Vəkil məhkəmənin həbsdə olan jurnalist Hafiz Babalının iddiasına baxılmasını yubatdığını bildirir

Bu gün, 17:14           
Vəkil məhkəmənin həbsdə olan jurnalist Hafiz Babalının iddiasına baxılmasını yubatdığını bildirir
Turan İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az internet nəşrinə qarşı iddiasının baxılması yubadılır. Jurnalist “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.

Xatırladaq ki, iddia 28 dekabr 2023-cü ildə Qafqazinfo.az saytında dərc edilmiş "Hafiz Babalının işi üzrə yeni detallar" adlı yazı ilə əlaqədar qaldırılıb.

İddiada bildirilir ki, yazıda jurnalistin şərəfinə, ləyaqətinə və işgüzar reputasiyasına xələl gətirən "böhtan və təhqiredici" məlumatlar yer alıb.

Məqalədə bildirilib ki, "Babalı qrant layihələrilə əlaqədar xarici təşkilatlar və fondlar ilə əlaqə quraraq onların tapşırığı ilə araşdırmalar aparıb və məqalələr hazırlayıb".

Babalı bu fikirləri qəbul etmir, bildirir ki, araşdırmalar onun jurnalist fəaliyyətinin bir hissəsi olub. Bundan əlavə, heç kim və heç zaman araşdırmaları və dərc olunan məqalələrilə bağlı irad irəli sürməyib, bu materiallardakı məlumatlar isə heç bir inzibati orqan tərəfindən təkzib edilməyib və məhkəmədə mübahisələndirilməyib.

Babalı "Hafiz Babalının iştirak etdiyi layihələrə Avropadakı azərbaycanlı siyasi mühacirlərin cəlb edilməsi" barədə fikirləri də qəbul etmir.

Jurnalist məhkəmədən xahiş edib ki, nəşrin böhtan xarakterli iddiaları təkzib etməsi, ondan üzr istəməsi, 9900 manat məbləğində kompensasiya ödəməsi və redaksiyanın 119 manat məbləğində məhkəmə xərclərini ödəməsi barədə qərar qəbul etsin.

Babalı iddianı hələ ötən ilin yazında qaldırıb. Məhkəmə iclasları dəfələrlə təxirə salınıb. Oktyabrın əvvəlində məhkəmə mətni məhkəmə-linqvistik ekspertizaya göndərməyə qərar verib.

Babalının vəkili Rəsul Cəfərov deyib ki, mülki prosessual qanunvericiliyə əsasən ekspertiza aparılmalıdır və onun nəticələri bir ay ərzində məhkəməyə təqdim edilməlidir. Və ya göstərilən müddətdə ekspertizadan imtina edilməlidir.

“Babalı ilə bağlı vəziyyətdə bunların heç biri yoxdur. Müstəsna hallarda ekspertiza ekspertlərin işləməsi üçün daha çox vaxt verilməsi ilə bağlı məhkəmə qarşısında vəsatət qaldıra bilər. Ancaq indiki halda bu da yoxdur”, o qeyd edib.

Ötən həftə Cəfərov məhkəməyə müraciət edib ki, ya ekspertiza rəyinin alınmasını təmin etsin ya da məhkəmə icraatını yeniləsin və işə ekspertiza olmadan baxılması davam etdirilsin, amma buna da reaksiya yoxdur.

Babalı məhkəmənin fəaliyyətsizliyindən Məhkəmə-Hüquq Şurasına şikayət etmək niyyətindədir.

Hafiz Babalı 2023-cü ilin dekabrında "xarici valyuta qaçaqmalçılığında" və digər iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilib. Hüquq müdafiəçiləri Hafiz Babalını siyasi məhbus kimi tanıyır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.