəzzadakı apardığı əks-hücumu nəticəsində, Qəzzadakı səhiyyə nazirliyinin bildirdiyinə görə, əksəriyyəti qadın və uşaq olmaqla 47 000-dən çox insan həlak olub. Ancaq İsrail heç bir sübut təqdim etmədən, 17 000 militantı öldürdüyünü bəyan edir.

ABŞ tərəfindən terror qruplaşması kimi tanınan HƏMAS, İsraillə atəşkəs artıq üç gündür davam etdiyi və BMT-nin humanitar agentliklərinin fələstinli mülki şəxslərə yardım üçün Qəzzaya yardım çatdırdığı bir vaxtda, şənbə günü girovların daha bir qrupunu azad edəcəyini bildirib.

HƏMAS rəsmisi çərşənbə axşamı France-Presse agentliyinə bildirib ki, İsrail tərəfindən saxlanılan bir sıra fələstinli məhbusların müqabilində azad ediləcək növbəti girovlar dörd israilli qadın olacaq.

On beş aydır davam edən müharibə Qəzza zolağını viran qoyub, çox sayda ev dağılıb, yüz minlərlə fələstinli evlərindən didərgin düşüb.

Atəşkəs çərçivəsində indiyədək Qəzzada saxlanılan üç girov geri qaytarılıb və İsrailin saxladığı 90 fələstinli məhbus azad edilib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi çərşənbə axşamı Qəzzaya 900-ə yaxın yardım maşınının daxil olduğunu bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.